Atasının mükafatı Səməd Qurbanova təqdim olundu - Fotolar

atasinin-mukafati-semed-qurbanova-teqdim-olundu-fotolar
Oxunma sayı: 879

Noyabrın 1-də Moskvada tanınmış azərbaycanlı biznesmen və xeyriyyəçi Aydın Qurbanovun "Azərbaycan dünyası" ("Mir Azerbaydjana") beynəlxalq jurnalının və "Dədə Qorqud" Milli Xeyriyyə Fondunun təsis etdiyi "Vətən Övladı" qızıl ordeni ilə təltif edilməsi (ölümündən sonra) mərasimi keçirilib. Təltif mərasiminin tarixi heç də təsadüfü seçilməyib - Aydın Qurbanov düz səkkiz il bundan əvvəl, 50 yaşının tamam olmasına cəmi bir neçə gün qalmış dünyasını dəyişib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb. Təltif mərasimində görkəmli elm və mədəniyyət xadimləri, Azərbaycan ictimai təşkilatlarının rəhbərləri, tanınmış sahibkarlar, Aydın Qurbanovun doğmaları və yaxınları iştirak ediblər. Mərasimdən əvvəl tədbirin bütün iştirakçıları Kuntsevo qəbiristanlığında Aydın Qurbanovun məzarını ziyarət edib.

Aydın Səməd oğlu Qurbanov bu mükafata cəmiyyətin rifahı naminə fədakar fəaliyyətinə, Rusiya ilə Azərbaycan arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsinə və inkişafına verdiyi sanballı töhfələrə görə layiq görülüb.

"Dədə Qorqud" Milli Xeyriyyə Fondunun prezidenti, "Azərbaycan dünyası" ("Mir Azerbaydjana") beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayılov mükafatı Aydın Qurbanovun oğlu Səmədə təqdim edərək deyib: "Biz Azərbaycanın şanlı oğul və qızlarını həmişə yüksək qiymətləndirmişik və xeyriyyəçilik ənənələrinin şanlı davamçısı, öz vətənini və xalqını ürəkdən sevən Aydın Qurbanovun da mənsub olduğu gözəl insanlar pleyadası ilə fəxr edirik. Bu gün mən bu mükafatı Aydın Qurbanovun layiqli varisi olan oğluna böyük məmnuniyyətlə təqdim edirəm. Əminəm ki, bizim ən böyük sərvətimiz neft və digər təbii sərvətlər deyil, ölkəmizin gələcəyi olan gənclərdir".
Səməd Qurbanov bu mükafata və atasının fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə Eldar İsmayılova, Ali Ağsaqqallar Şurasının üzvü Yevgeni İvanova və onların şəxsində "Azərbaycan dünyası" ("Mir Azerbaydjana") jurnalına və "Dədə Qorqud" Fonduna təşəkkürünü bildirib. Bu diqqətdən ruhlandığını etiraf edən Səməd Qurbanov tədbir iştirakçılarını əmin edib ki, atasının bütün həyatı boyu sadiq qaldığı amallara görə layiq görüldüyü mükafat onun Rusiya və Azərbaycanın maraqlarına xidmət etməsi üçün böyük stimul olacaq.

Xatırladaq ki, A. Qurbanov prezident İlham Əliyevin qızı Arzu Əliyevanın həyat yoldaşı Səməd Qurbanovun atasıdır.