Atasız qar

atasiz-qar-
Oxunma sayı: 679

Əslində, qarın ən sevimli nöqtəsi qartopu oynamaq deyil, qardan adam düzəltmək də deyil, heç qarda “xart-xurt” ayaq səsi ilə gəzmək də deyil.

Şəxsən mənim üçün qarın gözəlliyi axşam zamanı , sarı küçə lampaları və onun fonunda bəyazlaşan küçələrə düşən lopa-lopa qarları izləməkdir. Hətta keçən dəfə qarın Bakıda sultanlıq edən dövründə əlimə isti bir kofe alıb, həzzlə sakit bir musiqi ilə pəncərədən şəhəri seyr etmək qərarını verdim. Ancaq nə qaz gəlirdi , nə də elektrik.

Əslində qartopu oynamaq da , qardan adam düzəltmək də pis deyil. Ancaq, hər ikisi çox yorucudur. Hərdən xəyal edirəm ki , keşkə qarın soyuğundan barmaqlarımızı donmağa imkan verməyən, islanmayan və üşümənin qarşısını alan bir əlcək kəşf olunsa. Qiyməti 100 manat olsa belə, yeməyimdən kəsib almağa hazıram.

Ən nifrət etdiyim isə odur ki, qardan sona səkilərin buzlaşmasıdır. Mən anlamıram ki, maşın yollarını təmizləyir, duzlayırlar, bəs səkilər? O buzlu səkilərin üzərində gəzərkən insan çox qəribə hisslər keçirir. Hələ üstəlik əlində bir yükün varsa, bu artıq faciəyə düçar olmaq üçün bir vasitəyə çevrilir. Buzlu səkilər qorxu filmlərindəki musiqilər kimidir. Hər an nəsə bir hadisənin olacağı həyəcanı ilə yaşayırsan. Artıq 2-3 dəfə səkidə buzun üzərində qan ləkələri görmüşəm. Qorxudan gəzərkən eynəyimi çıxardıram. Yıxılıb gözümü çıxarmayım deyə.

Bəlkə bələdiyyələr, icra hakimiyyətinin nümayəndələri həkimlərlə, xəstəxanalarla əl bir işləyirlər?

Bu əsnada xalqımız tərəfindən, xüsusən qayğıkeşlik portreti yaradan qonşulardan bir populyar fraza var : “Hər kəs öz məhləsinin, binasının qarşısını təmizləsə, dünya bir başqa gözəl olar”.

Bəs görəsən onda bələdiyyələrə və bələdiyyə hesabına ödədiyimiz vergilərə nə gərək var?


Buzlu yollar dərdi o qədər məni sarsıdıb ki, yeni ideyalar tapmağa düçar olmuşam. Tapmışam da!

Yeni texniki yollar, asfalt kəşf olunsun. Qarı əritməsə belə, heç olmasa qarın yolun üzərinə buz kimi yapışıb qalmasına imkan verməsin.

Qarın sözsüz ki aktivistləri balacalardı. Məktəblərin tətilə çıxması və bütün günü qartopu oynamaq. Bizim uşaqlıq illərində kreativlik daha üstün idi. Qar adam düzəltmək kimi şablon fikirlərdən başqa, hərə öz dostunun atasının sifətini düzəldərdi. Atasız uşaqların qar bayramı da olmazdı.

Eləcədə atasız hökumətin də qara sevinəsi balası olmaz.

Azər Aydın