“AŞ PA –da rüşvət verməyə çox səy göstərirlər” – Müsahibə

as-pa-da-rusvet-vermeye-cox-sey-gosterirler-musahibe
Oxunma sayı: 717

Əvvəli burada


- Azərbaycana səfərə hazırlaşırsınız. Yenə mandata uyğun viza verilməsə, nə baş verəcək?

- AŞ PA-nın insan hüquqları komitəsinin katibliyilə birlikdə noyabrın 4-ü üçün kompromis çərçivəsində Azərbaycana səfərə hazırlaşırıq. Buna görə də siyasi məhbuslar və onların vəziyyətilə bağlı Azərbaycandakı QHT-lərdən məlumatlar almağa çalışırıq. Bu səfər zamanı Azərbaycan hakimiyyətinin nümayəndələrilə görüşlər planlaşdırılır. Bir neçə gündən sonra mən Azərbaycana getməyə hazırlaşıram və buna hazıram. Əgər mənə viza verməsələr və Azərbaycana gedə bilməsəm, noyabrın 16-da Parisdə AŞ PA-nın Insan Hüquqları Komissiyasının növbəti toplantısı keçiriləcək. Orada məhz mənim mandatımla bağlı dinləmələr olacaq. Parisdə bizə Azərbaycan QHT-ləri tərəfindən verilən siyasi məhbus siyahılarıyla əlaqədar müzakirələr aparılacaq. Bundan sonra biz məsələni ciddi şəkildə dinləmələrin üzərində quracağıq. Hazırlanan məruzə isə Azərbaycan tərəfi üçün elə də müsbət olmayacaq. Çünki bəlkə də mən Azərbaycana getsəydim, başqa nüanslar görərdim və bu nüanslar imkan verərdi ki, məruzənin tonu bir az dəyişsin. Əgər bu dəfə də mənə Azərbaycana getməyə imkan verməsələr, bu, onlar üçün yaxşı olmayacaq.
REDAKSIYA QEYDI: Dünən məlum oldu ki, Kristofer Ştrasserə mandatı çərçivəsində Azərbaycana gəlmək üçün viza verilməyib.

Bundestaqdan e-mail oğurluğu!

- Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi kimi işinizə viza problemindən başqa hansısa maneələr yaradılırmı?

- Təəssüf ki, mənim işimi çətinləşdirmək üçün başqa addımlar da atılır. Bu da Azərbaycan hakimiyyətinin və ona yaxın qüvvələrin Qərbi Avropada lobbi işini həyata keçirməsidir. Mən sizə iki misal çəkə bilərəm. Bu ilin mart-aprel aylarındakı aksiyalardan sonra Azərbaycanda həbslər başladı. Bu həbslərdən sonra Almaniya Bundestaqının daxili -email paylama sistemində deputatlar tərəfindən hazırlanan bir qətnamə mətni yayıldı. Imzalamaq üçün hazırlanan qətnamədə qeyd olunurdu ki, bu həbslər barədə rəy bildirilsin. Qətnamə Bundestaqın daxili paylama sistemində yayıldı, yəni, deputatlardan başqa kənardan kimsə daxil olub bunu oxuya bilməzdi. Mənə də müraciət etdilər. Dedim ki, həmkarlarıma bu barədə deyəcəm, bəyanatı dəstəkləyirəm. Amma Azərbaycan hökuməti məni tərəf tutmaqda ittiham etməsin deyə, həmin sənədi imzalamayacağam. Iki həftə sonra çox maraqlı bir hadisə baş verdi. AŞ PA-nın Insan Hüquqları Komissiyasının növbəti iclasında qətnamənin mətni Azərbaycan nümayəndə heyəti tərəfindən mənə təqdim olundu. Maraqlıdır ki, təqdim olunan məktubun surəti yox, orijinalı idi.
Bugünlərdə daha bir maraqlı hadisə baş verib. Mənim təşəbbüsüm olmadan həmkarlarım Azərbaycana getməyimlə əlaqədar ərizənin dəstəklənməsi haqqında Bundestaqın qətnamə qəbul etməsi təklifilə çıxış ediblər. Həmin deputatlar insan haqları komissiyasının üzvləridir. Bu da yenə daxili bir sənəddir. Buna kənar müdaxilə ola bilməz. Çox maraqlıdır, bir həftə sonra Berlindəki Azərbaycan səfiri məktub göndərib ki, bizdə məlumat var, qətnamə hazırlanır, xahiş edirik, belə bir işlə məşğul olmayasınız, çünki Azərbaycanda siyasi məhbus yoxdur.

