““Avtoş”ların işi Cinayət Məcəlləsinə daxil edilməlidir” - Təklif

avtoslarin-isi-cinayet-mecellesine-daxil-edilmelidir-teklif-
Oxunma sayı: 699





“Azərbaycanda “avtoş”lara qarşı görülən cəza tədbirləri nisbətən yüngüldür. Maraqlıdır ki, onlara qarşı hazırda tətbiq edilən cəza tədbirlərindən nəticə çıxarılmır. Maddi imkanı olan şəxslər bir neçə yüz manatlıq cəriməni ödədikdən sonra təkrar “öz işi”nin başına dönür. İmkanı olmayan və bu işlə məşğul olanlar isə bir neçə sutka saxlanılma cəzası ilə canını qurtarır. Yəni biz düşünürük ki, “avtoş”ların məsələsi İnzibati deyil, Cinayət Məcəlləsi ilə tənzimlənməlidir. Yol-hərəkət qaydalarını pozan avto-xuliqnlar cinayət məsuliyyətinə cəlb olunmalı, onlara qarşı ciddi cəza tədbiri görülməlidir. Bu praktika dünya ölkələrində də var. Bizdə isə onlara qarşı yumşaq davranılır”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis-polkovniki Səhlab Bağırov bildirib. Onun sözlərinə görə, son günlər Bakının bəzi küçə və meydanlarında avto-xuliqanlara qarşı aparılan tədbirlər gücləndirilib.

Rəis müavini son zamanlar “Beş mərtəbə” adlanan ərazidə aktiv olan “avtoş”ların demək olar ki, qarşısının alındığını, təxminən 100-dək avto-xuliqanın saxlanılaraq avtomobillərinin cərimə meydançasına qoyulduğunu bildirib: “Bu adamlar müxtəlif təbəqəni təmsil edir. Aralarında imkanlı şəxslər də var. Lakin əsas problemlərdən biri “avtoş”ların azarkeşləri ilə bağlıdır. Bəzən şəhərin o başından, məsələn, Əhmədlidən, Günəşlidən bu adamlara azarkeşlik etməyə gəlirlər. Çox vaxt onlar polisin də izləməsinə, qanuni tədbir görməsinə mane olurlar. Onlar üçün bu maraqlı əyləncə ola bilər. Ancaq unutmamalıdırlar ki, burada söhbət insan həyatından gedir. Və insanların həyatlarının hər dəqiqəsi təhlükə altındadır”.

S. Bağırov deyib ki, hazırda avto-xuliqanların toplaşmaq istədikləri yeni yerlər polisə məlumdur: “Bu işdə polis öz qətiyyətini ortaya qoyacaq və heç nədən çəkinmədən problemə qarşı mübarizə aparacaq” .