Asim Mollazadə İranla bağlı hökumətə çağırış etdi - Qərbin yanında olun

asim-mollazade-iranla-bagli-hokumete-cagiris-etdi-qerbin-yaninda-olun-
Oxunma sayı: 694



Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə Azərbaycanın İrana qarşı yönələn qadağaların tətbiqi məsələsində birmənalı olaraq Qərb müttəfiqlərini dəstəkləməsinin zəruri olduğunu bildirib.

“Qafqazinfo”nun “Gün.Az” istinadən verdiyi xəbərə əsasən, A.Mollazadə qeyd edib ki, biz təəssüf edirik ki, Azərbaycan hökuməti İrana qarşı qadağalar məsələsinə hələ də öz münasibətini ifadə etməyib və öz müttəfiqlərini dəstəkləməyib.

“Ölkəmizin xarici siyasətinin prioriteti Afrika İttifaqı və ya İran kimi totalitar ölkələrlə deyil, ABŞ və Avropa İttifaqı ilə tərəfdaşlıq olmalıdır”, - deyə Mollazadə son zamanlar İran və Qərb ilə bağlı yaranan gərginliyi şərh edərkən bildirib.

“Biz Demokratik İslahatlar Partiyası kimi hesab edirik ki, ölkəmiz ABŞ və Avropa İttifaqının etibarlı tərəfdaşı kimi birmənalı olaraq bu qadağaları dəstəkləməlidir”, - deyə Milli Məclisin deputatı məsələyə münasibət bildirib.

Xatırladaq ki, İran məsələsi ilə bağlı vəziyyət Avropa İttifaqı (Aİ) ölkələrinin dekabrın sonlarında İran neftinin idxalına qadağanın tətbiq edilməsi barədə razılığa gəlməsindən sonra gərginləşib.

Bu məsələ ilə bağlı rəsmi qərar 23 yanvar tarixində qəbul olunmalıdır. Görüşün yanvarın 30-u Aİ sammiti çərçivəsində keçirilməsi planlaşdırılırdı. Neft embarqosu məsələsi Aİ-nin dekabrın əvvəllərində İrana qarşı qurumun Tehranla işgüzar münasibətlərinin tam olaraq dayandırılması və İranın xarici aktivlərinin dondurulmasını nəzərdə tutan yeni iqtisadi qadağalar tətbiq etməsindən sonra həll olunmamış qaldı. Yeni qadağalar Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) İranın nüvə silahı işləmələrinə dair dəlillərin gətirildiyi son məruzədən sonra tətbiq olundu.

Məruzədə İranın nüvə işləmələrinə dəlillər qərb ölkələrinin bu qərarına cavab olaraq isə İran Fars və Oman körfəzlərini birləşdirən, o cümlədən müxtəlif hesablamalara görə, hər gün dünya neft ixracının 20-30 faizinin nəql olunduğu Hörmüz boğazını bağlamaqla hədələdi. Ekspertlərin rəyinə görə, avropalıların bu qərarına sonda İrandan neft alan bir sıra Asiya ölkələri də qoşula bilər.

Ötən həftə “The New York Times” qəzetinin yaydığı məlumata əsasən, İranın sözügedən bəyanatına Müdafiə Nazirliyinin nümayəndələrinin və Amerika ordusu rəsmilərinin verdiyi sərt cavablardan sonra ABŞ prezidenti Barak Obamanın administrasiyası gizli rabitə vasitələrindən istifadə edərək, İranın ali rəhbəri ayətullah Xameneyiyə birbaşa olaraq yazılı şəkildə xəbərdarlıq edib ki, Hörmüz boğazının bağlanması artıq münasibətlərdəki gərginliyin “qırmızı nöqtəsi” olacaq və bununla da ABŞ hərbi əməliyyatlara başlamalı olacaq. Məktubda o da qeyd olunub ki, İran Hörmüz böğazını bağladığı təqdirdə ABŞ tral gəmilərindən, hərbi gəmilərdən istifadə edəcək və blokadanı yarmaq üçün İran ərazisinə havadan da hücum zərbələri endirəcək.

A.Mollazadənin sözlərinə görə, İran Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı Ermənistanı müdafiə edib və bu ölkəyə nəinki iqtisadi, həmçinin hərbi dəstək də göstərib. Bundan əlavə, siyasətçinin fikrincə, İran Azərbaycanın daxili işlərinə ciddi şəkildə müdaxilə etməkdə də davam edir.

“Biz İran dövləti nümayəndələrinin ölkəmizə qarşı yönələn qeyri-dost davranışlarının və ədavət toxumu səpən bəyanatlarının dəfələrlə şahidi olmuşuq. Buna görə də, bütün bunları nəzərə alaraq, bu gün biz Qərb tərəfdaşlarımızın yanında olmalıyıq”- deyə millət vəkili təkidlə bildirib.

İran əleyhinə sanksiyalara qoşulmağımızın nəticəsində Naxçıvan Muxtar Respublikasının qaz və enerji blokadasına salınacağının fəsadları haqqında fikri şərh edən A.Mollazadə bildirib ki, təkcə Azərbaycan yox, qardaş Türkiyə də sözügedən bölgənin qaz və elektrik enerjisi ilə təmin edilməsi üçün əlindən gələni edəcəklər.

İranın Cənubi Azərbaycan hissəsində yaşayan 30 milyon azərbaycanlı soydaşımızın aqibəti ilə bağlı sualı cavablandıran millət vəkili həmin insanların hal-hazırda İranın molla-totalitar sisteminin qurbanları olduqlarını vurğulayıb.

Gün.Az