Ateistin 27 sualına 27 cavab

ateistin-27-sualina-27-cavab
Oxunma sayı: 7788

Belə ki, gecənin bu aləmində (təxminən bir radələrində) ateist təbəqəsindən birisinin 27 sual ilə İslam dininə hücuma keçən bir yazısını oxudum. Düzdür, müəllif 27 sual desə də, onların bir neçəsi sualdan çox müəllifin öz mövqeyi idi. Mən də “Mövqeyə münasibət bildirərlər, cavab yazmazlar”- fikrini əsas götürərək, onun yalnız suallarına cavab yazmağa başladım.
1. Müəllif yazır: “Quranın təsvirinə görə, hər şey Allah-Təalanın izni ilədirsə, bəs onda bu müharibələr, qətliamlar, mavilər, lezbianlar və s. Hadisələr də Allahın izni ilədir?” –Bəli, hər şey - Xocalı Soyqırımı, Mussolininin Efiopiyada 15 min müsəlmanı asması, Stalinin Kursk vilayətində olan məsələlərin birində 15 min polyakı bir gecədə güllələtdirməsi, milyonlarla insanın “gey parad” keçirməsi, qumarbazın öz arvadını qumarda uduzması, rüşvətxorun vəzifəsindən istifadə edib rüşvət alması və s. bu kimi hadisələr Allah-Təalanın izni ilədir.
Belə ki, Allah insana həm pisi, həm də yaxşını da göstərdi. Və insana heç bir canlıda olmayan şüuru verdi. Yaxşılığnın mükafatını, pisliyinin isə cəzasını açıq –aydın bəyan etdi və ona müəyyən bir zamana qədər möhlət verdi.
Əgər birisi Xocalıda hakimiyyətə gəlmək üçün “silahı yerə qoyub” silahsiz əhalini qırğına veririsə, deməli, orada qırğın olacaqdır. Əgər düşünülürsə ki, Allah –Təala əlinə silah alıb bizim yerimizə Xocalıda vuruşacaq imiş, bu cahillikdir. Cahillik olduğu qədər də mövhumatdır. Necə ki, tələbənin imtahana hazırlaşmadan imtahandan kəsilməsi labuddur, ədalətdir. İmtahana hazırlaşamayan tələbə oxumadığı üçün Allahın izni ilə imhatahandan kəsildiyi kimi, müdafiə olunmayan və siyasi oyunların qurbanı olan Xocalı da Allahın izni ilə erməni-rus birləşməsinin hücumuna məruz qalacaqdı və qaldı. Əgər şəhərin müdafiəsi layiqli şəkildə təşkil olunsa idi, həmin soyqırım da olmazdı.
Bəzən irtidad dinindən olanlar müsəlmanları mövhumatçı adlandırırlar. Düzdür, hər zaman olduğu kimi müsəlmanlar lazım olan cavabı verə bilmirlər. Amma esl mövhumatçı elə, yumşaq desək, tənbellik edib tükünü tərpətməyən, sonra isə Allahu-Təaladan möcüze gözləyənlərdir . Axı, əlini 220 vt elektrik enerjinin içinə salan adamı cərəyan vuracaqdır. Möcüzə baş verə bilər, lakin möcüzə hər zaman baş vermir. Ən yaxşısı əli elektrikə vurmamaqdır. Müxtəsərliyi əldən verməmək üçün qısaca onu demək istəyirəm ki, hər kəs öz boynuna düşən vəzifəni icra edib sonra işi qismətinə həvalə etsə mövhumat da olmaz!
2. Müəllif yazır: “Musiqi ifadə etmək, oxumaq, qulaq asmaq, rəqs etmək dində haramdır”. Yazar inciməsin, İslama iftira atır. İslam dinində kişi ilə qadın birlikdə, yəni bir meydancada, müsətəvidə rəqs edərsə, haramdir. Həmçinin hər hansı bir musiqi insanda şəhvət, intihar, kibr və s bu kimi haram hisslər oyadırsa, həmin musiqi də haramdır. Yox, əgər saydıqlarımdan heç biri baş vermirsə, yəni ifa edilən musiqi heç bir haram hisslər oyatmırsa, onda o musiqi haram sayılmaz. Kişilər və qadınlar da ayrıca rəqs ede bilərlər. Eyni zamanda oğulun anası ilə, qızın da ata ilə birgə rəqs etməsinde hər hansı günah yoxdur.
Həmin sualın ikinci qismində isə müellif azanı musiqi adlandırır. Açığı, düşünürəm ki, azana musiqi deyən birisi ilə fikir mübadiləsi aparmağın nə qədər çətin olduğunu təsəvvür etmək o qədər də zəhmət tələb etmir.
