“Başqalarının nə düşündüyü əhəmiyyətli deyil...”

basqalarinin-ne-dusunduyu-ehemiyyetli-deyil
Oxunma sayı: 676

Cəsarətsizlik özünü insanların şəxsi və məişət həyatlarında, iş və karyeralarında, sosial, siyasi və s. sferalarda büruzə verməkdədir. Maraqlıdır, niyə qadınların əksəriyyəti hesab edir ki, indiki kişilər cəsarətsiz, özünə əmin deyillər?! Digər bir sual, nə üçün bizi qane etməyən bir işi tərk edib digər işə düzəlmək üçün cəsarət toplaya bilmirik? Bəs müasir cəmiyyətdə biz cəsarətli olmağı nə qədər bacarırıq? Yaxud da, insan cəsarətli olmasa belə, bu hissi özünə necəsə aşılaya bilərmi? Problemi çözməyə çalışaq.

İlk öncə, bizim cəsarətli olmağımıza hansı faktorların mane olduğuna nəzər yetirək. Bu zaman qorxu faktorunu xüsusilə qeyd etmək lazımdır. İnsanda anadangəlmə iki cür qorxu hissi olur. Birincisi, yüksəklikdən qorxma, ikincisi isə yüksək səsə olan qorxu hissi. Bu iki qorxudan başqa digərlərini insan yaşadığı müddətdə zaman-zaman qazanır. Hətta bu mövzuda Şekspirin belə bir kəlamı vardır: “İnsanların çoxu sevməkdən qorxur, itirməkdən qorxduğu üçün. Danışmaqdan qorxur, tənqid olunmaqdan qorxduğu üçün. Yaşlanmaqdan qorxur, gəncliyin qiymətini bilmədiyi üçün. Unudulmaqdan qorxur, dünyaya yaxşı bir şey verə bilmədiyi üçün. Və ölməkdən qorxur, əslində, yaşamağı bacarmadığı üçün”. Buradan aydın göründüyü kimi, qorxu, ümumiyyətlə, bizim cəsarətli olmağımızı əngəlləyən bir hissdir.

Nədənsə insanlar son zamanlar riskə getməkdən çox qorxurlar , bu da bizi irəlidə yaşaya biləcəyimiz “macəra”lardan məhrum edir. Riskə getmədiyimiz halda bizə elə gəlir rahat və güvənli bir həyatımız var. Lakin cəsarətsizliyimiz ucbatından sadə, monoton bir həyat bizi gözləyə bilər… Yaxşı bir deyim var: “Bəlkə də biz ömür boyu riskə getməməyimiz ucbatından həyatımızın ən böyük riskini edirik”.

Ətraf mühit, bizə yaxın insanlar da cəsarətli olmağımıza mane olan mühüm faktorlardandır. Hər hansı bir qərar qəbul etməzdən öncə valideynlərimizin, dost-tanışlarımızın, həmkarlarımızın bu barədə nə fikirləşəcəklərini düşünürük. Bəzən onların fikirləri bizi mühüm addımlar atmaqdan daşındırır. Halbuki hər kəs bu dünyaya öz qərarlarını özü verməyə gəlib, başqalarının qərarlarına uymaq üçün yox. Verdiyimiz qərarların, təbii ki, məsuliyyətini dərk etməliyik. Lakin səhv etməkdən də qorxmamalıyıq. Səhvsiz insan olmadığı kimi bizim də səhv etməyimiz gözləniləndir. Əsas odur ki, bu səhvlərdən düzgün nəticə çıxarıb nə isə öyrənməkdir. Necə deyərlər, iş, qərar olan yerdə səhv də olar, yanlışlıq da.

