Baş Prokurorluq və DİN Sumqayıtdakı qətllə bağlı məlumat yaydı

bas-prokurorluq-ve-din-sumqayitdaki-qetlle-bagli-melumat-yaydi
Oxunma sayı: 2641

Prokurorluq və daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhərində törədilmiş ağır cinayətin üstü açılıb və onu törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib.

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin “Qafqazinfo”ya daxil olan birgə məlumatında bildirilir ki, bu il noyabrın 9-da Həsənova Nuridə Bəhram qızının üzərində bıçaqla yetirilməyə xarakterik deşilmiş-kəsilmiş xəsarətləri olan meyitinin yaşadığı Sumqayıt şəhəri, 7-8-12 məhəllə, ev 78A, mənzil 19-da aşkar olunması barədə daxil olmuş məlumat əsasında Şəhər Prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

Şəhər Prokurorluğu və Polis İdarəsi əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Sumqayıt şəhər sakini Nəsibli Firuz Şadət oğlu tərəfindən aralarında yaranmış şəxsi münasibətlər zəminində törədilməsində əsaslı şübhələr olduğundan sonuncu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.