“Avropa Şurası Azərbaycana sanksiyalar tətbiq etməlidir” – Müsahibə

avropa-surasi-azerbaycana-sanksiyalar-tetbiq-etmelidir-musahibe-
Oxunma sayı: 753


- Cənab Ştrasser, sizi Azərbaycanla, belə demək mümkünsə, konkret nələr bağlayır?

- Spesifik bir neçə sahə var ki, məni Azərbaycanla bağlayır. Mən 2002-ci ildən Almaniya Bundestaqının deputatıyam. Eyni zamanda, parlamentdə insan hüquqları və humanitar yardım komissiyasının üzvüyəm. 2005-ci ildən isə Almaniyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin tərkibindəyəm. Ölkəmdə olduğu kimi, orada da insan hüquqları və humanitar yardım sahəsilə məşğulam. Iki ildir ki, mənim Azərbaycan üzrə mandatım var, siyasi məhbuslar üzrə məruzəçiyəm.
Bildiyiniz kimi, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və üzvlüyə qəbul ediləndə bir sıra öhdəliklər götürüb. Məlumdur ki, bu cür öhdəlikləri yerinə yetirmək bir günün işi deyil və uzun zaman tələb edir. Hazırda Azərbaycan Avropa Şurasında monitorinq prosedurunun içindədir. Bu monitorinqə Azərbaycanda insan hüquqlarının vəziyyəti və demokratik seçkilərin keçirilməsi daxildir. Eyni zamanda, mənim vəzifəmlə bağlı Avropa Şurasının müvafiq qərarı var. AŞ PA Azərbaycanda insan hüquqlarının vəziyyəti və xüsusilə, siyasi məhbuslarla bağlı məruzə hazırlamaq öhdəliyini mənim üzərimə qoyub.
Təqribən bir il əvvəl mənim səlahiyyətlərim bir qədər də artırıldı. Bu da ondan ibarətdir ki, biz Azərbaycan tərəfilə siyasi məhbus anlayışını dəqiqləşdirməliyik. Mənim fikrimcə, bu, çox əhəmiyyətli bir məsələdir. Çünki hər hansı bir insanın siyasi məhbus olub-olmamasını müəyyənləşdirmək üçün müəyyən meyarlar mövcud olmalıdır. Kiminsə bu və ya digər səbəblərdən qanunsuz həbs olunması onun siyasi məhbus elan edilməsinə imkan vermir. Ona görə də bu məsələnin Azərbaycan kontekstində aydınlaşdırılması çox vacib məsələdir.
Qeyd edim ki, 2001-ci ildən etibarən Avropa Şurası siyasi məhbus anlayışının aydınlaşdırılmasıyla əlaqədar işlər görüb. Bu üzdən “siyasi məhbus” termini bundan əvvəl hazırlanan hesabatlarda da istifadə olunub. Bu hesabatlar Azərbaycanla yanaşı, Ermənistana da aid edilib. Belə demək olarsa, mənim mandatımın siyasi məhbuslarla bağlı məqamın aydınlaşdırılması hissəsi artıq həllini tapıb.

“Siyahımızda 100 nəfər siyasi məhbusun adı var”

- Azərbaycan hakimiyyəti ölkəmizdə siyasi məhbuslar probleminin qaldırılmasını ikili standartlarla izah edir və bu zaman eyni münasibətin nədən Ermənistana göstərilmədiyi sualını qoyur. Cavabınız nədir? Doğrudanmı ikili standartlar mövcuddur?

