Atatürk Universitetində Məmməd Araz gecəsi - Fotolar

ataturk-universitetinde-memmed-araz-gecesi-fotolar
Oxunma sayı: 665

Sayğı duruşundan və istiqlal marşından sonra Atatürk Universiteti çağdaş türk ləhcələri və ədəbiyyatı bölümünün başqanı doktor Sedat Adıgözəl açılış nitqi söyləyib. Adıgözəl bəy öz çıxışında Məmməd Arazın həyatı ilə bağlı ətraflı məlumat verib və şairin «Azərbaycan dünyam mənim» şeirini söyləyib. Proqamın ilk hissəsində Azərbaycanın sabiq dövlət məmuru, hazırda həmin universitetin professoru olan Vurğun Əyyub Azərbaycan türkçəsi ilə Türkiyə türkçəsi arasındakı bağlılıqlardan geniş bəhs etməklə fikirlərini Məmməd Arazın poeziyası vaistəsilə təsdiqləyib və bildirib ki, Məmməd Arazın şeirlərindən qaynaqlanan vətən sevgisi, dünya görüşü türk dünyası ədəbiyyatının əzəmətini daha da artırır.

Mərasimin ikinci hissəsində Məmməd Arazın qızı, yazıçı-publisist, «Ədalət» qəzetinin baş redaktoru İradə Tuncay çıxış edib. İradə xanım böyük şairin həyatından, şeirlərindən və bu yaradıcılıqda insanlara və millətlərə böyük diqqətdən bəhs edib. Vurğulayıb ki, «Şeir oxuyun. Şeir dünyaya ancaq və ancaq sevgi gətirir!»

Mədəniyyət mərkəzində keçirilən anım tədbirinin sonunda millət vəkili, yazıçı Aqil Abbas üzünü hər kəsə tutaraq bildirib: «Ölkəni yüksəldən, onu gələcəyə daşıyan sizlər olacaqsınız. Bunun üçün çox çalışmalı, əsl vətəndaş olmalısınız. Məmməd Araz bir şeirində dediyi kimi, «Vətən daşı olmayanadan, olmaz ölkə vətəndaşı». Siz bu vətənin adi bir daşı olsanız yenə vətənə xidmət etmiş olarsınız». Aqil Abbas öz çıxışında Azərbaycan və Türkiyə şair və yazıçılarının türk birliyi, bərabərliyi fikirlərini daha geniş təbliğ etməyinin önəmli olduğunu vurğulamaqla Türkiyənin dünyadakı yerindən, Türkyənin Azərbaycanın keçmişdəki və bugünkü tarixindəki önəmindən ətraflı danışaraq fikrini türk birliyinin möhkəmlənəcəyi təqdirdə Türkiyənin dünya siyasətində necə böyük söz sahibi olacağını dinləyicilərə anladıb.