Avropaya bir dəfə də biz səslənək

avropaya-bir-defe-de-biz-seslenek
Oxunma sayı: 677

İndi də diskussiyalar keçdi siyasi müstəviyə. Babək və "islamlaşma" mövzusunda tilovlarına yaddaşı üç saniyəlik "balıqların"düşmədiyini görüb, məsələni siyasi mustəvidə "alaboz" etməyə start verilib. Həm də nədənsə müxalifətçi yazan və yazmayan dostlar öndədirlər. Bunları narahat edən nədir anlaşılan deyil? Bunlar nəyin davasını aparırlar? "
Nə deməliyik, Rafiq Tağını İran öldürməyib? Dedik! Qətlin arxasında İranın dayandığını sübut edən faktların yetərsizliyi iddia olunur. Bəs siz Rafiqi İranın öldürmədiyinə əminsinizmi?
Tutaq ki, bizim olayda İranin əlinin olmasıyla bağlı tutarlı faktlarımız yoxdur! Razılaşdıq! Bəs, sizin necə, bunu təkzib edən, tutarlı faktlarınız varmı?
Bizim "Rafiqi islam terroru öldürdü" iddiamiz doğru deyil və fakta soykənmir? Olsun! Bəs sizin "Rafiqi hakimiyyət öldürdü" iddianız hansı təkzibedilməz fakta söykenir? Dəlilinizi qoyun ortaya! Siz nəyin peşindəsiniz, cənablar?

“Rafiq Tağı "iki cəhdlə öldürüldü" məntiqinin arxasındakı, "sən nə çalırsan çal, mən "heyvagülü" oynayacağam" cığallığı ilə kindən və nifrətdən tutulmuş gözlər, bəs, Rafiqin birinci cəhdlə xəstəxanalıq edilməsinin böyük ehtimalla mümkün səbəbkar(lar)ını niyə görmək və adıyla çağırmaq istəmir? Birinci cəhdin yiyəsi hanı?
Qəsd baş verəndə yerbəyerdən tələsik bəyanatlar verilməyə başlandı; "bu olaydan istifadə edib, kim dindarları sıxışdıracaqsa, demək, olayın arxasında həmin qüvvə dayanıb" kimi. Nə baş verdi, sıxışdırdılar sizin sevimli teokratiya sevdalı dindarları? Hakimiyyət deyil, bu iddianı ortaya atanlar əslində Rafiq Tağı olayından istifadə etmiş oldular – siyasi hakimiyyəti gözdən salmaq üçün! Bilərəkdən, ya bilməyərəkdən. Elə bir durum yarandı ki, dindarları təqib edəcəyini proqnozlaşdırdığınız hakimiyyət hərəkətsiz qalmağa məcbur oldu. Bu dəfə də qətlin üstünün açılmasinda hakimiyyəti hərəkətsizlikdə suçlamağa başladılar, eyni şəxslər, eyni mətbuat orqanlarında, eyni coşğuyla. Bu qədər səmimiyyətsizlikmi olar? “Hakimiyyətə nifrət İrana sevgi”, onun cinayətini bunca görməzliyə vurmaq və nəyin bahasına olursa-olsun sudan quru çıxartmağa haqq qazandırırmı? Ortada olanı qoyub bulanıq suda balıq tutmaq, insafınızla deyin, faktik olaraq kimi məsuliyyətdən kənarlaşdırır? Siz hakimiyyəti günahkar bilməklə hakimiyyət heç nə itirmir, onsuz da bu cür açılmayan qətllər yetərincədir, bu da olacaq onlardan biri. Ancaq iddianız faktik olaraq İranı məsuliyyətdən kənarlaşdırır və onun bu tip qətlləri seriallaşdırmasına zəmin yaradır, bunu anlamaq bu qədərmi çətindir?
Nədənsə bir çoxları müraciətin ünvanları arasında ancaq Avropanın insan haqları institutlarını seçib, bizim guya İrandan Avropaya giley-güzar etdiyimizi vurğulayırlar. Özü də bunu o şəxslər dilə gətirib, o qəzetlərin səhifələrində açıqlayırlar ki, il 12 ay, 365 gün işləri-gücləri siyasi hakimiyyətdən Avropa Şurasina, "Amnesty International"a, "Freedom House"a və sairlərinə şikayət etmək, gözləri gün boyunca hansı təşkilatın hakimiyyətlə bağlı nə yazdığını, hansı bəyanat verdiyini axtarmaqdır. Yəni bu dostların nəzərində Avropa şurasına ancaq Əliyevlərdən gileylənmək olar, İrandan və onun gündən-günə güclənən zorakılıq ritorikasından yox. Belə çıxır, Avropa onun üçündür ki, daxili düşmənlərdən gileylənəsən, xarici düşmənlər boş seydir, onlarla dostlarımız özləri bacaracaqlar. Və də bəlli şəxslərin "bığının altından keçib", yalnız onların xeyir-duası, razılığı və təqdimatlarıyla Avropa şurasına, Avropaya müraciət etmək olar. Çün, Avropa monopoliyadadır, ora müraciət etmək üçün gərək müxalifətdəki dostlardan "xeyir-dua" alasan.

