BAXCP-dən növbəti təşəbbüs

baxcp-den-novbeti-tesebbus
Oxunma sayı: 703

Ramazan ayında ilk toplantısını keçirən BAXCP İdarə Heyəti hər bir müsəlman üçün əziz olan müqəddəs ayın başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib.

Bu müqqədəs günlərdə BAXCP İdarə Heyətinin müzakirəsinə çıxarılan əsas məsələ işğal altında olan Azərbaycan torpaqlarıyla bağlı olub. Bununla bağlı BAXCP İdarə Heyətinin mətbuat üçün açıqlamasında deyilir: «Uzun illərdir ki, Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin vasitəçiliyilə aparılan sülh danışıqları heç bir nəticə vermir. Dünyanın aparıcı dövlətlərinin rəhbərlik etdiyi tənzimləmə prosesinin beynəlxalq hüququn əsas prinsplərinə, Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsilə bağlı BMT qətnamələrinə istinad olunmadan aparılması, təcavüzkar ölkəyə qarşı sülhə məcburetmə mexanizmlərinin tətbiq olunmaması real və ədalətli nəticənin əldə olunmasına imkan vermir. Bu prosesdə vasitəçilik missiyasını yerinə yetirən dövlətlərdən biri – Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqi kimi çıxış edir, digər iki dövlət – siyasi rəhbərliyi erməni diasporunun təzyiqi altında olan ABŞ və Fransa isə bəzi manipulyativ xarakterli davranışlar istisna olmaqla təcavüzkara açıq dəstək verirlər.
BAXCP yaranmış vəziyyətdən çıxış yollarından biri kimi region dövlətlərinin, xüsusilə də müsəlman əhalinin üstünlük təşkil etdiyi ölkələrin Ermənistana qarşı təzyiqlərinin sözdən real məcraya keçməsində görür. Şübhəsiz ki, təcavüzkar ölkəni ayaq üstə saxlayan və mövcud status-kvonun qorunub-saxlanılmasına hərtərəfli dəstək verən ölkələrdən biri də Rusiyadır. Amma müsəlman İranın və Türkiyənin Ermənistanla iqtisadi əlaqələrinin getdikcə inkişaf etməsi də təcavüzkar dövlətin aqressiv davranışlarını stimullaşdıran əsas amillərdən biri kimi qəbul olunmalıdır. Xaricdən idarə olunan bəzi siyasi qrupların və kütləvi informasiya vasitələrinin bu reallıqların üzərindən sükutla keçmələrinə baxmayaraq, fakt faktlığında qalır və İranla Türkiyənin Ermənistanla iqtisadi-ticari əlaqələrinin mövcudluğu və güclənməsi işğal prosesinin stimullaşdırılmasına birbaşa zəmin yaradır. BAXCP hesab edir ki, Azərbaycan hökuməti müqəddəs Ramazan günlərində İslam Əməkdaşlıq Təşkilatının növbədənkənar zirvə toplantısının çağırılmasına nail olmalı, bu toplantıda İran və Türkiyənin Ermənistanla olan iqtisadi-ticari əlaqələrinə son qoyulması, eləcə də Somalidə aclıqdan əziyyət çəkən insanlara yardım göstərilməsi barədə məsələ qaldırmalıdır. BAXCP ölkə ictimaiyyətini bu təşəbbüsü dəstəkləməyə, Azərbaycan hökumətini isə İslam Əməkdaşlıq Təşkilatının növbədənkənar zirvə toplantısının çağırılması istiqamətində ciddi addımlar atmağa dəvət edir».

Qeyd edək ki, BAXCP İdarə Heyətinin toplantısında İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantısının çağırılması üçün adıçəkilən qurumun baş katibinə müraciət edilməsilə bağlı qərar da qəbul olunub.
Qəbul olunan digər qərarda isə Ermənistanla ticari-iqtisadi əlaqələrə son qoyulması üçün Türkiyə və İran ictimaiyyətinə müraciət ünvanlanması nəzərdə tutulur.