Ata öz övladlarını öldürdü

ata-oz-ovladlarini-oldurdu
Oxunma sayı: 918

Bu barədə Lerik rayon prokuroru Salman Səmədov ANS PRESS-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, araşdırmalar zamanı məlum olub ki, oktyabrın 23-də Lerik rayonunun Kürdəsər kəndində iki azyaşlı - 2009-cu il təvəllüdlü Dilbər və 2010-cu il təvəllüdlü Filizi öldürən elə onların doğma ataları olduği məlum olub.

“35 yaşlı Əmrah Xıdır oğlu Süleymanov oktyabrın 23-də gecə yaxınlıqdakı kənddəki toydan evə sərxoş gəlib. Həyat yoldaşı ilə ailə-məişət zəminində mübahisə edərək, qadını evdən qovub. Daha sonra özü ilə gətirdiyi içkini içib və yatmaq istəyib. Bu vaxt körpələr ağlamağa başlayıb. O da uşaqların səsinə əsəbləşib və balıncla uşaqları boğub”, - deyə Salman Səmədov vurğuladı.

Qeyd edək ki, cinayətkar ata polis tərəfindən artıq saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Əmrah Xıdır oğlu Süleymanovun iki azyaşlı uşağı – 2009-cu il təvəllüdlü Dilbər və 2010-cu il təvəllüdlü Filiz oktyabrın 23-də səhər saatlarında yataqlarında ölmüş vəziyyətdə aşkarlanıb. Körpələrin ölümünün dəqiq səbəbini aydınlaşdırmaq üçün onların meyitləri məhkəmə-tibbi ekspertizası tərəfindən müayinə edilib.

Xatırladaq ki, Əmrah Süleymanov əvvəlcə cinayətini gizlətməyə çalışıb və polisə yalan ifadə verib. “Yoldaşım yemək bişirmişdi, axşam yedik. Sonra uşaqlara peçenye verdim, yedilər. Yatdıq. Səhər yoldaşım dedi ki, uşaqlar ölüb. Körpələri durub tərpətdim, gördüm uşağın balacası göyərib, ölüb. O birisi də durmur. Gördüm bədəni istidir, amma uşaq durmur, gözlərini yumub”.