Avropa Ermənistanın hərəkətini pislədi

avropa-ermenistanin-hereketini-pisledi
Oxunma sayı: 667

“Qafqazinfo”ya bu barədə məlumat verən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva hazırladığı yazılı bəyanata AŞPA-da təmsil olunan müxtəlif ölkələrdən olan millət vəkillərinin də imza atdığını bildirib. Millət vəkillərinin imzaladığı sənəd AŞPA-nın yazılı bəyanatı kimi qəbul olunub. Assambleyanın iclasında qurumun sədri tərəfindən elan olunan yazılı bəyanat təşkilatın rəsmi sənədi kimi Assambleyada yayılıb.

Sənəddə deyilir: “Ermənistan AŞPA-nın digər bir üzvü olan Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizini işğal altında saxlamaqda davam edir. AŞPA qəbul etdiyi 1416 saylı qətnamədə bu işğalı pisləyərək Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağa çağırmışdı. Buna baxmayaraq, Ermənistan bir daha bilərəkdən AŞPA və BMT qətnamələrinə məhəl qoymayaraq 2011-ci ilin sentyabr ayının 18-də işğal etdiyi Azərbaycan torpaqlarında qurduğu qeyri-qanuni, separatçı rejim, tanınmamış qondarma Dağlıq Qarabağ respublikasında qeyri-qanuni bələdiyyə seçkilərini keçirmişdir. Bu qeyri-qanuni seçkilər beynəlxalq hüquq normalarına, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə zidd olmaqla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair Azərbaycan və Ermənistan arasında gedən çox həssas müzakirələr prosesinə də ciddi zərbə vurmuşdur. Ermənistanın bu addımları həmçinin onsuz da gərgin olan regionda vəziyyəti daha da gərginləşdirir.”

AŞPA-nın qəbul etdiyi bəyanatda Ermənistan tərəfindən keçirilmiş qondarma seçkilərin dünyanın əksər beynəlxalq təşkilatları tərəfindən kəskin pislənildiyi də vurğulanır.
AŞPA-nın qəbul etdiyi yazılı bəyanatda deyilir: “Bunları nəzərə alaraq, Avropa Şurası Parlament Assambleyası bu qeyri-qanuni seçkiləri kəskin pisləyir və Ermənistanı bu cür destruktiv və qeyri-qanuni, beynəlxalq hüquqa zidd addımlarını dayandırmağa çağırır. Çünki bu addımlar beynəlxalq hüquqa və beynəlxalq təşkilatların müvafiq qətnamələrinə zidd olmaqla bərabər, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində davam edən danışıqlar prosesinə mənfi təsir göstərir və təhlükə altına salır, bölgədə vəziyyəti gərginləşdirir.

Avropa Şurası Parlament Assambleyası Ermənistan rəhbərliyini beynəlxalq hüquq normalarına əməl etməyə və münaqişənin tənzimlənməsi prosesində konstruktiv mövqe tutmağa çağırır”.