Avropadan 10 dəfə geri qalırıq

avropadan-10-defe-geri-qaliriq
Oxunma sayı: 694

Əks halda evsizlik problemi daha geniş vüsət alacaq. Bu barədə “Qafqazinfo”ya İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Cavid Xəlilov bildirib. Ekspert hesab edir ki, mənzillərin əlçatanlıq səviyyəsinə görə Azərbaycan bir sıra Avropa ölkələri ilə müqayisədə 10 dəfə, hətta bəzi ölkələrdən 20 dəfə geri qalır. Onun sözlərinə görə, bu sahədə vəziyyət ildən-ilə geriləyir: “Ölkədə orta aylıq maaşla 0,41 kvadrat metr mənzil sahəsi əldə etmək olar. Halbuki Avropa statistik qurumunun məlumatlarına görə, İngiltərədə bu göstərici 5,41 kvadrat metr, Finlandiyada isə - 10,55 kvadrat metr təşkil edir. Təhlillərimiz göstərir ki, bu sahədə vəziyyət heç də ürəkaçan deyil və hətta ildən ilə pisləşir”.

C. Xəlilov qeyd edir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, əgər 2008-ci ildə ölkədə 1008 ailə öz mənzil şəraitini yaxşılaşdırmağa müvəffəq olubsa, 2009-cu ildə cəmi 941 ailə buna nail ola bilib. “Bu isə o deməkdir ki, hər il ailələrin orta hesabla 0,05%-i öz mənzil şəraitini yaxşılaşdıra bilir”, -deyə ekspert əlavə edib.

Uğurlu xarici təcrübələrə toxunan ekspert bildirib ki, əksər ölkələrdə mənzil probleminin həllini dövlət öz üzərinə götürür və bu müxtəlif proqramlar vasitəsilə həyata keçirilir: “Beynəlxalq təcrübədə analoji proqramlar uzun illər tətbiq olunur. Qonşu Rusiya hələ 2005-ci ildən “Rusiya Federasiyası vətəndaşları üçün - əlçatan və rahat yaşayış sahələri” adlı milli layihə icra olunmağa başlayıb. Burada əsas hədəflərdən biri – mənzil almaq imkanına malik olan ailələrin xüsusi çəkisini 9%-dən 30%-ə qədər artırmaqdır. ABŞ-da icra olunan “Yaşayış sahələrinə əlçatanlığın təmin edilməsi” dövlət proqramı eyni məqsəd daşıyır. “Eyni zamanda, İngiltərədə hələ 2008-ci ildə “Yaşayış sahələri və bərpa aktı” qəbul olunub”.

Ekspert qeyd edib ki, Azərbaycanda mənzil təminatı sahəsində vəziyyəti yaxşılaşdırmaq üçün hökumət “Aztəminatlı əhali üçün (əlçatan) sosial mənzil proqramı” qəbul etməli və bu proqram konkret hədəflərə yönəlməlidir. Proqramın əsas qayəsi ölkədə aztəminatlı təbəqələr üçün əlçatan qiymətlərlə mənzillərin (sosial yönümlü) tikintisi olmalıdır.

Nigar Məmmədli