Avropa Otelinin baş direktorundan cavab gəldi - Mətn

avropa-otelinin-bas-direktorundan-cavab-geldi-metn
Oxunma sayı: 686

Ötən gün “Qafqazinfo” Avropa Otelində işçilərin maaşlarının gecikməsi ilə bağlı informasiya yaymışdı. Bu gün otelin baş direktoru məsələ ilə bağlı saytımıza yazılı açıqlama ünvanlayıb. Həmin açıqlamanı təqdim edirik.

Nəzərinizə çatdırırıq ki, bəzi Kütləvi İnformasiya Vasitələrinin 02 İyun 2011-ci il tarixli sayında “Avropa otelinin işçiləri ayağa qalxdı–başlığı altında anonim ərizə” dərc olunub. Müəssisəmizin fəaliyyətinə dair heç bir araşdırmaya ehtiyac görülmədən və yerində tədqiq olunmadan, belə yanlış məlumatların ölkəmizdə özünəməxsus yeri olan və hər zaman həqiqətləri, əsaslı xəbərləri yazdığını bəyan edən bəzi KİV-lər tərəfindən dərc olunması tərəfimizdən təəccüb və təəssüflə qarşılanıb. Dərc olunan yazıda əsassız olaraq personalın sıxışdırıldığı, həmçinin, fəaliyyətimizdə Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı hörmətli prezidentimiz cənab İlham Əliyevin siyasətinə və qərarlarına zidd görüşlərin olduğu qeyd olunmuşdur. Yazıda ifadə olunan bu məlumatların tamamilə əsassız olduğunu bildirir, mehmanxanamızın bu gün də hörmətli prezidentimizin ali siyasəti işığında yüksək keyfiyyətli xidmətini davam etdirdiyini, xüsusən də 2011-ci ili “Turizm İli” kimi elan etməsini alqışladığımızı, fəaliyyətimizin məhz bu istiqamətdə qurulduğunu diqqətinizə çatdırırıq. Belə ki;

İlk olaraq nəzərinizə çatdırırıq ki, müəssisəmiz ölkədə yüksək səviyyəli mehmanxana xidmətlərinin göstərilməsi sahəsində çox əhəmiyyətli bir missiyanı üzərinə götürmüşdür və bu missiyanı gənc peşəkar personalımızın yüksək səviyyəli bilikləri, gün keçdikcə artan intizamları, işlərində sərgilədikləri əzm və cəfakarlıqları sayəsində layiqincə yerinə yetirməkdədir. Məhz bunun nəticəsidir ki, müəssisəmiz göstərdiyi yüksək səviyyəli xidmətlərin müqabilində bir cox mükafatlara layiq görülmüşük. (Məs: “Azərbaycan Bayrağı” “TSUAB –ın fəxri üzvü” “Caspain Energy- ilin mehmanxanası” və s. Bu kimi bir çox mükafatlar)

Daha sonra onu da qeyd edək ki, kütləvi informasiya vasitələrinin sosial, iqtisadi, xidmət və s. sahələrdəki problemləri, nöqsanları və qanunsuzluqları işıqlandırmasını təqdirlə qarşılayır, o cümlədən turizm sahəsində baş verən müsbət və mənfi halların nəşrlərinizdə ictimaiyyətə çatdırılmasının son dərəcə başa düşülən hal olduğunu nəzərinizə çatdırırıq. Lakin onu da qeyd etmək istəyirik ki, mehmanxanamızda personalın əmək haqlarının gecikdirilməsi barəsində bildirilmiş iradlar anti-reklam məqsədi daşıyır. (Bu “Avropa” mehmanxanasının dünyanı bürüyən və Azərbaycan Respublikasından da yan keçməyən iqtisadi böhran səbəbindən qısa müddətli durğunluğundan sonra yenidən turizm bazarına inamlı addımlarla daxil olması əhali və əcnəbi qonaqlar arasında mehmanxanamıza inamsızlığın artırılması istiqamətində (ola bilsin ki, rəqibləri tərəfindən) aparılan anti-təbliğat fəaliyyətdir. Müəssisəmizin daxili işləyiş qaydaları barədə kifayət qədər məlumata sahib olmadığınızı nəzərə alaraq sizi əmin edirik ki, qeyd edilən hallar mehmanxanamızda mövcud deyildir.

