“AXCP ilə Müsavat heç vaxt hakimiyyətə gələ bilməyəcək”

axcp-ile-musavat-hec-vaxt-hakimiyyete-gele-bilmeyecek-
Oxunma sayı: 688




“AXCP və Müsavat partiyaları 20 ildir özlərini bütün siyasi partiyalardan üstün tutma taktikası aparırlar və bu günə qədər də heç nəyə nail olmayıblar, heç olmayacaq da. Hökumət lazım olanda onlardan iki-üçünü buraxır parlamentə, lazım olmayanda da buraxmır” . Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. Partiya sədri Fuad Qəhrəmanlının bu günlərdə bir araya gələn 6 siyasi təşkilatın ünvanına dediyi “əgər onlar birlik istəyirlərsə, İctimai Palataya qoşulsunlar” fikrini şərh edərkən ittihamlara yer verib.

S. Cəlaloğlu deyib ki, İctimai Palata (İP) siyasi partiyaların birliyi deyil, ona görə də orada siyasi partiyaların birləşməsi mümkün deyil: “İP-da ancaq fərdi şəkildə təmsil olunmaq mümkündür ki, bizim üzvlərimiz də orada təmsil olunur. Amma, Qeyri-Hökumət təşkilatlarının siyasi partiyalarla bir araya gəlib, siyasi fəaliyyət göstərməsi “İctimai Təşkilatlar haqqında” qanuna ziddir. Görünür özləri qanunları bilmirlər, ona görə belə deyirlər. Azərbaycanda elə siyasi qüvvə yoxdur ki, başqa siyasi qüvvələrlə bu və ya digər şəkildə maraqları üst-üstə düşməsin. Hətta iqtidarla müxalifətin də müəyyən maraqları üst-üstə düşür, məsələn Qarabağ məsələsi. Ona görə də, birliyə gəlməmək təkcə başqa partiyanın yox, həm də özünün maraqlarına zərbə vurmaq deməkdir. Onların özlərini bu cür yüksək tutması sadəcə olaraq, Azərbaycanda siyasi dəyişilmələr üçün mühitin yaradılmasına imkan vermir. AXCP ilə Müsavat bu mühitin yaranmasına imkan vermədiklərinə görə, özləri heç vaxt hakimiyyətə gələ bilməyəcəklər” .

Fatimə