Basqınçılar niyə tapılmır?

basqincilar-niye-tapilmir
Oxunma sayı: 642

“Qafqazinfo”ya müraciət edən paytaxt sakini İlkin İbrahimov deyib ki, noyabrın 12-də yaşadığı ünvana edilən silahlı basqından 2 həftə keçməsinə baxmayaraq, hələ də soyğunçular tapılmayıb.

İ. İbrahimov bildirib ki, həmin gün həyat yoldaşı və 2 övladı ilə birlikdə evdə olublar: “Soyğunçular bizdən qiymətli əşya və pul verməyi tələb etdilər. Biz də xanımıma məxsus qolbaq və bir cüt sırğanı verdik. Əşyaları götürüb getdilər. Bizə qarşı heç bir qarşı zorakılıq göstərmədilər”.

Zərərçəkmiş şəxs onu da bildirib ki, onlar evi tərk edəndən sonra 102-yə və evin yaxınlığında yerləşən mühafizə xidmətinə zəng vurub: “Polislər evə baxış keçirdilər və elə mənzilin yaxınlığında soyğunçulardan birinin maskasını da tapdılar. Hadisədən sonra mən izahat yazdım və bir neçə gün sonra polislər bildirdilər ki axtarışın davam edir”.

Axtarışın nəticəsinin hələ də olmamasından şikayətçi olan İ. İbrahimov bildirib ki, həmin zəngdən sonra hadisə ilə bağlı heç bir xəbər yoxdur: “Mən istəyirəm ki, soyğunçular tezliklə tapılsın və hüquq mühafizə orqanlarından da bu işlə ciddi məşğul olmaqlarını gözləyirəm”.

Qeyd edək ki, hadisə noyabrın 12-də Sabunçu rayonu, Ceyhun Şərifov küçəsi 50/5baş verib. İ. İbrahimovun yaşadığı ünvana saat 22: 30 radələrində, 3 nəfər maskalı və silahlı şəxs basqın edib. Onlardan birində odlu, digərlərində isə soyuq silah olub.

Gülnar