3. Müəllif yazır: “Qurana görə foto şəkil, rəsim əsəri, heykəl, video görüntü, və s. haram sayılır. Bes onda pasportda olan şəkilelər, rəsm əsərləri, heykəllər, filmlər və video görüntülər ləğv olunmaldır?” Müəllif yenə iftira atır. Oxucunu da özünü aldatdığı kimi aldatmaq istəyir. Hər kəsdən dönə-dönə, dəfələrlə, çox-çox üzr istəyirəm, İslam o şəkili haram sayır ki, birisi həmin o şəkilə baxıb anonizmlə məşğul olsun. İslam o heykəli haram sayır ki, birisi ona sitayiş etsin. İslam o video görüntünü haram sayır ki, birisi o video görüntüdə pornoqrafiyaya baxsın. İslam dinində pasport şəkili haram sayılmır. Əxlaqi, elmi və mənəvi video görüntülərə baxmaq günah deyildir. Ateizm nəticəni, İslam isə niyyəti qəbul edir. Əgər bir şəkil anonizm üçün istifadə edilərsə haram, passport şəkili üçün istifadə edilərsə məqbul sayılar. Hər şey niyyətdən asılıdır.
4. Müəllif yazır: “Allah iki canlını bir yerdə yarada bilərmi? Lakin insanlar yaradır. Bitkiləri calaq etməklə, heyvanları və insanları başqa növlərlə mayalandırmaqla başqa növlər alır. Halbuki Allah bu növləri yaratmayıb”. Bir daha deyirəm digər suallara da yer qalması üçün qısaca bir misal verim. Nju Sayentis (New Scientist) jurnalının 24 Yanvar 2009-cu il tarixli sayında (səh.35) “Darvin səhv idi2 adlı məqalə çap olunmuşdur. Məqalədə dünyanın bir çox tanınmış bioloji elmi-tədqiqat mərkəzlərinin mütəxəssisləri Darvin nəzəriyyəsinin yanliş olduğuna dair fikirlər səsləndirirlər. Parisdəki Pierre və Marie Kuri Universitetinin (University Pierre and Marie Curie) elmi araşdırma rəhbəri olan Erik Baptestə “biologiya elmi inkisaf etdikcə Darvin nəzəriyyəsi mümkünsüz olur”- bildirir. Kanadanın Vancouver şəhərindəki Britiş Colombia Universitetində Loren Rieseberg isə “təbiətədə təxminən 14% bitkilər calaq oluna bilirlər. Lakin göründüyü kimi, bunlar əsas vermir ki, bütün canlıların təkamül vasitəsi ilə əmələ gəldiyi söylənilsin”- demişdir.
5. Müəllif yazır: “Qadın tam bağlı olmalıdır, həttda səsi belə eşidilməməlidir. Kişi dörd arvad ala bilərkən qadının bir əri olmalıdır. Oğula əmlakdan 2 pay, qıza isə 1 pay düşməlidir. Bəs ədalət? Qadın kişidən 6 dəfə ehtiraslıdır, lakin qadına 1 kişi, kişiyə 4 arvad olar. Oğulun pul qazanmaq imkanı daha çox olduğu halda ona 2 pay, qıza isə məhdudiyyətlər qoyulduğu halda 1 pay düşür. Bu qadını kişidən asılı vəziyyətə salmaq demək deyilmi?” Yazar burada məsələni bir sual şəklində qoysa da əslində burada iki fərqli sual vardır: miras və evlilik. Onu da mütləq qeyd etməliyəm ki, hər iki sual qeyri-müsəlmanların İslama hücum etdiyi “məhşur 101 mövzu”-nun siyahisindəndir.
Qadının kişidən 6 dəfə ehtirasli olduğunu heç yerdə oxumamışam. Bəlkə müəllif haradasa oxuyub, lakin mən əksini oxumuşam. Qərb mütəxəssislərinin tədqiqatlarına inansaq cinsi münasibətlərdə kişilər aparıcı vəzifəni daşıyırlar. Müəllifdən fərqli olaraq bu haqqda oxuduqlarımın mənbəyini də göstərə bilərəm. İslamda bir kişinin ikinci həyat yoldaşının olması bir icazədir, əmr deyildir. Və bu evlənmənin da kəskin şərtləri vardır. Həmçinin kişi
Ilə qadının evlənməsini sadəcə ehtiras üzərində təhlil edilməsini heç ateizmə belə yaraşdırmıram. Digər yandan isə dul bir qadına sahib çıxıb onunla evlənmək, yetim qalmış övladlarına atalıq etmək və onun ehtiraslarını halal yolla ödəmək niyə belə qısqanclıqla qarşılanmalıdır? Axı, siz özünüz deyirsiniz ki, qadın kişidən 6 dəfə ehtiraslıdır.
