Baş Prokurorluq və DİN-dən İsmayıllı ilə bağlı növbəti - Açıqlama

bas-prokurorluq-ve-din-den-ismayilli-ile-bagli-novbeti-aciqlama
Oxunma sayı: 654

Respublika baş Prokurorluğu və Daxili İşlər Nazirliyi İsmayıllıda baş verənlərlə bağlı birgə bəyanat yayıblar. “Qafqazinfo”ya daxil olan bəyanatda qeyd olunur ki, törətdikləri hüquqa zidd əməllərə görə Emil Şəmdinov və Elməddin Məmmədov cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Fakt üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanmış, həmçinin prokurorluq və polis orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

İctimai qaydanın pozulmasına səbəb olan hərəkətlərdə, özgə əmlakının qəsdən məhv edilib zədələnməsində, hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq edilməsində, yanğın və dağıntıların törədilməsində fəallıq göstərmiş rayon sakinləri Vasif İbrahimov, Şükran Mühübəliyev, Şakir Mustafayev, Ceyhun Abbasov, Cəfər Cəfərov və əvvəllər məhkum olunmuş Elşən Qurbanov, eyni zamanda, yandırılan “Çıraq” otelindən iki televizor, bir divan və bir kreslonu soyğunçuluq yolu ilə açıq taladıqlarına görə Səxavət Səmədov və Xəyal Şaranov Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İctimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərdə iştirak etmiş daha 52 nəfər saxlanılmış və məhkəmə tərəfindən onlardan 23-nə inzibati həbs, 15-nə inzibati cərimə növündə tənbeh tədbirləri tətbiq edilmiş, 14 nəfər isə xəbərdarlıq edildikdən sonra buraxılıb.

Tutulmuş və həbsə alınmış şəxslərə hüquq və vəzifələri izah edilmiş, eləcə də hər biri saxlanıldığı andan müdafiəçi ilə təmin olunub.

Son günlər ayrı-ayrı kütləvi informasiya vasitələrində xuliqanlıq zəminində baş vermiş məlum hadisələrin əsl mahiyyəti təhrif edilərək məqsdəyönlü surətdə qeyri-obyektiv və qərəzli informasiyalar yayılır. Bunlardan biri də ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verdiyinə görə inzibati qaydada cərimələnərək sərbəst buraxılmış və hazırda qeydiyyatda olduğu ünvanda yaşayan rayon sakini Ramil Cavadovun guya yanvarın 24-dən etibarən yoxa çıxmasıdır.

Hadisələr zamanı çoxsaylı insanların xəsarət almaları barədə dərc edilən informasiyaları da birmənalı təkzib edərək bildiririk ki, aldıqları xəsarətlərlə bağlı rayon xəstəxanasına ümumilikdə 4 nəfər müraciət edibvə onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Aparılmış araşdırmalarla o da müəyyən edilmişdir ki, Müsavat partiyası sədrinin müavini Tofiq Yaqublu və Real Hərəkatının həmsədri İlqar Məmmədov yanvarın 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar etmişlər. Onların ölkədə vəziyyətin gərginləşdirilməsinə hesablanmış bu qanunazidd əməlləri istintaq yolu ilə tam və hərtərəfli araşdırılaraq hüquqi qiymətini alacaqdır.

Hadisə nəticəsində dövlətə və vətəndaşlara vurulmuş ziyanın həcmi, polis əməkdaşlarına yetirilmiş bədən xəsarətlərinin ağırlıq dərəcəsi və sair xüsusatların müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilmişdir.

Hazırda ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərin təşkilatçıları və digər iştirakçılarının müəyyənləşdirilib məsuliyyətə cəlb olunması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Respublikada ictimai asayişin, sabitliyin pozulmasına, vətəndaşların təhlükəsizliyinə yönəlmiş bütün qanunazidd hərəkətlərin qarşısı qanunla müəyyən edilmiş qaydada bundan sonra da qətiyyətlə alınacaqdır.