“Atım, tutum mən səni.....”

atim-tutum-men-seni
Oxunma sayı: 11809

Çox uzaqlarda. Türkiyənin TRT Çocuk kanalında hər axşam uşaqları yatmağa səsləyən on dəqiqəlik verilişdə oxudulan bu layla, və ya türkiyə türkcəsində desək “ninni” şirin gəldi. Bu ninni adlanan üslub, bizim folklor nümunələrimizdən olan oxşama, əzizləmə janrlarına da bənzəyir. Ən əvvəl onu deyim ki, tərifləməyə layiq olan bu kanal yalnız uşaqları tərbiyyələndirmək, ən sadə yolla başa salmaq, yola gətirmək məqsədini güdür. Yəqin ki, bu kanala baxan və uşaqlarına məsləhət görənlər yaxşı bilərlər. Neyləyək, qalmışıq qardaş ölkənin uşaq verilişlərinin ümüdünə. Sağolsunlar, uşaqlarımız əylənir, öyrənir amma, eyni zamanda balaca yaşlarında qardaş ölkənin dilini mənimsəyirlər. Dindirəndə bizə ana dilimizdən çox onların dili ilə cavab verirlər. Qəbahətli bir məsələ yoxdur, axı niyə bu günədək bizim milli uşaq kanalımız yoxdur? Bu da başqa məsələdi, hələlik bu dərdimi açmayım.
Axı layladan danışırdım. Bizim bildiyimiz “Atım, tutum mən səni, şəkərə qatım mən səni” başlıqlı oxşamamızı tamam başqa variantda dinlədim. Bəzən, bizdə birinci hissə “Atam, tutam...” kimi də deyilir. Sözsüz, hər bölgənin şivəsinə uyğunlaşıb.

TRT Çocuk uşaqlar yatmağa getmək üçün bəhanələr etməsin deyə, sözləri tanış gələn bu oxşamanı xüsusi animasiya ilə bəzəyib. Musiqi sədaları altında səslənən nəğmə Mircan Qaya adlı xanımın çox şirin ifasında səslənir. Amma burada bayatı qısaldılmış formada oxunur. Sözlərin bəziləri də deformasiyaya uğrayıb. Əldə etdiyim bütöv bir versiyada isə deyilir.

Atəm, tutam mən səni
Şəkərə qatam mən səni
Akşam babən gələndə ay
Önünə atəm mən səni.

Başlığına mən dolanım
Mən dönüm, mən dolanım
Səni Allah saxlasın
Sayəndə mən dolanım.

Balam sən bir danəsən
Sədəfdən dürdanəsən
Mən ölsəm, sana qurban
Sən ölmə bir danəsən.

Dərya ollam-bulannam
Sulcaq ollam salannam.
Sağ gözüm sənə qurban,
Sol gözümnən dolannam.

Xor-xorun olsun oğlum,
Gül torun olsun oğlum.
Sıralı qavax divində
Düyünün olsun oğlum.

Ev süpürə toz edə,
Hamama gedər naz edər
Əl-ayağı kir içində oy,
Yıkamam deyə naz edər.

Mən bu parçaları hardasa artıq əzbərləmişəm, uşaqlarım da arada zümzümə edirlər. Bu da qənimətdir. Yoxsa, hər dəfə onlarla avtobusda gedəndə “qəşəy, qəşəy..”, “yubkası dar..”(bir sürücüyə musiqi “əsəri”nin ancaq burası ləzzət edirdi), “davay dasvidaniya”(günün “hit”i) və başqa “şedevrlər” səslənəndə stress keçiririrəm. Fikirləşirəm, yaddaşlarında qalar, indi gəl tərgit bunlara.

Televizorda “Atım, tutum....” səslənəndə isə başlayıram ki, “bu bizim mahnıdı, amma türkiyəlilər oxuyur”. Böyük oğlum isə israrla , “bizim olsaydı yazılardı burada”, deyir. Sonuncu dəfə onunla mübahisəm TRT Çocuq kanalına mehribancasına məktub yazmağıma səbəb oldu. Əvvəllərdə bir neçə məsələylə bağlı ora məktub yazıb fikirlərimi bildirmişdim. Onlar da ədəb-ərkanla mənə cavab göndərmişdilər. Bu oxşama ilə bağlı onlayın məktubumda sadəcə həmin “ninni”nin altında “Azərbaycan folklorundan” sözünün yazılmasını istədim. Bu dəfə cavab gəlmədi. Məncə mən haqlıydım, nə qədər türk dünyasının bənzər folklorşünaslıq tarixi olsa da, bu bizim sayılır. Bu vaxta qədər öyrəndiklərimə əsaslanıram. Oxşamada “mən” sözünün yazılışı, deyilişi əsaslandırmam üçün kifayət edər. Burada “atam” və ya “atım” sözü, “atəm” kimi oxunur. Diğər sətirlərdə də hərf dəyişikliyi var. Bir də, fikir versəz, şerin sözlərində “babanın önünə atmaq” məsələsi də maraqlıdır. Uşağı atanın qarşısına neçə atmaq olar? Müxtəlif cür yozulan bunabənzər fikirlər daha çox bizim xalq ədəbiyyatı nümunələrimizdə( “Bağa girdim üzümə, tikan batdı dizimə əyildim çıxarmağa yar sataşdı gözümə” adlı parçada neçə illərdir mübahisə gedir. Axı, əyilənin gözünə yar necə sataşa bilər?) rast gəlinir. Düzü, bu məntiq məsələləriylə məşğul olan folklorşünaslarımız daha yaxşı bilər. İnstitutda yay vaxtı adam tapmaq çətindir. Folklorşünaslıq institutunun internet səhifəsinə baxanda isə hər şey aydın olur. İnternet səhifədə məşhur “faydalı linglər”(mərhum prezidentimizin özü, xanımı barədə) başlıqlı hissədən savayı maraqlandığım mövzu ilə bağlı ətraflı məlumat yox idi. Amma başqa bir yerdən belə məlumat əldə etdim ki, bu nəğmə daha çox Naxçıvan, Qazax bölgəsinə məxsusdur. Tarixi də oradan başlayır. Diğər araşdırmada göstərilir ki, Səfəvilərin hakimiyyəti dövründə tərəkəmələrə məxsus xalq mahnısıdır. Kərkük oxşaması fikri də istisna olunmur.

