Aşıqların meymunluğu

asiqlarin-meymunlugu
Oxunma sayı: 657

Amma Dədə Əmrah işini gördü. Yəhya bəy Dilqəmin məşhur şeiri, hər bəndin altında söylənən bayatılar, üstəlik bu sənət şedevrlərinin məharətli ifası ikimizi də sehrlədi. Həmsöhbətim eləmə tənbəllik soruşdu: “Bəs belə gözəl ifaları niyə efirə vermirlər ki, camaat əsil sənətin nə olduğunu bilsin?!”

Mənciyəz bu suala cavab verə bilmədim və elə ona görə də keçirəm başqa mətləblərə.

Bir dəfə Aşıq Zülfiyyədən repertuarına saz havalarından daha çox yüngül mahnılar daxil etdiyinin səbəblərini soruşdular. O, bəlkə də haqlı olaraq, mən indiki publikaya Aşıq Ələsgərin divanilərini oxuya bilmərəm, anlamayacaqlar, söylədi. Elə yerindəcə daha bir sual doğur: bəs Alim Qasımov Füzulidən, Nəbatidən, Seyid Əzim Şirvanidən necə oxudu? Məgər onun seçdiyi qəzəlləri hamı başa düşür? Alim necə etdi ki, həm çoxluğun rəğbətini qazandı, həm də sənətini bəlli bir səviyyədən heç zaman endirmədi. Amma Aşıq Zülfiyyə sənətin bu əzəli-əbədi və ən əsas problemini həll etmədən, heç bu barədə düşünmədən aşağı zövqlü toyxana dinləyicilərinin ardınca düşdü. Nəticədə repertuarını yalnız diringilərlə zənginləşdirdi. Mən saz sənətindən az-çox başı çıxan bir dinləyici kimi, Aşıq Zülfiyyənin özünəməxsus şəkildə ifa etdiyi bircə dənə də saz havası eşitməmişəm.

Əvəzində bir dəstə istedadsız xanım müxtəlif yollarla efirə yol taparaq saz sənətini urvatdan salmaqla məşğuldur. Əslində, sənətə dəxli olmayan bu adamlar Azərbaycan sazının və sözünün təmsilçilərinə çevriliblər. Sənətin bu sahəsinə bələd olmayan, yaxud az bələd olan zövqlü dinləyicilər isə Azərbaycan aşıqlarının məhz bu ifaçılardan ibarət olduğunu görüb haqlı olaraq üzlərini yana çevirir, saz gördülərmi kanalı dəyişirlər.

Telli Borçalının sazını əlinə alıb şou aləminə hücum çəkməsi isə aşıq sənətinə vurulan ən böyük zərbələrdəndir. Sazın YUNESKO-nun irs siyahısına salındığı bir dönəmdə aşıq sənətini efirdən bu cür təqdim etmək, inanın mənə, əsil düşmənçilikdir. Çiyinlərini ata-ata oynaqlamaq, şit-şit hərəkətlər və zarafatlar etmək, bayağı deyişmələr yapmaq, üstündəki zər-zibanı şövqlə gözə soxmaq, bütün bunların məntiqi davamı olan dıydıq ifalar tamaşaçıda ciddi sənətdən daha artıq sirk əhval-ruhiyyəsi yaradır. Sazın meymunluq funksiyası da varmış, indiyədək bilməmişik!

Məncə, ən azı türk arkadaşlarımızdan örnək götürə bilərik. Türkiyədə bağlaması əlində düşük şoulara qatılan bir ozan tapa bilməzsiniz. Hətta, lağ-lağı verilişlərdə belə bağlamaya bəslənən sayğı özünü büruzə verir. Sazın Dədə Qorqud, Yunus Əmrə, Qaracaoğlan, Pir Sultan Abdal, Aşıq Veysəli kimi nəhənglərin də içində bulunduğu möhtəşəm bir ruhu, qədim və zəngin bir kültürü simvolizə etdiyini anlayır hamı.

Bunu anlamayan heç sənətin ityatanına da gələ bilməz!