“Başak-İnam” 30 tələbə seçdi

basak-inam-30-telebe-secdi-
Oxunma sayı: 639

Sığorta şirkətindən “Qafqazinfo”ya verilən məlumata görə, layihə çərçivəsində seçilmiş 30 tələbə “Başak-İnam Sığorta Şirkəti” ASC-nin təmənnasız olaraq təşkil etdiyi “Ümumi Sığortaçılıq” təlimlərinə qatılacaq. Təlimlər həftədə 2 dəfə olmaqla 6 həftə davam edəcək, sonda imtahan qəbul ediləcək. Layihənin məqsədinə uyğun olaraq imtahanı müvəffəqiyyətlə başa vurmuş tələbələr “Başak-İnam Sığorta Şirkəti” ASC tərəfindən sertifikatla təmin olunacaq, xatirə hədiyyələri əldə edəcək və şirkətdə 3 aylıq təcrübə keçəcəklər.
Xatırladaq ki, layihənin birinci mərhələsi bu ilin aprel-may aylarında həyata keçirilib, bu mərhələdə müxtəlif universitetlərdən 12 tələbə təlimlərə qatılıb, sonda verdikləri imtahanın nəticələrinə görə sertifikatla təmin olunublar. “Başak-İnam Sığorta Şirkəti” ASC imtahanı uğurla keçmiş tələbələrin şirkətdə təcrübə keçməsi üçün müvafiq şərait yaradıb.

“Başak-İnam Sığorta Şirkəti” ASC 9 avqust 1996-cı ildə Türkiyə tərəfdən Başak Sığorta AŞ və Azərbaycan tərəfdən 1994-cü ildə "Turanbank" ASC, "Aqrar-Kredit" SKT və fiziki şəxslərin təsis etdiyi “İNAM” təkrarsığorta şirkətinin ortaqlığı ilə “Başak-İnam Sığorta Şirkəti” Azərbaycan-Türkiyə Sığorta və Təkrarsığorta QSC adı altında təsis edilib. Sonradan bu ortaqlığa “AzərTürkBank” ASC-də qoşulub. 2006-ci ildən isə 111 il öncə Fransada yaradılmış, hal-hazırda dünyanın 15 ölkəsində fəaliyyət göstərən, A+: Standard & Poor’s reytinqli GROUPAMA SA Başak Sığorta AŞ-ni almaqla şirkətin ortaqları siyahısına qatılıb. 2008–ci ildə qəbul edilmiş “Sığorta fəaliyyəti haqqında” qanuna əsasən 23.01.2009-cu il tarixdən şirkət öz təşkilati- hüquqi formasını QSC-dən ASC-yə dəyişib. Hal-hazırda “Başak-İnam Sığorta Şirkəti” ASC-nin ödənilmiş nizamnamə kapitalı 3 500 000 manat təşkil edir. Şirkət dördü icbari olmaqla 29 sığorta növü üzrə xidmət göstərir. Türk Standartları İnstitutu “Başak-İnam Sığorta Şirkəti” ASC-nin Keyfiyyət İdarəetmə Sisteminin auditini həyata keçirib və tam standartlara uyğun olduğunu nəzərə alaraq TS-EN-ISO 9001:2008 sertifikatına layiq görüb.

Nigar Məmmədli