Bayağı musiqilər, “qaqaş” ədaları və dini söhbətlər...

bayagi-musiqiler-qaqas-edalari-ve-dini-sohbetler
Oxunma sayı: 3946

Nərmin Dadaşova

Səhər saat 8:00 da gecə-gündüz bilmədən telefonuma “ən sərfəli şərtlərlə, ən rahat taksi xidməti” kimi  mesajlar yazan taksi xidmətlərindən birinə zəng edib, on beş-iyirmi  dəqiqə sonra üçün taksi sifariş verirəm. Və dönə-dönə gecikməməsini rica edirəm.  “Nərmin xanım, əstağfurullah, nə gecikmək, sürücümüz yoldadır, bu dəqiqə gəlir” məhəbbətləri ilə sağollaşırıq operator xanımla. On beş dəqiqələr növbəti on beş dəqiqələrə calanır və şirkətdən “Siz  Allah üzürlü sayın, o tərəflərdə boş taksimiz yoxdu” üzürxahlığı gəlir. Bu nə məsuliyyətsizlik, yoldaşlar?

 İstənilən dörd rəqəmin qarşınsa ulduz işarəsi yazıb zəng etsən, hansısa taksi xidmətinə düşəcəksən. Ümumiyyətlə,  biz xalq olaraq ictimai  nəqliyyatdan yarımamışlardanıq, hər dəfə axşam  iş çıxışı metro vaqonundan əlim-qolum üstümdə  ayrıldığıma görə ayətül-kürsi duasını oxuyuram  eskalatorda. “Şükür tanrım, ölüm itim olmadı” deyirəm ovuclarım havada. Bir bilsəz necə kədərlidir, iki stansiya, düz altı dəqiqə əlindən, ayağından, çantandan nigaran qalmaq.

Və nə yazıq ki,  günü-gündən artmaqda  olan taksi xidmətləri bunun çox yaxşı fərqindədirlər.  Bilirlər ki, sən də mənim kimi  iki dünya bir ola, uşaqlarını o qələbəliyə salmayacaqsan, konturundan, siqaretindən, konfetindən, nahar yeməyindən qırtıb uşaqlarını bağçaya, məktəbə taksi ilə aparcaqsan. Ona görə də, hodri meydan! Turp əkirlər müştərilərinin başında. Allah tərəfi, qiymətləri pis deyil, di gəl xidmət sıfrın altında.  Əvvəla ondan başlayaq ki,  sürücülər ünvanları dəqiq bilmirlər. Məsələn, Əsəd Əhmədov küçəsi deyəndən sonra mütləq şəkildə əlavə izahata ehtiyac duyulur : “ Akvariumu düşəndən sonra, “bazar store”yə çatmamış, sarı  bina.” Qarşı tərəfdən “hansı sarı bina?” sualı ilə davam etmək zorundasan izahata  ““ Oba” marketin  yanı, 24 saat aptek də var üzbəüzdə” deyə-deyə əsəblərindən bir çimdik qoparıb verirsən cənaba. Sadağamız olsun, bununla bitirmi? Yox əlbət! Zar-zor ünvanı tapmış qardaşoğlu maşına minəndən düşənə qədər həyat və yaradıcılığından özət keçir, yanında uşaq varsa, mütləq şəkildə uşağı oynatmaq, ondan ad və yaşını  soruşmaq kimi öhdəliklərini də yerinə yetirib, növbəti ünvan müsibətinə başlayır.  Burdan sağa dön, ordan sola dön deyə-deyə, çatırıq mənzil başına.  Bayağı musiqilər, “qaqaş” ədaları, ya da dini söhbətlərlə   qaragüruh bir yolçuluğun sonunda gəlib çatırsan mənzil başına. 

  Uzaq Ukrayna elinə sonuncu səfərimdə  Azərbaycandan gələn başqa bir dostumuzu qarşılamaq üçün  mərkəzdən xeyli uzaq olan aeroporta getmək lazım idi. Vaxta az qalmışdı, biz maksimum tez özümüzü ora çatdırmalı idik.  Taksi sifariş etdim  və maşın  cəmi 3 dəqiqə sonra bizi  otelin qarşısında gözləyirdi. Qırx dəqiqəlik yolda zalım oğlu bircə dəfə  danışdı, onda da radionu açıb-açmamaq haqqında fikrimizi öyrəndi.  Geri qayıdanda, operatora bildirdiyimiz yerdən bir dayancaq qabaqda düşəsi olduq. Ayağımızı taksidən bayıra qoyan kimi, zəng gəldi. Yolçuluğu ünvana çatmamış bitirdiyimiz üçün, şirkət zəng vurub hansısa problemin olub-olmaması ilə maraqlandı.  And-aman elədim ki, bəs problem yoxdu, mağazadan ət alacaqdım, ona görə tez düşdüm.  Yalnız  xidmətlərindən razı qaldığımı dönə-dönə deyəndən sonra xanım ələrini yaxamdan çəkdi.

Azərbaycanda günü-gündən artan belə taksi şirkətlərinin  adətən şəxsi maşınları olmadığı üçün,  maşını özündən olan sürücüləri işə götürürlər  və  bununla da onların üzərində öhdəlikləri azalmış olur.  Bir növ, şirkət taksi sürücüsündən asılı vəziyyətdə olduğu üçün, gözün üstə qaşın var deyə bilmir. Ona görədə geridə qalan şeylərə, sürücünün psixoloji durumu, əsəblərinin yerində olub olmaması, yolu tanıyıb- tanımaması, təcrübəli ya təcrübəsiz olmaları ilə maraqlana bilmirlər. Adama deyərlər xeyrola? Həm maşınımı əldən salım, həm qəpik-quruşa işləyim, həm tərbiyəli həm də təcrübəli olum? Çox şey istəmirsiniz ki? 

Olan isə, həmişəki kimi biz binəvalara olur. Mal da gedir, can da!