Axestomatik əhvalat - hekayə

axestomatik-ehvalat-hekaye
Oxunma sayı: 857

Uşaq böyük kimi idi, oyun oynamazdı. Dili söz, gözü köz tutandan, dağı aşıb ustanın hüzuruna getməkdən ötrü atasından izn istəyirdi. Atası, ağzından süd iyi gələn uşağın bu istəyini uşaqlığa yozsa da, oğlunun bu qəribə inadı onu qorxudurdu. İnadı uşaqdan böyük idi…
Bir gün atası uşağın qolundan tutub qaranlığın «üstünə» atdı. Yerə yıxılmış uşaq bircə anlıq karıxıb bilmədi neyləsin. Atasının üzünə bağladığı qapının qarşısında durub, səhərin açılmasını gözləsin, ya sözü ustaya çatdırsın?

Uşaq əyilib yerdən bir daş götürdü. Dünyanın bütün itləri qərib uşağı tanıyıb hürüşdülər. Uşaq dünyanın bu başından o başına qədər süzdü. Və anladı ki, qürbətdədir.

Demişdilər ki, dağ cığırının axırındakı zirvəni aşan kimi altı koma görünəcək. Sağdan birinci ustanındır. Ona pıçıldanan tapşırığın vacibliyinə inamı olmasaydı, çoxdan geri qayıdardı.
O anlayırdı ki, bütün ömrünü yolda yaşasa da, atdığı addım böyük sirrin açılmasından ötrüdür.

Ona pıçıldanan sirin mənasını bilməkdən ötrü zirvəyə qalxdığına dəyər. O, az yaşayıb, çox getmişdi. Yaşı il-il deyil, gədik-gədik ölçülürdü. Hirssiz və hissiz idi. Ona tanış olan yeganə hiss «qovulmuşuq» idi. Yollarda qocaldıqca bu hiss onu çox göynədirdi. Bilirdi ki, atası son gecə onu qorxutmaq üçün çölə atmışdı. Elə bilmişdi ki, dağa qalxmaz, qorxar, evə qayıdar və bir daha ustanın adını çəkməz. Atası uşağın istinad nöqtəsi idi. Uşaq o nöqtəyə təkan verib dağa qalxmağa özündə cürət tapmışdı. Bilirdi ki, atası onu, o atasını istədiyindən dəfələrlə çox istəyir. Bilirdi ki, atası üçün itkidir. Atası onu ustanın yanına da sevdiyindən buraxmırdı. Ona isə elə gəlirdi ki, atası böyük sirin açılmasını istəmir. Onların sonuncu mübahisəsi uşağın yadından çıxmırdı. O gecə atasına yaxınlaşıb, - «Öləcəyini bilə-bilə insan bu qədər artırsa, demək bu oyunda o Allahla əlbirdir?» - soruşmuşdu. Atası bu suala «Artım insanın öz əlində deyil» - caabını vermişdi.

Onda uşaq, bu cavabdan gülümsüyüb, - «sən çox adisən, ata» - demişdi. – «İcazə ver səndən yuxarıdakı mənasının sirrini ustadan öyrənim!»
Atası təəccüblə: - «Axı sən hansı sirdən danışırsan?» - soruşmuşdu.
«Ovcumdakı sirdən».

Atası hirsindən ağlamsınıb: - «Aç ovcunu» - demişdi – «əgər mən orda nəsə görsəm, özüm səninlə ustanın daxmasına qalxacam!»
Onda uşaq: - «Yox!» - qışqırmışdı. – «Qulağıma pıçıldanıb ki, sirin mənasını ancaq usta mənə deməlidir».
Bu sözlərdən sonra atası hirslənib: «O sən, o da sənin sirin, get!» - deyib qapını uşağın üzünə çırpmışdı.
Uşaq zirvəyə çatanda yüz yaşını adlamış bükük, atasından çox böyük ahıldı. Ya zirvə çox uzaqdaydı, ya uşaq tex qocalmışdı. Amma, indi bunun elə bir əhəmiyyəti yox idi. Deyəsən uşaq yol kimi ömrünün də axırına «çıxmışdı». Ustanın koması da, özü də deyilən yerdə idi. Üzü də, haləsi də təsəvvür edilən kimi idi. Uşaq ustaya yaxınlaşıb ovcunu açmaq istədi ki. Gətirdiyi sözü ona çatdırsın. Amma nə illah elədisə düyülmüş yumruğu açılmadı. Barmaqları bu yüz ildə ovcunun içində kök atmışdı. Əlinin üstündə kökü barmaqları olan beş ağac bitmişdi. Uşaq nə qədər əlləşdi ovcunu aça bilmədi ki, məqsədini bayaqdan bəri qəribə bir maraqla onu izləyən ustaya anlatsın. Nəhayətdə yumruğunu yuxarı qaldırıb ustanın qarşısında durdu. Ovcundakı sirin yumruq kimi düyülməsindən peşman olub, ustadan utana-utana gözlərini torpağa dikdi…

Usta gülümsəyim: - «Məni döyməyə gəlmisən?» - soruşdu.
Uşaq: - «Xeyir» - dedi – «…ovcumda sənə çatacaq söz vardı. Mənasını sən açmalıydın!»
Usta: - «Söz mənanı qanmayanların ünsiyyəti üçün düşünülüb. Mən söz bilmərəm. Aç ovcunu!» - dedi.
Uşaq başını aşağı salıb: - «ovcum açılmır» - demək istədi. Amma demədi. Çünki ustanın bircə baxışından onun ovcu açılmışdı.
Və uşağın ovcu boş idi.

Uşaq bircə anda allandığını anlayıb, - «hanı?» - deyə ağlamsına-ağlamsına ustadan soruşdu. Usta dinmədi. Qolundan tutub uşağı komasına tərəf apardı. Kandarda usta, yaşına uyuşmayan bir cəldliklə uşağı qapıdan içəri itələdi. Özü çöldə qalıb hirslə qapını çırpdı…

O taydan; - «Bu səhnə sənə tanışdı?» - soruşdu. Uşaq bircə anda bütün ömrünü gözü qarşısından keçirib: - «Məni bağışla, ata» - dedi. Sən haqlı idin!
Ustadan səs çıxmadı. Qapı da açılmışdı. Komanın çarpaz taxtaları arasından sonu görünməyən zirvənin tuşundakı buludlardan da yuxarı olan dibsiz boşluqlara baxa-baxa uşaq düşündü ki, bəs o vaxt bu ömrü mənim qulağıma görəsən kim pıçıldamışdı?

Orxan Fikrətoğlu