Başlar boşalır...

baslar-bosalir
Oxunma sayı: 2683

Azər Qismət

Çoxumuz qismətimizə düşən ilk sevgimizi öldürmüşük. Belə nübar sevgini hələ beynimizin formalaşmadığı vaxtda məhv etdik. Özümüzə təskinlik verək ki, Tanrı ilk ağrını duydurmaqla hər iki cinsin nümayəndəsini anlaşılmazlıqla dolu dünyaya istiqamətləndirir. Bunu ağlımız kəsən vaxtlarda da edərdi. Ancaq ağlımız kəsən vaxtı səvh etməyəcəkdik. Etsək də, qocalana qədər unutmayacağımız ilk sevgini öldürmək qədər ağrılı olmayacaqdı.

İlk sevgini verəndə də ağlımız kəsir. Sadəcə, 30-40 yaşdakı düşünmək, evlənmək üçün qəti qərar qəbul etmək qədər təxəyyül vermir. Tanrı kimsəni aldatmır. Ağrı verməyi xoşlamır. O, zamanla dəyişən insanlıq mərhələsinə uyğun islahatlar aparmır. İnsanlıq dəyişdikcə konsepsiyanı yeniləmir. O, idarəçiliyin qaydalarını, insanı formalaşdırmasını klassik qaydalara uyğun aparır. Bunu insanı yaradıb aləmə buraxanda da bilirdi. Onun davranış qaydalarını müəyyənləşdirdi, beyninə özünü idarə etmək qaydasını üfürdü, konkret konsepsiya hazırlayıb möhürünü vurdu. 

Milyon il ərzində Yer kürəsində insanların öz qaydalarını yaratması, klassik insan konsepsiyasından çıxmasının günahı Tanrıda deyil. Əslində, ilk sevgi bizə tam formalaşmış vaxtımızda verilir. Milyon il keçdikcə, mükəmməl insanın beyni cılışlaşırsa, ya beynin fəaliyyətində gecikmələr yaranırsa, bunda Tanrı günahkar deyil. Tanrı insana formalaşmanı doğuluşundan verib. Hələ ilk qərinələr boyu 2 yaşlı uşaq əlində daş balta və nizə icmanı müdafiə edirdisə, sonra insan övladının beyni təməl konsepsiyasından geridə qaldı. Çünki beynini işlətməyə tənbəllik göstərdiyindən, əsl quruluşundan çıxdı. 
Yaş artıb, beyinsə uşaq beyni. 2 yaşda icmanı müdafiə edən uşaq, bunu 5, 7 və 15 yaşlarında yerinə yetirir. Əgər 12 yaşlı oğlan ilk sevgisini təxəyyülü ilə araşdırmağa çətinlik çəkirsə, günah hər şeyin hazırına nazir, başını işlətməyə tənbəllik göstərən ulu babalardadır. Vaxtilə 13-14 yaşlı hökmdarların indiki surətləri məhəllələrdə gizlənqaç oynayırlar, ya da internet zallardan çıxmırlar. Yaxın onillik bundan əvvəl ilk sevgi 12 yaşda verilirdisə, indi 17 yaşda bəxş edilir. Bir az da keçəndən sonra 30 yaşda veriləcək. Bir də ayılacağıq ki, ömür bitir, amma ilk sevgi verilmir. Əslində, veriləcək, amma getdikcə işlətdmədiyimiz ölgün beynimizlə anlamayacağıq ki, bu ilk sevgi imiş. Söhbət ilk sevgidən getmir. Təxəyyülün daralmasından gedir. Səbəb budur ki, işlətmədiyimiz başlarımız boşalır. Dumb-dumb-dumb...Gumbultunu eşidirsinizmi?! 

İndi adamlar başlarının yerinə texniki avadanlıqları işlədirsə, deməli ilkin təməl konsepsiyası unudulub. Təməl konsepsiyası düşünməkdir, insana xas xüsusiyyət, ya beyni düşünməyə vadar etmək. Bunu ibtidai icma quruluşundakı ilk adamlar tam dolğunluğu ilə həyata keçirirdilər. İlk insanın uca ağac başındakı meyvəni yemək üçün düşündüyü qədər vadarlıq elementi çatışmır. Ağaca çıxa bilmir, hələ nərdivan da düşünülməyib, ancaq yemək hissi güc gəlir. Və beyninə verdiyi güc qəfil sıçrayış yaradır ki, daş tullamaqla meyvəni yerə sala bilər. Belə də edir. İlk insanın sevincini duydunuzmu? Düşündü və qazandı.

