Asim Mollazadə Əmək Məcəlləsinə dəyişikliyin əleyhinə çıxdı

asim-mollazade-emek-mecellesine-deyisikliyin-eleyhine-cixdi
Oxunma sayı: 708

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsinin əleyhinə səs verməsini bununla əlaqələndirib. Milli Məclisin bugünkü iclasında təhsil islahatları probleminə toxunan millət vəkili, qeyd edib ki, sovet təhsil sisteminin yetirmələri olan, artıq 65 yaşa çatmış insanların pensiyaya getməsi, onların yeni dövrün tələblərinə cavab verən gənc kadrlarla əvəzlənməsi vacibdir: “Prezidentin gənclərlə görüşündə səsləndirdiyi fikirlər ölkədə gənclərin önünün açılacağına, onların potensialına qiymət veriləcəyinə böyük ümidlər yaratmışdı. Azərbaycanda təhsilin gələcəyi bu sahədə aparılacaq islahatlardan və yeni ideyalara malik gənclərdən asılıdır. Təhsil sahəsinə yeni kadrların cəlb olunmasına da islahatların vacib elementlərindən biri kimi baxılmalıdır” - deyən millət vəkili təhsilə dair qanunvericilik bazasının möhkəmləndirilməməsinə də diqqət çəkib: “Biz Təhsil haqqında çərçivə qanununu qəbul edəndə, həmçinin Ali təhsil, Orta təhsil, Peşə təhsili, Elm haqqında qanunların da qəbulunu zəruri saymışdıq. Qeyd etmişdik ki, təhsildə sistemli islahatları həyata keçirmək üçün mütləq işlək qanunlar qəbul olunmalıdır. Təəssüf ki, Milli Məclis hələ də bu istiqamətdə heç bir addım atmayıb”.

O bildirib ki, elm, təhsil sahəsində çalışanların əməyə görə təqaüdlərinin artırılmasını dəstəkləsə də, deputat həmkarlarını Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsində əks olunmuş təhsil işçilərinin pensiya yaşı ilə bağlı məsələyə səs verməməyə çağırır.