- Siyasi məhbus anlayışından da Azərbaycanın iddia etdiyi kimi, təkcə sizin ölkə üçün yox, Ermənistan üçün də istifadə edilib. Azərbaycan tərəfi bizimlə əməkdaşlıqdan imtina ilə bağlı əsasən iki səbəb göstərir. Birincisi, deyirlər ki, siz siyasi məhbus anlayışını bizim üçün dəqiq müəyyənləşdirməmisiniz. Ikinci səbəb kimi isə deyirlər ki, siz siyasi məhbus məsələsindən yalnız Azərbaycana qarşı istifadə edirsiniz, ancaq başqa ölkələrə, məsələn, Ermənistana qarşı istifadə etmirsiniz. Amma biz hər iki ölkəyə qarşı eyni termindən istifadə edirik.
Əslində, Avropa Şurasına üzv olan digər ölkələr kimi, Azərbaycanda da siyasi məhbus olmamalıdır. Azərbaycan AŞ PA-ya üzv olduğu ildən müxtəlif QHT-lər tərəfindən bu quruma siyasi məhbus siyahısı təqdim edilib. O siyahıda 716 nəfərin adı öz əksini tapmışdı. Bizim göstərdiyimiz cəhdlər nəticəsində həmin məhbusların böyük bir hissəsi həbsdən azad edilib. Son nəticədə artıq bizim siyahıda 100 nəfər qalıb ki, onların vəziyyəti barədə məruzə hazırlamaq mənim mandatıma daxildir.
Bir ildən artıqdır ki, Azərbaycan tərəfilə əməkdaşlıq etmək üçün bütün imkanlardan yararlanıram. Azərbaycanlı həmkarlarımın yardımıyla ora gedib birbaşa yerində faktlarla tanış olmaq istəyirəm ki, görüm həqiqətən siyasi məhbus var, ya yoxdur, vəziyyət necədir və bu barədə hesabatı hazırlayım. Mənim üçün çox vacibdir ki, məhz bu səlahiyyətlər çərçivəsində Azərbaycana səfər edim. Bu məqsədlə də dəfələrlə Azərbaycanın nümayəndəliklərinə müraciət etmişəm. Amma təəssüf ki, mənə məhz mandatıma uyğun olan viza verilməsindən imtina edilib.

Ermənistandakı siyasi məhbuslar azad edilib...

- Viza verilməməsinə səbəb kimi konkret nə göstərilir?

- Dəfələrlə deyilib ki, istədiyiniz vaxt bizim ölkəyə turist kimi gedə bilərsiniz. Ancaq mən Azərbaycana turist kimi yox, öz mandatım çərçivəsində getmək istəyirəm. Qeyd etdiyim kimi, bu mandatla bağlı isə mənə viza verilmir. Yanlış təsəvvür yaranmasın deyə, bildirim ki, keçən il Azərbaycanda keçirilən parlament seçkilərilə əlaqədar müşahidə missiyasının tərkibində mənə də viza verilmişdi və mən ora getmişdim. Amma bu səfər sırf seçkilərlə bağlı idi.
Mənə mandatıma uyğun vizanın verilməməsinin iki başlıca səbəbi var. Birincisi, Azərbaycan hakimiyyəti deyir ki, bizdə ümumiyyətlə, siyasi məhbus yoxdur. Ikinci də tələb edirlər ki, siyasi məhbuslarla bağlı məruzə yalnız Azərbaycana şamil edilə bilməz. Onlar istəmirlər ki, yalnız Azərbaycan Avropanın mənfi ölkəsi olsun. Ancaq belə deyim ki, Avropa Şurası mənə bir vəzifə verib. Bu vəzifə ondan ibarətdir ki, mən Azərbaycandakı siyasi məhbuslarla bağlı məruzə hazırlayım. Bu, mənim üzərimə qoyulan rəsmi öhdəlikdir. Mən bu öhdəlik və vəzifəmi özüm istəyərək almamışam. Bu, Avropa Şurasından gələn rəsmi tapşırıqdır. Əgər Azərbaycan tərəfi düşünürsə ki, başqa ölkələrdə də siyasi məhbuslarla bağlı problem var, onda Azərbaycan tərəfi Avropa Şurasına müvafiq ərizəylə müraciət etməlidir. Müraciətdə başqa ölkələrdəki siyasi məhbuslarla bağlı hesabatın hazırlanması tələb olunmalıdır. Amma yalnız sözlə iddia etmək olmaz ki, başqa ölkələrdə də siyasi məhbus var, məruzə isə yalnız Azərbaycana aid edilir. Mən bunu doğru addım saymıram. Bir məqamı da deyim ki, bu iki il ərzində biz Azərbaycanın qonşusu Ermənistan barədə araşdırma aparmışıq.

- Ermənistanda da siyasi məhbuslar varmı?

