BAXCP Rafiq Tağı ilə bağlı bəyanat verdi

baxcp-rafiq-tagi-ile-bagli-beyanat-verdi
Oxunma sayı: 652

Toplantıda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə,
İdarə Heyətinin müzakirəsinə çıxarılan ilk məsələ yazıçı Rafiq Tağının bıçaqlanması faktı ilə bağlı olub. BAXCP İdarə Heyəti Rafiq Tağını qətlə yetirmək üçün həyata keçirilən və onun ağır bədən xəsarəti almasıyla nəticələnən bıçaqlanma hadisəsinə münasibətini açıqlayıb.
BAXCP İdarə Heyəti vaxtilə İran ayətullahlarının Rafiq Tağı haqqında "ölüm fətvası" verdiyini, Nardaranda keçirilən mitinqlərdən birində dini-ekstrimist qrupların bu "fətva"nın yerinə yetiriləcəyi barədə fikirlər səsləndirdiklərini nəzərə alaraq hesab edir ki, Rafiq Tağıya qarşı törədilən ağır cinayət hadisəsi yazıçının İranın fars-molla rejimi ilə bağlı yazdığı məqalələrdən də qaynaqlana bilər. BAXCP-nin qənaətinə görə, bu ehtimal ən əsas fərziyyələrdən biridir: "BAXCP hesab edir ki, aparılan əməliyyət-istintaq tədbirləri nəticəsində baş verən hadisənin arxasında İranın dayandığı təsdiqlənərsə, Azərbaycan İrana qarşı ən kəskin sanksiyaların tətbiqilə bağlı BMT Təhlükəsizlik Şurası qarşısında məsələ qaldırmalıdır".

Baş verən cinayəti qətiyyətlə pisləyən BAXCP İdarə Heyəti hüquq-mühafizə orqanlarını cinayətkarların tez bir zamanda tapılması və ədalət məhkəməsi qarşısına çıxarılması üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıb: "Cinayət hadisəsi ilə bağlı bütün mülahizələr, o cümlədən ayrı-ayrı qüvvələrin ölkədə təxribat törətmək cəhdləri də ciddi şəkildə araşdırılmalıdır. Əgər cinayətkarların isti izlərlə tapılması mümkün olmazsa, o zaman Azərbaycan hökuməti aparıcı Avropa dövlətlərinə, qardaş Türkiyəyə və Amerika Birləşmiş Ştatlarına müraciət ünvanlamalı, yüksək peşəkarlığı olan ekspert-kriminalistləri cinayət işinin təhqiqatına cəlb etməlidir".

BAXCP İdarə Heyətinin müzakirəsinə çıxarılan növbəti məsələ 2012-ci ilin dövlət büdcəsilə bağlı olub. Partiya hesab edir ki, dövlət büdcəsində pensiyaların, eləcə də müəllim və həkimlərin maaşlarının artırılması və ən azı orta aylıq əmək haqqı səviyyəsinə yüksəldilməsi nəzərə alınmalıdır. BAXCP büdcənin xərclər bölməsinə siyasi partiyaların maliyyələşdirilməsi məsələsinin daxil edilməsini də vacib sayır.