- Bəs sizin cavabınız nədir?

- Mən qısa bir sitat demək istərdim. Bu, AŞ PA Insan Haqları Komissiyasının sədri cənab Tomas Hammerberqin sözləridir. O, 2010-cu ilin sentyabrında Azərbaycanda insan haqlarının vəziyyətilə bağlı bir hesabat hazırlamışdı. Sentyabrın sonunda da vəziyyətlə bağlı çıxış etmişdi. Mən həmin çıxışda deyilmiş bir məqamı nəzərinizə çatdırmaq istəyirəm. Orada qeyd olunur ki, Azərbaycanda jurnalistlərin təqib olunması halları davam edir. Saxta ittihamlarla həbslər dayanmır. Cənab Tomas Hammerberq tələb edir ki, jurnalistlərin, ictimai fəalların, müxalifət nümayəndələrinin və siyasilərin saxta ittihamlarla həbsə atılması dayandırılsın və onlar təcili olaraq azad edilsin. Çünki bu cür həbslər demokratik dəyərlərə və insan haqlarına ziddir. Mən də indi Tomas Hammerberqin bu bəyanatına qoşuluram. Istərdim ki, yaxın zamanlarda Azərbaycanda siyasi məhbuslar haqqında məruzə hazırlamağa ehtiyac olmasın. Amma təəssüf ki, indi belə bir ehtiyac var və belə bir məruzə hazırlanacaq.

Çavuşoğlunun zamanı...

- AŞ PA prezidenti Mövlud Çavuşoğlunun davamlı olaraq Azərbaycan hakimiyyətini tərifləməsi barədə nə düşünürsüz?

- Artıq bu məsələ öz həllini tapmaqdadır. Bilirsiniz ki, yanvardan etibarən AŞ PA-nın yeni fransalı həmsədri olacaq. Mən bilirəm ki, onun təyin edilməsi mənim işimi də asanlaşdıracaq. Amma mən bilmirəm ki, Çavuşoğlu öz boş vaxtlarında nə edəcək. Biz son illər ona çoxlu məktublar yazaraq bizə dəstək verməsini xahiş etmişik. Amma o, bizə elə də yardım etmədi.

- Azərbaycan tərəfinin rüşvətlə avropalı deputatlardan bəzilərini öz xeyrinə lobbi işinə cəlb etdiyinə dair iddialar barədə Siz nə deyə bilərsiniz?

- Bu barədə söhbət düşmüşkən, Azərbaycanın lobbi işinə də toxunmaq istəyirəm. Bilirəm, bu ağır bir problemdir. Lakin mən korrupsiya və lobbi anlayışları arasında bir fərq qoymaq istəyirəm. Mənə elə gəlir ki, düzgün aparılan lobbi işi demokratiyanın inkişafı baxımından uğurludur. Xüsusilə onu nəzərinizə çatdırım ki, Bundenstaqın özündə də 4 minə yaxın lobbi təşkilatı rəsmi olaraq qeydiyyatdan keçib. Ancaq biz bilirik ki, təkcə Azərbaycanla bağlı yox, ümumiyyətlə, bütün dünyada lobbi işilə korrupsiya arasındakı sərhəd çox nazikdir. Korrupsiya özündə verən və alan tərəfi birləşdirir və bu qaydaları daha çox siyasi xadimlərə şamil etmək olar. Özümlə bağlı deyə bilərəm ki, Azərbaycan tərəfi heç vaxt mənə rüşvət təklif etməyib. Bir neçə gün əvvəl AŞ PA-nın Insan Hüquqları Komissiyasının məndən başqa bütün üzvlərinə belə bir dəvət gəlib ki, Bakıda Xəzərin sahilində 3 günlük bir tədbir keçirilsin. Bu tədbir mətbuat azadlığıyla bağlıdır. Tədbirlə bağlı qonaqların gəliş-gediş, qalmaq, bir sözlə, bütün xərclərini Azərbaycan tərəfi öz üzərinə götürüb. Təklifi alanlar onu qəbul ediblər. Ancaq onu da bilirəm ki, Avropa Insan Hüquqları Komissiyasının bir üzvü - Isveçrədən olan Dik Martin deyib ki, bu tip lobbi fəaliyyəti korrupsiya ilə sıx bağlıdır. Ona görə də özünə hörmət edən siyasi xadimlər belə təklifləri rədd etməlidirlər.

