Avropa Şurasından müxalifətçilərin həbsinə etiraz gəldi

avropa-surasindan-muxalifetcilerin-hebsine-etiraz-geldi
Oxunma sayı: 638

Avropa Şurasının baş katibi Torbörn Yaqland 2 aprel mitinq iştirakçılarının həbsini pisləyən bəyanatla çıxış edib.
Bəyanatın “Turan”a daxil olan mətnində deyilir:
“İfadə azadlığı olmadan demokratiya ola bilməz. Buna görə Arif Hacılının, Məhəmməd Məcidlinin, Tural Abbaslının və Fuad Qəhrəmanlının aprelin 2-də Bakıda ictimai asayişin pozulmasında və hökumət əleyhinə mitinq təşkil etməkdə ittiham edilərək oktyabrın 3-də məhkəmə qərarı ilə azadlıqdan məhrum olunmaları məni dərindən narahat edir.
Bu qərar Avropa Şurasının üzvü kimi Azərbaycan hakimiyyətinin hörmət etməyə borclu olduğu öz əsas hüquqlarından istifadəyə səy edən digər şəxslər barəsində də eyni hökmlərin çıxarıla bilməsi narahatlığının artması fonunda verilib.
Belə narahatlıq törədən meyllər vəkillərin fəaliyyət şəraitinin kəskin şəkildə pisləşməsi fonunda baş verir. Mən hakimiyyəti vəkilləri, ilk növbədə isə müxalifətçilərin hüquqlarını müdafiə edən vəkilləri normal şəraitlə təmin etməyə çağırıram.
Avropa Şurası bildirir ki, ölkə qanunlarının insan haqları və əsas azadlıqlarının, ilk növbədə isə ifadə və sərbəst toplaşma azadlığının müdafiəsi üzrə inzibati və hüquqi təcrübəsini hər bir vətəndaşın ondan istifadə edə bilməsi səviyyəsində təmin etməsi üçün Azərbaycan hakimiyyətilə sıx işləməyə hazırdır”.