Asim Mollazadə yenidən sədr seçildi

asim-mollazade-yeniden-sedr-secildi
Oxunma sayı: 694

“Qafqazinfo”nun məlumatına görə , partiya sədri Asim Mollazadə partiyanın ötən dövrdə fəaliyyəti ilə bağlı hesabat xarakterli çıxış edib. Onun sözlərinə görə,
700-ə yaxın üzv məntəqə seçki komissiyalarında təmsil olunur. 45 Dairə Seçki Komissiyasında DİP nümayəndələri təmsil olunur və partiyanın 18 bələdiyyə üzvü var. Partiyanın 54 rayon-şəhər təşkilatından təxminən 156 nümayəndə seçilib və onlardan 126 tədbirdə iştirak edib.
Azərbaycanın regionda ən böyük potensiala malik ölkə olduğunu deyən A.Mollazadə Cənubi Qafqazdakı münaqişələrin inkişafı ləngidən amillər kimi dəyərləndirib: “Bu münaqişələr ona görə yaradılıb ki, bölgədə hökmranlıq “kalaşnikov” avtomatı əlində olanda olsun”.

“Ermənistanın hazırda 1 mln. 800 min vətəndaşı qalıb. Ancaq müstəqil dövlət nəyəsə nail ola bilər. Təəssüf ki, Ermənistan alətə çevrilən dövlət olduğundan biz danışıqları onların sahibləri ilə aparmalıyıq”.


A.Mollazadə çıxışı zamanı ölkədə idarəçilər nəsli yetişdirməyin partiyanın əsas prioritetlərindən biri olduğunu qeyd edib. Ölkədə şəffaf sistem yaratmağın və müstəqil medianın vacibliyini vurğulayıb. Ölkənin inkişafı üçün lazım olan iqtisadi azadlığın ancaq oliqarxlardan deyil, bunun həm də orta və xırda təbəqənin də uğurundan asılı olduğunu bildirib.

Təhsil və səhiyyədə islahatlara ehtiyac olduğunu deyən partiya sədri səhiyyə sisteminin rəsmən pulsuz olmasına baxmayaraq, pulsuz xidmət göstərən xəstəxana ilə qarşılaşmadığını deyib.

Sonda qurultay üzvləri Asim Mollazadəni yenidən partiya sədri seçiblər. Yığıncaqda, həmçinin partiyanın Siyasi Şurasının və Mərkəzi Təftiş Komissiyasının üzvləri seçiliblər. Siyasi Şuraya Asim Mollazadə, Rauf Talışınski, İnqilab Əhmədov, Eduard Çernin, Nazim Abdullayev, Fatimət Ağamirzəyeva, Gülnarə Məmmədzadə, Mərdan Əfəndiyev, Ülkər Abdullayeva, Ramin Hacılı və İlqar Hüseynov, Mərkəzi Təftiş Komissiyasına üzv isə İlkin Həsənov, Çingiz Abdullayev və Roman Temnikov seçiliblər.

Səidə