Baş Prokurorluqdan MTN polkovniki ilə bağlı açıqlama

bas-prokurorluqdan-mtn-polkovniki-ile-bagli-aciqlama
Oxunma sayı: 2622

Baş Prokurorluq bəzi kütləvi informasiya vasitələrində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi Vüsal Ələkbərovun cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən guya vaxtından əvvəl azadlığa buraxılması və ya məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə məlumatı təkzib edib.

Qurumdan “Qafqazinfo”ya daxil olan açıqlamada qeyd edilir ki, rüşvət alma, hədə-qorxu ilə tələb etmə və sair faktlarla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı tamamlanmış cinayət işi üzrə məhkəmə tərəfindən azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Vüsal Ələkbərov hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müvafiq cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə cəzasını çəkir.

Kütləvi informasiya vasitələrinə bir daha xəbərdarlıq edilməklə, bu kimi halların təkrarlanmaması və həqiqətə uyğun olmayan məlumatların gələcəkdə yayılmaması məqsədilə məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünün hüquq mühafizə orqanlarının, o cümlədən Baş Prokurorluğun Mətbuat xidmətləri ilə dəqiqləşdirmələri xahiş olunur.