Aybəniz Haşımova od püskürdü – “Artıq bəsdir!”

aybeniz-hasimova-od-puskurdu-artiq-besdir
Oxunma sayı: 1319

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyevanın “Slavyan bazarı-2011” müsabiqəsində Ermənistan təmsilçisi ilə birgə fotolar çəkdirməsi Facebook sosial şəbəkəsində geniş müzakirəyə və tənqidlərə səbəb olub. Bütün açıqlamalarını “Qafqazinfo” vasitəsilə çatdıran A. Haşımova bu dəfə də redaksiyamızla əlaqə saxlayıb baş verənlərə aydınlıq gətirib. O bildirib ki, bu gün ona bir neçə saytdan zəng olunub qızı ilə bağlı sözügedən məsələyə aydınlıq gətirilməsi istənilib: “Mən onlara bildirdim ki, bu xəbər artıq gecikmiş xəbərdir. Mən hələ müsabiqə vaxtı Belarusda olarkən bütün məlumatları mətbuata vermişəm. Erməni təmsilçinin daim bizim yanımızda olduğunu və buna məcburən dözdüyümüzü şəxsən özüm demişəm. İndi guya bunlar xəbər tapıblar. Daha bilmirlər nələrə əl atsınlar?! Gah dedilər, Aynişan Azərbaycanı uğurla təmsil etmədi, gah dedilər, bayrağı əyri tutub. İndi də bu şəkil məsələsini çıxarıblar. Sadəcə, bunu edənlər Aynişanın uğurları ilə barışa bilməyənlərdir”.

A. Haşımova əlavə edib ki, Azərbaycan-Ermənistan müharibəsi digər şəhid ailələri kimi onların da ailəsinə qanla yazılıb. Qarabağ müharibəsi onların ailəsində unudulmayıb və heç vaxt da unudulmayacaq: “Aynişan yaş yarımından atasız qalıb. Onun atası bu vətən uğrunda tikə-tikə oldu. Amma bu vətənin övladları indi onun övladı haqqında ağızlarına gələni danışırlar. Bizim ailəmizin faciəsi heç vaxt unudulmayacaq. Amma Belarus Qarabağ deyildi ki, biz orada ermənini öldürək?! Bunun üçün yalnız Qarabağda vuruşub intiqamımızı almalıyıq. Bir də bu beynəlxalq müsabiqə idi və bizim orada Azərbaycanın adına xələl gətirəcək hərəkət etməyə ixtiyarımız yox idi. Bizim ölkə başçımız da Ermənistan prezidenti ilə əl verib görüşür, şəkil çəkdirir, Azərbaycanın sülhsevər ölkə olduğunu nümayiş etdirir. Bu o demək deyil ki, biz şəhidlərimizi unutmuşuq. Əsla! Biz də prezidentimiz kimi sülh yolunu əsas tutub, dava-dalaş etməməliyik. Bu gün belə müsabiqələrdə Azərbaycanı dalaşqan, vəhşi ölkə kimi təqdim etsək, onda heç kim bizi bir daha belə tədbirlərə dəvət etməz. Aynişan öz mədəniyyətini nümayiş etdirib, vəssalam. Orada bütün dünya bizə baxırdı və biz tərbiyəsizlik edib, o oğlanı yanımızdan qova bilməzdik”.

Xatırladaq ki, 15 iyul tarixində A. Haşımovanın “Qafqazinfo”ya açıqlamasında Ermənistan təmsilçisi ilə bağlı dediyi fikirlər yer almışdı. Həmin xəbəri bu linkdən oxuya bilərsiniz. http://qafqazinfo.az/news.php?id=1792

Nigar Məmmədli