Müəssisəmizdə mövcud olan əmək haqlarını tələb edən personalın işdən çıxarılması barədə dərc edilən anonim iradlara gəldikdə isə, müəssisəmizdə çalışan hər bir personalla Azərbaycan Respublikasında qüvvədə olan müvafiq qanunvericiliyin tələbləri çərçivəsində əmək münasibətləri tənzimlənir və işdən öz xahişi ilə azad olmaq istəyən personalın əmək müqaviləsinə xitam verilməsi onun sərbəst iradəsi ilə vermiş olduğu qərar əsasında həyata keçirilir. (Ən azından anonimçilər bunun əksini sübut edən rəsmi materialları redaksiyanıza təqdim edə bilərdilər)

Eyni zamanda kadrlar şöbəsinin müdiri (həm də mehmanxananın hüquqşünası) ilə bağlı böhtan xarakterli iradlarla bağlı qeyd edək ki, mövqeyindən, milliyyətindən və sosial statusundan asılı olmayaraq hər bir personala qayğı ilə yanaşan, kollektivdə kifayət qədər hörmətə malik kadrlar şöbəsinin müdirini nüfuzdan salmağa yönələn anonimçiləri təəssüflə qınayırıq. Həmçinin nəzərinizə çatdırmaq istərdim ki, kadrlar şöbəsinin müdiri gənc olmasına baxmayaraq yetərincə təcrübəyə malik, məsuliyyətli və perspektivli bir kadrdır. Onun tərəfindən tanışların cəlb olunması ilə bağlı irada gəldikdə isə diqqətinizə çatdıraq ki, “anonimçilər” heç olmasa sübut kimi onun tanışlarının adlarını cəkə bilər və bunu təsdiq edən müvafiq sənədləri sübut növü kimi redaksiyanıza təqdim edərdilər. Bildiririk ki, müəssisəmizə eləcədə onun peşəkar kadrlarının nüfuzdan salınmasına qarşı bildirilmiş iradlar qərəzli məqsədlər daşıyır. Bu cür böhtan xarakterli, heç bir sənədi sübutu olmayan qərəzli mövqe bir daha düşünməyə əsas verir ki, bu qabaqcadan düşünülmüş və “Avropa Mehmanxanasının” və onun heyətinin anti-reklamına yönəlmiş bir addımdır.

Bütün bunları nəzərə alaraq yayılmış informasiyanın həqiqətə uyğun olmadığını bildiririk. Fəaliyyətimizlə əlaqədar yaranacaq mövzulara aydınlıq gətirilməsinin “anonim xarakterli” yazılara əsaslandırılmasını düzgün hesab etmirik və münasibətlərin aydınlaşdırılması istiqamətində əlaqədar mövzularla bağlı qarşılıqlı yazışmalarımızın daha faydalı olacağı inancındayıq. Qərəzsiz tənqidlərə açıq və anlayışlı olduğumuzu qeyd edir, eyni zamanda əhaliyə düzgün informasiyanın çatdırılması üçün gələcəkdə bənzər hallara yol verilməməsi üçün müvafiq tədbirlərin görüləcəyinə inanırıq.

Nəticə olaraq, bu günədək əldə etdiyimiz nailiyyətlərdə bizə hər zaman dəstək olan mətbuatımızın əməyini vurğulamaq istəyir, bunun əksinə heç bir araşdırma aparılmadan dedi-qodu xarakterli məlumatlarla doğruları ləkələmək məqsədli fəaliyyətləri isə şiddətlə qınadığımızı nəzərinizə çatdırırıq.

Sonda xususilə hörmətli prezidentimiz cənab İlham Əliyevin ölkəmizin sosial-iqtisadi inkişafı naminə apardığı uğurlu siyasəti və ali qərarlarını hər zaman səmimi-qəlbdən alqışladığımızı, dəstəklədiyimizi və “Avropa Mehmanxanası” olaraq göstərdiyimiz yüksək səviyyəli xidmətlərimizlə hər zaman xalqımızın və kifayət qədər turizm potensialına malik dövlətimizə təşrif buyuran əcnəbi qonaqlarımızın hüzurunda olduğumuzu qeyd edirik.

Hörmətlə, Tolqa A. Akkaş
Baş Direktor”