“Başım şişib, azarkeşlərin səsləri qulaqlarımı doldurub” - BATE-nin baş məşqçisi

basim-sisib-azarkeslerin-sesleri-qulaqlarimi-doldurub
Oxunma sayı: 5421

BATE-nin baş məşqçisi Aleksey Baqa Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la ilk oyundan sonra mətbuat konfransı keçirib.

“Qafqazinfo” 37 yaşlı belaruslu mütəxəssislə müsahibəni təqdim edir:

- Qələbədə həlledici amil nə oldu?

- İlk hissədə qol vurduq. Bundan sonra “Qarabağ” hesabı bərabərləşdirmək üçün hücuma keçməyə məcbur oldu. Bu da işimizə yaradı və qələbə hesabını qoruyub saxlaya bildik.

- Hesab qüvvələr nisbətini əks etdirdimi?

- Demək çətindir. “Qarabağ” ev komandası kimi təzyiqi artırdı, kəskin hücumlar qurdu. İkinci qolu vuraraq rəqibi daha çətin vəziyyətə sala bilərdik.

- Məşqçilik karyeranızda səfərdə qalib gələrək mərhələ adlamağınız olub?

- İndi yadımda deyil (gülür). Başım şişib, azarkeşlərin səsləri qulaqlarımı doldurub. BATE-nin tarixində ilk oyunda qalib gəlib mərhələ keçməmək olmayıb.

- Belarusdakı oyunda hesabı qorumaq haqda düşünəcəksiniz, yoxsa aqressiv oyunu davam etdirəcəksiniz?

- Hazılaşmağa hələ 1 həftə vaxtımız var. Futbolçuların durumundan çox şey asılı olacaq. Təbii ki, bizim üçün çox çətin olacaq. Çünki gərgin bir oyun keçib və bərpa olunmaq lazımdır.

- “Qarabağ” haqda ətraflı məlumat topladığınızı demişdiniz. Düşündüyünüz rəqib oynayırdı, yoxsa fərqli?

- Yoxlama oyunlarına da baxmışdıq, qrup mərhələsinə də. Bunlar isə bir-birindən fərlqənir. Baş məşqçi işi hiss olunur. Yaxşı heyəti, texniki futbolçuları var. Prinsipcə, hazırlaşdığımız, gözlədiyimiz “Qarabağ” idi.

- PSV nümayəndələrinin stadionda olduğu qeyd edilirdi. Bu gün bütün kartları göstərdinizmi?

- Hələ PSV haqda danışmaq çox erkəndir. Onların bura gəlişi bir şey demək deyil, çünki Borisovda ağır oyun gözləyir. Sadəcə, PSV hər iki komandanın Avropada artıq markaya çevrildiyini göstərir.