Bizdən çox Türkiyə ədəbiyyatında “Atım, tutum....”haqqında məlumatlar maraqlıdır. Bəzi mənbələrə görə, “Atım, tutum mən səni...”Türkiyənin Bitlis adlı vilayətinə məxsusdur. Amma diğər mənbədə, bu gün də orada bir çox xalaqların- türkmən, kürd, ərəb, azərbaycanlıların qarışıq şəkildə yaşadığı qeyd edilir. Yəqin ki, bizimkilərin orada olması, bayatının elə bizə məxsusluğuna işarə edir. Yaxud başqa bir mənbədə, “Atım, tutum mən səni.....” məsələsi konkret kiminsə adı ilə bağlanılır. Xalq mahnısı(türküsü) adı kimi göstərilən bu nəğmənin Hüsaməddin Subaşına aid olduğu, yenə də Bitlis vilayətinə məxsusluğu göstərilir. Daha sonra başqa araşdırmalarda adıçəkilən laylanın “Qars qarapapaq beşik nəğməsi”olduğu, yaxud “ahıska türklərinin “Qıbçaq”adlı dastanından gəldiyi söylənilir. Göründüyü kimi, bir çox şifahi xalq ədəbiyyatı nümunələri kimi bu da xeyli mübahisə və fərqli mülahizələrə səbəb olub. Amma sən demə, Türkiyənin tanınmış müğənniləri uzun illərdir bu “Atım, tutum...”u öz üslublarında səsləndiriblər. Onlar arasında məşhur türk xalq musiqisinin təmsilçisi Burhan Çaçan(1989)çıxardığı audio kasetində, tanınmış pop starı Sertab Erener də musiqi diskində yer vermişdir. Hətta 70-çi illərdə çəkilmiş türk filmlərində uşaqlarına layla deyən anaların dilində də söylənilib. Allah canlarını sağ etsin, yenə də onlar bizdən fərqli olaraq xalq ədəbiyyatını yaşatmağa çalışıblar və çalışırlar da.

Nəticədə, bu layla, oxşama, əzizləmə hər nə deyilirsə bugün də uşaqlara xidmət etməlidir. Ortaq türk xalqlarının folklor nümunələri kimi qələmə verilsə belə. Bəzi uşaqlar dilə yatan bu sözləri deyə-deyə yuxuya gedirlər. Tək bizdən başqa....


Sözümün canı...

Sözümün canı odur ki, biz folklorumuzu unuda-unuda gedirik. Tək saz sənəti istisna olunmaqla, digər janrlar barədə söz salan yoxdur. Elə söhbət gedən laylalara gəlincə, nadir ana, nənə balaca uşaqları əzizləmə deyə-deyə yatırdır. İndi gənc anaların çoxu qulaqcıqla mobil telefonunda əcnəbi musiqi dinləyə-dinləyə uşaq arabasını, ya da beşiyi yellədərək körpəsini yuxuya verirlər. Ana laylası dəbdə deyil, ondandır.

Mən Türkiyənin təbliğatına, kanallarında uşaqlara yönəlmiş işinə paxıllıq edirəm. Yəni, bu qibtə hissini də aşıb. Artıq onlarda laylaların təbliğatı ilə bağlı işlır gedir, disklər satışa çıxarılır. TRT Çocuk kanalının özündə ekrana uşaqların sevimli simaları çıxır. Hər gün dəfələrlə ekranda görünən bu insanlar uşaqlara yuxunun xeyirindən bəhs edirlər, vaxtında yatmağı məsləhət görürlər. Saat doqquzu (Türkiyə vaxtı ilə) keçəndə isə “ninnilər”(laylalar) gəlir. Uşaqların televizora baxmaq vaxtı, gündəlik işi yekunlaşır. Əlbəttə, bütün uşaqlar deyilənə əməl etmir. Vaxtında yatmayan uşaqlar da var. Bizdə isə bu böyük, heç kəsin əhəmiyyət vermədiyi məsələyə çevrilib. Uşaqların tv-i izləməsinə nəzarət olmadığı kimi , onların böyüklərlə oturub özünə aid olmayan filmlərə baxması adət halını alıb. Hətta ortayaşlı uşaqlarımızın çoxu valideynlərindən sonra gec saatlarda yatırlar. Layla, oxşama bir tərəfə, azyaşlıların nazını çəkən olmur deyə, onlar da vaxtında yatmır. Məncə, bizi illər sonra yuxusuzluq xəstəliyinə tutulmuş böyük insan ordusu gözləyir..... Allah xeyir eləsin!