“Avropa və ABŞ Azərbaycana kart-blanş verib”

avropa-ve-abs-azerbaycana-kart-blans-verib
Oxunma sayı: 986

Sovetlər Birliyi dağılmazdan öncə, müsəlman dünyasında ən dünyəvi və kübar cəmiyyət kimi Türkiyə hesab olunurdu. O bütün dünyaya bir müsəlman örnəyi idi. Azərbaycan 1991-ci ildə müstəqillik qazanandan sonra Türkiyə titulunu onunla bölüşməyə başladı. Azərbaycan özündə, müsəlman ənənələrini yaşadan, zərərsiz və fundamentalizmdən uzaq Millətçiliyi, Türkçülüyü, Turançılığı yaşadan, Asiya və Avropa mədəniyyətini hər addımda da bölüşən mədəni və kübar bir cəmiyyət ortaya qoydu. Dünənə kimi, Rusiya İmperiyası içində itib-batan bir ölkə 1918-1920-ci illərdə Müsəlman Şərqində ilk demokratik cümhuriyyət qurduğunun, sadəcə təsadüf olmadığını bir daha sübut etdi.

Azərbaycan İsrail ilə diplomatik və dostluq əlaqələri quran az müsəlman dövlətlərindən biri oldu. Hətta, Azərbaycan insanlarının bu gün də qardaş Türkiyədən daha çox Avropa dəyərlərini özündə əks etdirdiklərini iddia etsəm, inanıram ki, qardaşlarımız məndən inciməzlər. Bəlkə də, biz qardaş Türkiyədən daha çox Avropalıyız. Bununla bərabər, biz həm də daha çox Asiyalıyız. Mədəniyətimiz o qədər zəngin və qarışıqdır ki, müsəlman dünyasında ilk dəfə olaraq demokratik respublika yaratmağımız, ilk teatr yaradan və opera qoyan ölkə olduğumuz, qadınların seçki hüququnu tanıyan ilk ölkə olduğumuz, artıq heç kimə təsadüf və sirli görünmür.
Bütün bu “ilk”lərin fövqündə Qərb Azərbaycanı özünün tərkib hissəsi kimi görmək istəyir. Qərb Azərbaycanı müsəlman dünyasında örnək olaraq görmək və müsəlman dünyasında liderliyi Türkiyə ilə bölüşdürməsini arzulayır. Qardaş Türkiyə Avropa Birliyinə qəbul olunmasada, Azərbaycan üçün bu çox asandır. Deyərdim ki, Azərbaycan ös siyasi, sosial, iqtisadi, və mədəni standartlarını Avropa qanunlarına 2 il ərzində uyğunlaşdırsa, 3-cü il, sözsüz ki, Avropa Birliyinin tam üzvü olar. Azərbaycanın qlobal oyunçu olması üçün, onun tam demokratikləşməsi lazımdır. Avropa və ABŞ Azərbaycanın güclü olmasında çox maraqlıdır. Azərbaycan Avropa Birliyinin sərhəddinin qurtardığı məkandır. Məhz, buna görə də onlar güclü və stabil Azərbaycan dövlətində maraqlıdırlar. Ən azından öz təhlükəsizliklərinin təminatı üçün.
Bütün yuxarıda deyilənləri nəzərə alaraq, belə qənaətə gəlmək olar ki, Avropa və ABŞ Azərbaycana kart-blanş verib. Demokratikləşmək üçün verilən bu kart-blanşın vaxtı yaxınlarda bitəcək. Buna görə də, prezident İlham Əliyevin ardıcıl və dəyərlərə söykənən demokratikləşmə prosesinə başlaması zəruridir. İlham Əliyevin tarixdə demokrat kimi qalmaq şansı var. Əgər YAP hakimiyyəti demokratik proseslərə başlayarsa, kart-blanşın ömrü uzadıla da bilər.