Son zamanlar tez-tez bu cür halla qarşılaşırıq ki, hazırda oğlanlar ailə qurmaq üçün, özünə həyat yoldaşı seçərkən nədənsə cəsarətsizlik, qətiyyətsizlik nümayiş etdirirlər. Bir tərəfdən cəsarət və qətiyyət hardasa sinonim anlayışlardır, digər tərəfdən, qətiyyətlilik də cəsarətdən doğur. Yəni gənclərimiz sözügedən xüsusiyyətlərin çatışmaması səbəbindən bu mühüm qərarı, seçimi öz valideynlərinin öhdəsinə buraxırlar. Sanki, belələrinin özlərinə inamları yoxdur, cəsarətli, qətiyyətli ola bilmirlər. Düşünürlər ki, hər halda anam-atam daha doğrusunu bilər və yanlışlıq etməzlər. Lakin ailə problemləri ilə bağlı son statistikaya nəzər salsaq, boşananların sayının durmadan artdığını görərik. Bunun bir səbəbi də gənclərin bir-birinin daxili aləmlərinin, dünyaya baxış bucaqlarının nə dərəcədə uyğun gəlib-gəlmədiyini nəzərə almamaq, araşdırmamaqdır. Və daha mühüm psixoloji durumlardan biri də oğlanların özlərində cəsarət tapıb öz hisslərini əks cinsə etiraf edə bilməməsidir. Buradan belə nəticəyə gəlmək olar ki, indiki gənclərdə özunəəminlik çox aşağı səviyyədədir. Cəsarət və özünəəminlik anlayışlarının da kəsişən nöqtələri çoxluq təşkil edir. İnsan özünə əmin olmadan heç bir uğura, müvəffəqiyyətə nail ola bilməz. Özünəinamı formalaşdırmaq üçün isə, ilk öncə, kiçik layihələrdən başlayıb nisbətən böyük layihələrə doğru addımlamaq lazımdır. Özünəəmin insanlar həyatları boyu etmək istədiklərini daha asanlıqla edə bilən, gerçək potensialını daha yaxşı ortaya qoyan, özünü azad, daxilən rahat hiss edənlərdir. Və onlar keçmişlə bağlı peşmançılıq hissi keçirmirlər, ” kaş ki, bunu bu cür etsəydim” kimi fikirləri düşümürlər.

Cəsarətli olmağımızı stimullaşdıran ən mühüm amillərdən biri hədəfdir. Hədəf olmadan yaşamaq da cəsarətli addımlar atmağımızı çətinləşdirir. Biz hələ kiçik yaşlarımızdan gələcəyimiz, karyeramızla bağlı xəyallar, arzular, ən əsası isə planlar qurur. Lakin iş tapmaq məqamı yetişdikdə bir çox maneələrlə qarşılaşırıq. Əsas odur, həmin maneələri dəf etmək üçün özümüzdə cəsarət hissini tapa bilək. İşdə rəhbərliklə açıq müzakirələrə getməkdən, öz hüquqlarımızı müdafiə etməkdən çəkinməməliyik. Bəzən də elə olur ki, biz qarşımızdakı insanı olduğundan daha çox böyüdür, onun ideya və təkliflərini özümüzünkündən daha ağlabatan hesab edirik. Lakin biz çatışmayan cəhətlərimiz ilə bərabər öz üstünlüklərimizi də bilməliyik. İdeya və təkliflərimizi rəhbərliyə öz tutarlı arqumentlərimizlə sübuta yetirməli, bunun üçün isə cəsarətimizi toplamalı və bacarığımıza əmin olub hədəfə doğru irəliləməliyik. Əgər hazırkı işimiz bizi qane etmirsə və yaxud layiq olduğumuz şəraitdə işləmir, layiq olduğumuz məvacibi ala bilmiriksə, qısası, yeni hədəflər fikirləşib, məqsədlər qoyub cəsarətsizliyimizi yenməliyik. Bunun üçün aşağıdakı addımlar atılmalıdır:

* Ümumi məqsədi müəyyənləşdirmək

* Maneələri təyin etmək

* Maneələri addım-addım ardan qaldırmaq

* Yeri gələrsə, hər hansı bir mənbədən, yaxud şəxsdən kömək, yaxud məsləhət istəmək

* Konkret prioritetləri müəyyən etmək

* Bu yolda rastlaşacağımız çətinliklərdən qorxmamaq

Nəhayət, cəsarət hissini özümüzə aşılamaq üçün hər zaman özümüzə bu sualı verməliyik: “ Əgər bunu başqaları edə bilirsə, mən niyə edə bilməyim? Əgər bunu etmək mümkündürsə, deməli, mən də bacararam”. Nəticə nə olursa olsun, ruhdan düşməməliyik!

Başqalarının nə düşündüyü əhəmiyyətli deyil, çünki onlar istənilən halda nəsə düşünəcəklər. Ona görə də rahat ol.(Paulo Koelyo)
xeberle.com