Avropa çempionatının final matçlarına bütün biletlər satılıb

avropa-cempionatinin-final-matclarina-butun-biletler-satilib
Oxunma sayı: 641

Bu barədə UEFA-nın əməliyyatlar üzrə direktoru Martin Kalen bildirib:

“AÇ-2012-nin arenalarının heç birində boş yer olmayacaq. Əldə olan məlumata görə, çempionata bütün biletlər satılıb. Əslində bu mövzuya nöqtə qoyub futbol mövzusuna keçmək olar. Bu çempionat çox əlamətdar olacaq. Avropada futbol tarixində biz heç vaxt çempionata bu dərəcədə maraq göstərilməsinin şahidi olmamışıq”.

M.Kalenin sözlərinə görə, Ukrayna-Polşa turniri futbol yarışlarına bilet almağa maraq baxımından bütün rekordları geridə qoyub. Belə ki, həmin turnirə bilet sifarişlərinin sayı 12 milyondan çox olub!

UEFA-nın əməliyyatlar üzrə direktoru bildirib ki, bilet satışı kampaniyaları dövründə ən çox fəallıq göstərən azarkeşlər - çempionata ev sahibliyi edəcək iki ölkənin, habelə İngiltərə, Niderland və İsveçin nümayəndələridi. Qitə birinciliyi matçlarına ən çox bilet alan da bu azarkeşlər olub.
M.Kalen vurğulayıb ki, Avropa Futbol İttifaqı biletlərin alıcılara göndərilməsi məsələsini bilə-bilə ləngidir, çünki həmin biletlərin saxtalaşdırılmasına yol verməmək üçün bir neçə müdafiə dərəcəsi tətbiq ediləcək:

“Biletlərin rəsmi təqdimat mərasimi Kiyevdə və Varşavada eyni vaxtda – aprelin 23-də keçiriləcək. Yeni biletlərin müdafiə dərəcələrinin sayı beşdən artıq olacaq, yaxın vaxtlarda biletləri azarkeşlərin ünvanlarına göndərməyə başlayacağıq. Biletlərin pulunu ödəmiş şəxslərin hər biri həmin biletləri poçtla alacaq. Sizi əmin edirəm ki, bu qayda ilə bütün azarkeşlərin turnir başlayana qədər öz biletlərini alması təmin olunacaq, saxta biletlər hesabına varlanmaq niyyətində olan fırıldaqçılar isə qısa müddətdə yəqin ki, buna nail ola bilməyəcəklər”. (AzərTAc)