Marketdə kibrit almağım qədər oxşar hadisə. Kibritin qiyməti 5 qəpikdir, dörd kibrit 20 qəpik edir. Satıcı bunun üçün kalkulyatoru axtarır. Meyvə satılan şöbənin satıcısı aparıbmış. Ona zəng edir ki, kalkulyatoru gətirsin. O da gətirir. Hesablayır ki, 4 kibrit 20 qəpik edir. Deməli, bağça uşağının da bildiyi riyazi hesablama üçün məni - müştərini gözlətdi, kalkulyatoru yerində tapmadığına görə hirsləndi və sonda telefon balansından 9 kontur çıxıldı. Başını işlətməyə tənbəllik, maraqlı və təəssüfləndirici səhnə. Düşünməzlik sindromu başlarımızı boşaldır. Nəticəsini qərinələr sonra ilk sevgini 30-40 yaşında duyanlar görəcək. Çünki işləməyən bıçağın korşalması təkcə beyinlərə vurmur. 

Meymunabənzər insan övladı 50 milyon il ağacda yaşadı. 15 milyon il əvvəl ağacdan düşdü. 5 milyon il əvvəl isə qida axtarışına çıxdı. Adamların çoxalması getdikcə əlavə qida ehtiyacı yaratdı. Su hövzələrindən balıq tutdular, inəkləri əhliləşdirib südünü sağdılar, icmanın müdafiəsi üçün vəhşi itləri əlquzusuna çevirdilər. Beynin düşünməsi mərhələlərlə baş verdi. Ancaq sevindirici cəhət odur ki, bizim var olmağımız üçün nəsə düşündülər. Adi riyazi əməliyyatı kalkulyatorla həll edən məktəbli, aldığı ərzaqların pulunu düzgün hesablamayan alıcının indiki halı onu deməyə əsas verir ki, gələcəyin adamına körpü uzadılmır. İşin faciəvi tərəfi ondadır ki,beyni kişi beynindən minimum 50, maksimum 250 qram az olan qadınlar da düşünmürsə, deməli gələcəkdə ətli robotların doğulacağı şəksizdir.

İndiki adamlar düşünməyə tənbəllik göstərməklə, guya beyninə istirahət verir, onu gücə salmaq istəmir. Verilişlər, iri əsərlər, musiqi bəstələri plagiat, evlənmək üçün qoroskoplarla bürclərin uyğun gəlib-gəlməməsi, nəyinsə isbatı üçün xarici nümunələrin göstərilməsi. Boş başlar cəmiyyətində yaşamaq mümkündür. Düşünərsən ki, bizim yerimizə 4-5 ağıllı adam düşünəcək. Bizim yerimizə düşünənlər var. Lakin savadsızlar savadlıları qəbul etmir. Özünə oxşayanların çoxluğunda çatışmayan cəhət unudulur. Ağıllı başlar boş başları qıcıqlandırır. Bu, orqanizmə köçürülən yeni qana köhnə qanın göstərdiyi aqressiv reaksiyaya bənzəyir. Bunu məhəlləyə “çujoy”un gəlişinə də oxşadaq. Ya yeni qan köhnə qanı birtəhər razı salıb özünə yer tapmalıdır, ya da köhnə qanın təzə qandan xoşu gəlməlidir. Nəzərə alsaq ki, düşünməzlik sindromu cəmiyyətdə boş başları hər gün artırır, deməli dolu başlar onlara qalib gələ bilməyəcək: başı dolu ola-ola özünü başıboş aparacaq. Necə ki, azdan-çoxdan ağıllı adamlar keçiblər bambılı adamların sırasına. Cəmiyyətin savadlanmaq istəməməsi, beynini texnologiyaların öhdəsinə buraxması boş başların çoxalmasını şərtləndirir. Əslində, dünyanı idarə edənlərin düsturu əsasında beyni texnologiyanın öhdəsinə buraxmamaq da mümkün deyil, ondan asılıyıq. Amma heç olmasa 4 kibrit qutusunu kalkulyatorsuz hesablamağa nə gəlib... Ümid qalır, yeni beyin tomoqraflarına. Alimlərin üzərində işlədiyi həmin tomoqraf ağıllı beyni vaxtında aşkarlayacaq. Ancaq o beyinləri “Metroda şortik geyinən qız”,  “Səni deyillər”lə gündəm yaradan cəmiyyətə buraxmaq olmaz. Onları meşəlik ərazidə böyük beyin mərkəzinə ötürək ki, əvəzimizə düşünsünlər. Mühafizəni də güclü edək ki, cəmiyyətə sarı gəlməsinlər. Qapıdan kənara bircə addım atsa, beyni pozulacaq.

P.S. Yazının yuxarı hissəsi dolu başlara aid idi. İndi hər beyin uğuruna mız qoyanlara, paxıllıq edənlərə aid kiçik fraqment. Ay kitab üzü açmayan, ancaq kitab oxumağın şəklini çəkənlər, niyə ağıllı adamları sevmirsiz, niyə onları gözümçıxdıya salırsız? Onsuz da özünüz heç nə düşünməyəcəksiz, heç olmasa əvəzinizə düşünənlər olsun.