İrandan özünə dost tutmaq odla oynamağa bənzəyir. Bu, bütün ölkənin gələcəyini riskə atmaqdır. “Ölkədə fundamentalizm yoxdur və hadisələr 1979-cu il İranındakı kimi qəfil idarəolunmaz məcraya yönələ bilməz”. Təki olsun! Kor nə istər, iki göz. Bəs, birdən siz deyən yox, biz deyən olsa, onda necə? Onda kimin yaxasından tutub "bunumu istəyirdiniz?!" soruşa biləcəyik? Daha doğrusu, soruşa biləcək adamlar qalacaqmı? Sizin durumu nəzarətdə saxlamağa hansı imkanlarınız, təsir rıçaqlarınız var? Lütfən Pənah Hüseyn sayağı "əgər vəziyyət nəzarətdən çıxsa, qarşılarında bizi görəcəklər" kimi boğazdan yuxarı, çağrılmış bayatılar səsləndirməyin. Vəziyyəti nəzarətdə saxlamağa iddialı Haci İlqarın dostu və sirdaşı Əli Kərimli demokratik dünyadan azdan-çoxdan çəkinən və ya çəkindiyi görüntüsü yaradan, siyasi hakimiyyətdən hələ bir vətəndaş kimi haqqı olan xarici pasportunu ala bilmir, əli qılınclı, haqq-hüquq tanımayan, nə Avropanı, nə demokratik dünyanı saya salmayan, insan öldürməyə dininin vacibati, savab iş kimi baxan gözüqızmışların qarşısınamı çixacaq? İranda 79-cu il hadisələri o qədər çevik baş verdi ki, şahın yaxın ətrafından çoxu heç ölkəni tərk edib, canını belə qurtara bilmədi. Guya dindarların başını aldadıb, siyasi oyun oynamaq istəyən “demokratlar” hansı təhlükə ilə yanaşı dayandıqlarından xəbərdardırlarmı?

İkinci bir məsələ. Bəyanatda "… bütün vicdanlı insanlara" da müraciət edilib. Nədən bu kateqoriya diqqətdən kənarda qalır? Axı müraciət təkcə təşkilatlara deyil, həm də sadəcə özünü vicdanlı sayan sıradan insanlara ünvanlanıb.Bəlkə kimlərsə müraciətimizi, bilərəkdən ya da bilməyərəkdən, ancaq və ancaq siyasi olduğunu göstərməyə çalışır? Hərgah, kimsə özünü bu kateqoriyaya aid etmirsə və müraciəti oxuyarkən yan-yörəsinə boylanırsa və bu müraciəti özünə ünvanlanmış saymırsa, o zaman çıxış yolu sadəcə bəyanatı iqnor etməkdir. Daha ağız büzmək, beşmərtəbəli ritorika qurmaq, "gözdə çöp axtarmaq" yox, sadəcə iqnor etmək. Bu qədər bəsit!