Miras bölgüsündə də müəllif məlumatsızdır. Yer kürəsində islam dini yeganə dindir ki, ortaya qoyduğu mədəniyyətdə miras ana südü qədər müqəddəs bir şəkildə bölünür. Pozitif hüquqda evli bir kişi vəfat etdikdə əgər valideynlərinə vəsiyyətnamə ilə heç bir miras qoymursa, bütün miras avtomatik olaraq vəfat edəninin arvadına və uşaqlarına keçir və ölənin valideynlərinə heç bir pay verilmir. Lakin İslam dinin də isə vəfat edənə məxsusu olaraq valideynlərinə heç bir miras buraxmamağı yazsa belə ki, İslam dinində haram vəsiyyətlərə əməl olunmur, onun malından valideynlərə də miras verilir.
Oğula əmlakdan 2 pay, qıza isə 1 pay məsələsinə gəlincə isə müəllifin bu qədər sadə bir mövzuda oxucuları çaşdırmaq istəməməsinə təəssüf edirəm. İslam dinində qadına ailə saxlamaq, bacıya isə qardaşa çörək pulu qazanmaq əmr olunmur. Əmr olunan kişilərdir. Kişilərin mükəlləfiyyətidir ki, ailəsinin və yetim qalmış bacının qayğısına qalsın. Mükəlləfiyyəti çox olanın payı da çox olmalıdır.
Bununla yanaşı, pozitif hüquqdan fərqli olaraq İslam dinində qadın ailə qurduğu kişinin malından boşandıqları təqdirdə pay ala bilər, kişi isə evləndiyi qadından boşanarsa qadının malindan pay ala bilməz. Müəllifin qaçırdığı nöqtədə budur; ührəvi hüquqla dünyəvi qərar vermək.
6. Müəllif yazır: “Cinsi münasibət bir bioloji təlabat olduğu halda din onun qarşısını qanunlarla alır . Bu baxımdan bəzi müsəlman ölkələrində həttda qızlara sünnət də edirlər. Belə çıxır ki, Tanrının səhvını düzəldirlər”. Yazarın “bioloji tələbat” fikri ilə razıyam. Bəli, bioloji tələbat vardır, lakin bu sadece biologiya elmində olan tələbatdır və insanın bioloji tərəfi olmaqla yanasşı onunun mənəvi tərəfi də vardır. Ateizm nə qədər insanın sadece bioloji tərəfini qəbul edib mənəvi tərəfini rədd etsə də insanın mənəvi tərəfi danılmazdır. Ateizm insan ilə heyvanda bir-birinə bənzəyən xüsusiyyətləri, din isə aralarındakı fərqi göstərməkdədir. Bu baxımdan da müəllif ateizmi müdafiə etmək üçün insanın sadəcə bioloji tərəfindən söz açır və mənəvi tərəfini qanunlarla “zəncirləmək” istəyir.
Yazar daha sonra qızların sünnət edilməsini “Tanrının səhvini düzəltmək” kimi ifadə edərkən, oğlanların sünnət edilməsini, yeni doğulan körpələrin göbəklərinin kəsilməsini və ümumiyyətlə insanların ən azı həftədə bir dəfə dırnaqlarını kəsməsini heç də “Tanrının səhvini düzəltmək” olaraq göstərmir. Zənnimcə müəllif oğlanların sünnət edilməsinə, yeni doğulan körpələrin göbəklərinin kəsilməsinə və insanların dırnaqlarını tutulmasına təcrübədə rast gəldiyi üçün faydalı sanır, onları “Tanrının səhvini düzəltmək” kimi iddia etmir, təcrübədə rast gəlmədiyini isə pisləyir. Yuxarıda dediklərimi bir daha xatirlatmaq yerinə düşər. Allah insana heç bir canlıda olmayan şüuru verdi və ona halalı-haramı, pisi-yaxşını göstərdi.
Məqaləni bu yerdə dayandırmalıyam. çox təəssüf ki, yazı uzun alındığı üçün digər suallara cavab yazmaq imkanım olmadı. Və sonda üzümü müəllifə tutub ona biz müsəlmanlara ünvanladığı kimi 27 sual deyil, cəmi 7 sual vermək istərdim. Lakin “Elm hələ bunları kəşf etmeyib” deyib sualdan qaçacağı üçün həmin sualları elmin kəşfinə qədər deməməyə üstünlük verirəm.