Avropalılara rüşvət vermək cəhdləri

- Bəzi avropalı deputatların sonradan Azərbaycan hakimiyyətinə lobbiçilik edən təşkilatlara rəhbərlik etməsinə və ya dəstək verməsinə münasibətinizi bilmək istərdik...

- Avropanın müxtəlif ölkələrində olduğu kimi, Berlində də belə bir təşkilat var. Mən o təşkilatın rəhbərini tanıyıram. Təəssüf ki, bu adam bizim keçmiş həmkarlarımızdan biridir. Bilirəm ki, Azərbayacana lobbiçilik edənlər AŞ PA Insan Hüquqları Komissiyasında çalışanlara və digər şəxslərə rüşvət verməyə çox səy göstərirlər. Müxtəlif metodlarla çalışırlar ki, siyasi məhbuslarla bağlı yanlış təsəvvür yaratsınlar. Məsələn, Azərbaycan nümayəndə heyəti tərəfindən AŞ PA Insan Hüquqları Komissiyasına bir qanun layihəsi vermişdilər. Bu layihə elə bir formada hazırlanmışdı ki, Avropa Şurasının rəsmi sənədlərinin dizaynına oxşayırdı. Bu isə insanlarda yanlış təsəvvür yaratmağa yönəlmiş bir addımdır. Belə hallar xoşagələn deyil.

- Avropa Birliyinin daha çox enerji maraqlarına üstünlük verdiyi üçün Azərbaycana sanksiyaların tətbiq olunmadığı barədə deyilənlər, sizcə, realdırmı?

- Avropa Şurası ilə Avropa Birliyi arasında Azərbaycanda baş verənlərlə bağlı əməkdaşlıq mövcuddur. Burada bəzi mürəkkəb məqamlar var. Qısaca onu demək olar ki, Avropa Şurasına üzv olan bəzi dövlətlərin enerji maraqları var. Onlar üçün bəzən enerji maraqları ön plana çıxır. Təbii ki, bu da Avropa Şurasının əsas fəaliyyət sahəsinə - demokratiya və insan hüquqlarıyla bağlı vəziyyətə ziyan verir. Əslində, Avropa Birliyi də demokratiya və insan haqları sahəsilə məşğul olmalıdır. Təəssüflər ki, onlar üçün bəzən başqa maraqlar daha çox üstünlük təşkil edir. Amma onu da deyim ki, mənim mandatımı təmin edənlər də Avropa Birliyinə üzv olan dövlətlərin nümayəndələridir. Bu il keçirilən aksiyalarda həbs edilənlərlə bağlı Avropa Birliyinin nümayəndəsi tərəfindən verilən son bəyanat göstərir ki, bu qurum həmişə seyrçi mövqedə qalmır. Bu yaxınlarda Avropa Birliyinin özü də Avropa Konvensiyasına daxil olacaq ki, bu da bu qurumun yeni keyfiyyətdə meydana çıxmasına imkan yaradacaq. Bunlar da bizim fəaliyyətimizi daha da gücləndirəcək.