Avropa çempionatının növbəti mükafatçısı kim olacaq?

avropa-cempionatinin-novbeti-mukafatcisi-kim-olacaq
Oxunma sayı: 647

“Qafqazinfo”nun verdiyi məlumata görə, Almaniya və Yunanıstan yığmaları üz-üzə gələcək.

Şəxsi görüşlər:


Komandalar indiyə qədər 8 dəfə qarşılaşıb ki, bu oyunlarda yunanlar qələbəyə həsrət qalıb. Görüşlərdən 4-ü Dünya Çempionatının, 2-si Avropa Çempionatının seçmə mərhələsinə, 1-I isə yoldaşlıq görüşünə təsadüf edir. Yalnız bir matç AÇ-nin final mərhələsində baş tutub ki, AÇ 1980-in qrup mərhələsində komandalar qolsuz heç-heçə ilə kifayətlənib. Ümumilikdə “Alman maşını” rəqibini 5 dəfə məğlub edib, 3 dəfə isə tərəflər “sülh”ə razılaşıb. Top fərqi də almanların xeyrinədir – 17:6.

Zədəlilər:

Yunanıstanın heyətində zədədən əziyyət çəkən Kostas Çalkias və Avraam Papadopulosun ehtiyatda qalacağı güman edilir.

Cəzalılar:

Almaniya yığması oyuna itkisiz çıxır. Boatenq keçən oyunda sarı vərəqə cəzasını çəkib və heyətə qayıdıb. Hesabında 1 sarı vərəqə olan Holqer Badştuber isə bu matçda cəzalanarsa yığma ilə növbəti oyunu buraxmalı olacaq. Yunanların heyətində Karaqunis və alman əsilli Holebass cəzalıdır. Papadopulos, Salpingidis və Torossidisin hesabında 1 sarı vərəqə var.

Statistika:

Yunanıstanla oyun Yoahim Lövün Almaniya millisinin baş məşqçisi postunda 83-cü görüşü olacaq ki, baş məşqçi bu göstəricidə 3 nəfərdən geri qalır: Berti Foqts – 102, Helmut Şön – 139, Zepp Herberger – 167.
Danimarka ilə oyunda fərqlənən Lukaş Podolski yığmada 100-cü oyununu keçirib və “100-lər klubu”na daxil olan 7-ci futbolçu olub. Daha əvvəl Tomas Hassler, Frans Bekkenbauer, Yürgen Köhler, Yürgen Klinsmann, Miroslav Kloze və Lotar Matteus bu göstəriciyə imza atmışdı.

22 iyun 2012
23:45 Almaniya – Yunanıstan


Baş hakim: Damir Skomina (Sloveniya)

Ceyhun Əhmədov