- Bu ilin yaz və yay aylarında Ermənistanda olan siyasi məhbusların hamısı - xüsusilə, AŞ PA-nın siyasi məhbus anlayışına düşən məhbuslar azad edildilər. Biz düşünürdük ki, məhz Ermənistanda olan proseslər Azərbaycana da təsir etmiş olar. Amma gördüyümüz kimi, heç bir təsir etməyib. Bu da təəssüf doğurur.
Bu günə qədər mən üç dəfə Azərbaycan tərəfinə rəsmi ərizəylə müraciət etmişəm. Bir ərizəmə rəsmi surətdə rədd cavabı verilib. Xüsusilə, konsulluğa müraciətimdən sonra Azərbaycanın Almaniyadakı səfiri mənə məlumat verib ki, bu məsələ səfirlik yox, Azərbaycan Xarici Işlər Nazirliyi səviyyəsində həll olunmalıdır. Bundan sonra mənə rədd cavabı verilib. Bunun ardınca Almaniyanın ombudsmanı Markus Löninq Azərbaycana gedərək bu barədə müzakirələr aparılıb. Həmin ərəfədə mən yenə də ərizə ilə müraciət etmişəm. Indi də Azərbaycanla AŞ PA arasında kompromislərlə bağlı müzakirə aparılır və mən bu kontekstdə viza almaq üçün üçüncü dəfə ərizəylə müraciət etmişəm.

Ad çıxarılsa da, mövzu Azərbaycandır...

- Maraqlıdır, bu cür mühüm bir məsələdə söhbət Azərbaycanla AŞ PA arasında hansı kompromisdən gedir?

- Kompromis ondan ibarətdir ki, bu yaxınlarda AŞ PA-nın hüquq məsələləri və insan hüquqları komitəsinin sədri cənab Pirqurides Azərbaycana səfər edib. O, sentyabrın 2-də Ilham Əliyevlə görüşərək danışıqlar aparıb. AŞ PA ilə Azərbaycan arasında belə bir kompromis əldə edilib ki, mənim mandatımın adından Azərbaycan sözü çıxarılsın. Mən 2001-ci ildən bəri AŞ PA-nın hazırladığı məruzələrin davamını hazırlamalıyam. Bu məruzələr isə yalnız Azərbaycanla bağlı olub, yalnız Azərbaycandakı siyasi məhbuslardan söhbət gedib. Ona görə də mandatımdan Azərbaycanın adı çıxarılsa da, söhbət Azərbaycandakı siyasi məhbuslardan gedəcək.
Öz mövqeyimi ifadə edim ki, mən kompromislə razı deyiləm. Bu, elə də xoşagələn nəticə deyil. Bu kompromis mənim iştirakım olmadan qəbul edilib. Ona görə də etirazımı bildirirəm, razı olmadığımı qeyd edirəm. Amma buna baxmayaraq, artıq kompromis mövcuddur.

Sanksiyalar tətbiq olunmalıdır!

- Buna etiraz edərək istefa verməyiniz mümkündürmü?

- Təbii ki, buna alternativ olaraq deyə bilərəm ki, mən istefa verirəm. Amma bununla kiməsə kömək edə biləcəyimə inanmıram. “Nə etmək olar?” sualına cavab olaraq bildirirəm ki, mən AŞ PA-da gedən proseslərlə razı deyiləm. Hazırda orada bu məsələlərlə bağlı müəyyən qruplaşmalar yaratmağa cəhd göstərilir ki, bu da xoşagələn deyil. Məhz bu proseslər nəticəsində Avropa Şurasının əsas prioritetləri olan insan hüquqları və demokratiya kimi məsələlərə kölgə düşür.
Azərbaycanla siyasi məhbus anlayışı barədə müzakirələr aparmaq olar. Amma Avropa Şurasına daxil olan bir ölkə onun oyun qaydalarına riayət etməlidir. Əgər Azərbaycan bu qaydalara riayət etmək istəmirsə, onda Avropa Şurası sanksiyalar tətbiq etməlidir. Onun səsvermə hüququnu əlindən almağa qədər gedilməlidir ki, Azərbaycan tərəfi hansı quruma üzv olduğunu və onun oyun qaydalarını başa düşsün. Mənə növbəti dəfə viza verilməyəcəyi təqdirdə, yaxşı olardı ki, Avropa Şurası bu barədə düşünsün. Mən bunun belə olacağına inanıram.

- Azərbaycana səfərə hazırlaşırsınız. Yenə mandata uyğun viza verilməsə, nə baş verəcək?

(ardı var)