Atamın kədərli “partbilet”i

atamin-kederli-partbileti
Oxunma sayı: 669

Atam 1977-ci ildə - 26 yaşında bu partiyaya üzv olub. Biletdə aylar və illər üzrə aylıq gəlirin məbləği, üzvlük haqqının məbləği və katibin imzaları var. Atamın nə vaxta qədər üzvlük haqqı keçirməsinə baxıram. Sonuncu üzvlük haqqı tarixi: 1991-ci ilin mart ayı. Aylıq qazanc – 271 manat, üzvlük haqqı – 5,42 manat, gəlirin 2%-i.

Məni təəccübləndirən isə başqa şey olur: 1990-cı il 20 yanvar qırğını. Sovet tankları qarşısında barrikada quran gənclər, qocalar. Milli Dirçəlişimizin pik nöqtəsi. Axı niyə atam 20 yanvar hadisələrindən sonra əksəriyyəti kimi “partbilet”ini yandırmadı?! Yandırmamağı bir yana qalsın - niyə tullamadı?!

Bu sualları atama verməmişdən əvvəl özümə verdim. Özüm də bu suallara suallarnan cavab verdim: Bəlkə atam belə bir yekə imperiyanın tez bir zamanda dağılacağına inanmırdı? Bəlkə atam kosmopolit idi və milliyətçilik deyilən hissdən onda əsər-əlamət belə, yox idi? Bəlkə bu imperiyanın dağılmasının günahını SSRİ-nin prezidenti olan Qorbaçovda görürdü?! Bəlkə meydana çıxan saqqallı liderlərə ümid etmirdi? Bəlkə...

“Bəlkə”ynən başlayan və naməlumluq ifadə edən bu sualların əsl cavabını atam verə bilərdi. Nəhayət ki, bu sualları atama ünvanladım. Atam dedi: “Ramil, bu, tarixdir. Bu, sənəddir. Bu “partbilet”i yandırmaqla mən nə SSRİ-nin dağılmasını sürətləndirəsiydim, nə də Azərbaycanın müstəqil bir dövlət olmasına töhfə verəsiydim. Təbii, insanların qəzəbini də anlamaq lazımdır. Ancaq bu, tarixdir. Tarixə toxunmaq olmaz!”.

Tarixə toxunmaq olmaz! Axı əgər atam da o “partbilet”i yandırsaydı, onda mən o “partbilet”in üzünü ya muzeydə, ya televiziyada, ya da google.com-da axtarış aparmaqla görə bilərdim. O biletin bir tarixi sənəd olaraq evimizdə olmasının nəyi pisdir axı?! Bəlkə o “partbilet” evimizdə olmasaydı, mən heç bu köşəni də yaza bilməzdim...

P.S.: İnstitutda oxuyarkən fəlsəfədən dərs deyən müəllimim deyirdi: “Ay tələbələr, kiminsə heykəlini uçurtmaq, dağıtmaq düzgün deyil. Əgər bir sistem digəri ilə əvəz olunursa, əvvəllər qəhrəman kimi tanıdığımız şəxsiyyət bu gün düşmənimiz olursa, hətta onların da heykəlinə toxunmaq olmaz. Qoy xalqımızın fərdləri özləri qərar versinlər: istəyərlər, o heykəlin yanından keçərkən üzərinə tüpürərlər - həmin tarixi şəxsiyyəti söyüşlərlə yad edərlər, istəyərlər, xoş xatirələrlə xatırlayarlar. Qoy, xalq özü seçim etsin”. Bəli, mən də belə düşünürəm. Bəs siz?