“Başımdan şillə ilə vurub “yaxşı eləmişəm” dedi”

basimdan-sille-ile-vurub-yaxsi-elemisem-dedi
Oxunma sayı: 1716

Bakı Ağır Cinayətlər Məhkəməsində idmançının ölümünə səbəb olmaqda təqsirləndirilən Əhəd İsmayılov və onun oğlu Ramilin məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin icraatında olan prosesdə baxış iclası baş tutub.
R.İsmayılov ifadə verərək deyib ki, “Playstation club”da oyun oynayarkən mərhum Rasif Həbibov içəri girib: “Mən orada telefonumu “zaryatka”ya qoymuşdum. Rasif içəri girən kimi mənim telefonumu çıxarıb, özünkünü taxdı. Niyə elə etdiyini soruşanda başımdan şillə ilə vurub “yaxşı eləmişəm” dedi. 

Mübahisə etdik, məni təhqir edib döydü, söyüş söydü. Mən də ağlayıb evə getdim, atama Rasifin mənə etdiklərini dedim. Atamla Rasifin münasibəti yaxşı idi. Rasiflə danışmağa getdik, atam onu maşına dəvət etdi. Onun dostu Samir də özünü maşına soxdu, onu aravuran adam kimi tanıyıram. Mən Samirin vurmasını istıəmirdim. Yolda atam Rasiflə danışanda Samir hər dəfə müdaxilə edib nəsə deyirdi. Atam maşını saxladı, yerə düşəndə Samir məni vurdu, Rasif də atamı döyməyə başladı. Mən də qorxduğum üçün maşındna bıçağı götürüb havada fırlatdım. Onlar qorxub qaçdılar, biz də maşına minib getdik. Mən həmin zaman şokda idim. İndi peşmanam”.

İttihama görə, Sumqayıt şəhəri 21-ci məhəllədə söyüşə görə qonşular arasında baş verən kütləvi davada 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdlü Dadaşov Samir Tahir oğlu bıçaqlanıblar. Bir neçə gün sonra Rasif Həbibov xəstəxanada dünyasını dəyişib. Hadisəni törətməkdə şübhəli bilinən Əhəd və Ramil İsmayılovlar saxlanılıb. 
Onlar Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilir. Onu da qeyd edək ki, mərhum Rasif Həbibov idmançı olub.

Murad Əhməd