Avropanın fəthi

avropanin-fethi-
Oxunma sayı: 1222

Almaniyada keçirilən “Eurovision” musiqi yarışmasındakı ifaçılarımızın qələbə xəbəri təzəcə gəlib qulaqlarımıza çatmışdı ki, bu ölkənin qapıqonşusu, dünyada “mavi mələklərin” vətəni kimi tanınan Hollandiyadan aldığımız xəbər sevincimizi alayarımçıq burnumuzdan gətirdi. Hollandlar zəng vurub dedilər ki, burda, bizim ölkədə yaşayan bir mühacir azərbaycanlı ailəsində ailə qətliamı baş verib; sən demə, dəliqanlı kürəkən qəməni əlinə alaraq hələ ki, məlum olmayan səbəbə görə, arvadını, arvadının atasını, anasını, bacısını… bıçaqlayaraq qətlə yetirib. Bu hadisəyə xalqımızın başını qürbət eldə aşağı eləyən nankor oğul damğası vurmaq fikrim yoxdur, yəni kürəkəni danlayım ki, bıçaqlamaq firkin vardısa, onun-bunun qapısında niyə bıçaqlayırdın, gəlib öz qanımızı öz xarabamızda axıda bilməzdin? Yox, bu fikirdə deyiləm, toba.

Gənc Eldarla Nigarın ifasına, geyiminə, davranışlarına bizim milli mədəniyyətimiz demək hələ çox tezdir. Bu, bizim dünyadan öyrənib milliləşdirmək istədiyimiz bir mədəniyyətdir. Bizim əsl milli mədəniyyət Almaniyada yox, Hollandiyada etdiklərimizdir. Müasirliklə adət-ənənənin fərqi budur; biri Avropaya əlimikrofonlu gedir, o biri əliqəməli. Məncə, bu ailəqətliamı vasitəsilə Hollandiyadakı adət-ənənəmiz Almaniyadakı müasirliyimizə barmaq silkələdi, yəni cızığınızdan çıxmayın, burdayam, beş addımlığınızdayam, gəlib qarnınızı yortaram. Millilik müasirliyi yenə hədələdi.

İşin ikinci maraqlı tərəfi budur ki, artıq cəsarətlə deyə bilərik ki, çağdaşlığımızla yanaşı, adət-ənənələrimiz də ölkə sərhədlərini aşaraq Avropanı fəth etməkdədir. Lakin xalqımız nədənsə ikincinin qələbəsini görümür, ya da özünü görməməzliyə vurur. Bilmirəm niyə? Gecə-gündüz demirdik ki, dünyada azərbaycanlı ailəsindən möhkəm ailə yoxdur, buyur, bu möhkəm ailənin sorağı artıq Avropadan gəlir. Düzdür, bu sorağın üstündə bir az qan ləkəsi var, amma olsun, onsuz da, avropalılar belə şeyləri qanmazlar. Bəyəm qansız-qadasız möhkəm ailə olur?
İşin üçüncü tərəfi isə budur ki, bu cür külfət soyqırımları öz ölkəmizdə baş verəndə ekspertlər bunu sosial durumun ağırlığı, ailələrin maddi vəziyyətinin çətinliyi kimi cəfəng arqumentlərlə əsaslandırırlar. Hollandiyada da sosial durum ağırdır? Demək, sosial durum-zad boş söhbətdi, etiraf edək ki, təbiətimizdə patriarxal, eqoist kişi vəhşiliyi, xüsusilə arvad-uşağa qarşı hələ də özünün çiçəklənmə dövrünü yaşayır.

Təsəvvür edirəm, indi bu bir-birini bıçaqlayan qürbətdəki möhkəm ailəmizin hollandiyalı qonşuları necə depressiya keçirirlər; kimi təcili evini satır, kimi həkim nəzarəti altındadır, kimi bütün günü kilsədə şam yandırıb Allaha yalvarır, kimi gördüklərini əsə-əsə polisə danışır, kimi uşaqlarını vaxtından tez yatırdır – maşallah, Avropanı lərzəyə salmışıq. Heç sultan Mehmet Konistantinopula girəndə belə qorxmamışdılar. İndi gör bu hadisədən sonra Hollandiyada falçılıq necə inkişaf edəcək. Yıxıldı Gerardüst Hooftun koması (Fizika sahəsi üzrə sonuncu Hollandiyalı alim – 1999). Bundan sonra “Mavi mələklər” ölkəsi qara çadraya bürünməsə, kişilikdə payım yoxdu. Hələ Hollandiyada keçirilən qurban bayramı festivallarını demirəm; dünyanın dörd bir tərəfindən bütün dünya hollandları tökülüb gələcək, qoyunların mələrtisi, daşa çəkilən bıçaqların səsi, alnına qoyun qanı yaxılmış hollandbalaların sevinci… Qiyamət olacaq.

Ümumiyyətlə, bu Hollandiya ki var, son zamanlar çox baş aparırdı. Ölkədə bir dənə başıpapaqlı kişi qalmamışdı. Hərəsi qulağına bir arvad sırğası tapıb, Şimal dənizinə qarşı tikdikləri 60 m hündürlüyündəki dambaların üstünə hisə verilmiş treska balığı ilə pivə içə-içə obaşa-bubaşa avaralanırdılar. Milli qürur, millət təəssübkeşlik, az qala, unudulmuşdu.

Görərsiniz, uzağı, 20 ilə bizimkilərin bir-birini bıçaqladıqları ev hollandların ziyarətgahı olmasa, bu üz mənim, o üz sizin. Adı da, tutalım, “Əlmərdan ocağı”. Bir vaxtlar Holland qarılar – indiki gənc gəlinlər – nəvələrinə bütün tarixi hadisələri bu ailə faciəsinə istinad edərək danışacaqlar. Məsələn, hal-hazırda süni böyrək aparatının təkmilləşdirilməsi üzərində baş sındıran indiki gənc Holland alimin arvadı nəvələrinə deyəcək ki, babanız böyrək aparatını “Əlmərdan külfəti qıran ili” yenilədi. Yaxud Hollandiyaya nabələd adam hansısa küçənin, muzeyin yerini soruşanda ona səmti belə tuşudacaqlar: “Əlmərdan külfəti qıran ev”dən iki tin sağa. O vaxtlar Eldarla Nigarı heç tanıyan, yada salan olmayacaq. Avropa tarixinə daha bir şərəfli səhifə yapışdırdığımızı düşünəndə, indidən gələcək nəsillərimizin yerinə həyəcanlanmaya bilmirəm.