Baş Prokurorluqdan Leyla Yunus açıqlaması

bas-prokurorluqdan-leyla-yunus-aciqlamasi
Oxunma sayı: 918


“Qafqazinfo”nun xəbərinə görə, qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, Leyla Yunus xəbərdarlıqlardan nəticə çıxarmır: “Leyla Yunusova və əri Arif Yunusov növbəti dəfə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin icraatında olan konkret cinayət işi üzrə şahid qismində dindirilmələri üçün cari il iyulun 7-də istintaqa dəvət olunsalar da, üzrlü səbəblər olmadan istintaqa gəlməkdən qəsdən boyun qaçırıblar”.

E.Sultanov L.Yunusun istintaqın qarşısında şərt qoymasını qəbuledilməz adlandırıb: “Bir daha bildiririk ki, Leyla Yunusovanın istintaq qarşısında hər hansı şərt qoyması qəbuledilməzdir və Cinayət-Prosessual Məcəllənin 95-ci maddəsinə əsasən şahidin cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə istintaqa gəlmək və dindirmələrdə ona məlum olan bütün hallar üzrə suallara tam və düzgün cavab vermək kimi vəzifələrinin olmasına baxmayaraq, o, növbəti dəfə bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə ifadə verməyəcəyini nümayişkaranə şəkildə bildirməklə qanunvericiliklə müəyyənləşdirilmiş vəzifələri yerinə yetirməkdən qəsdən yayınıb”.

L.Yunusun istintaqa gəlməyəcəyi təqdirdə barəsində hansı qərarın qəbul edilə biləcəyi sualına gəldikdə, E.Sultanov hüquq müdafiəçisini ölkə qanunlarına hörmət etməyə çağırıb: “Leyla Yunusova Azərbaycan Respublikasının vətəndaşıdır və digər vətəndaşlar kimi, o da öz növbəsində qanunların tələblərinə riayət etməklə onlara hörmətlə yanaşmalıdır. Əks təqdirdə, barəsində cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək”.