Bayıl yamacı yenə sürüşdü - 4 ev dağıldı+ Yenilənib

bayil-yamaci-yene-surusdu
Oxunma sayı: 8026

Bakıda Bayıl yamacında sürüşmə baş verib.
 
“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-ya  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.
 
Ə.Qaralov bildirib ki, hazırda ekspedisiyanın əməkdaşları sürüşmə ərazisinə yollanıb: “Əlavə məlumat veriləcək”.
 
Yerli sakinlər bildirblər ki,  sürüşmə nəticəsində 5-6 evə ziyan dəyib, işıq dirəkləri aşıb. Ərazidə sürüşmə prosesi davam edir.

***

“Bayıl yamacında sürüşmə prosesində aktivlik müşahidə edilir”.
 
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.
  
R.Həsənov bildirib ki, hazırda aidiyyatı qurumların, o cümlədən Fövqəladə Hallar Nazirliyinin, Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri ərazidədir:

“Ciddi problem olduğunu deyə bilərik. Əraziyə baxış keçirildiksən sonra hadisənin detalları ilə bağlı əlavə məlumat veriləcək”.

***

Bayıl yamacında baş verən sürüşmə nəticəsində 4 ev tamamilə dağılıb.
 
Bunu Səbail rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə hallar komissiyasının sədri Abid Əliyev deyib.
 
O bildirib ki, dağıntılar yola tökülüb: “Hadisə nəticəsində xəsarət alan yoxdur. Çünki 15 gün əvvəl bütün evlər boşladılmışdı. Ərazidə yaşayış yoxdur. Bura təhlükəli ərazi kimi müəyyənləşdirilib və  sürüşmə aktivləşən gündən ərazinin sakinləri köçürülüb, qaz, işıq, su  verilməsi dayandırılıb”.
 
A.Əliyev deyib ki, yağış yağan günlərdə həmin ərazidə mütəxəssislər tərəfindən tədqiqatlar aparılırdı: “Bu proses daimi nəzarətdədir. Yağışlar yağdıqdan sonra ərazidə təhlükə artıb, artıq sürüşmə aktivləşib. Proses davam edir.  FHN əməkdaşları, seysmoloqlar, aidiyyatı mütəxəssislər ərazidə  işləyir, məsələni aydınlaşdırır.
  
Gündüzlər sakinlər evlərinə gəlib baxırlar. Gecələr ümumiyyətlə, yaşamağa icazə verilmir. Polis əməkdaşları tərəfindən bu ərazi nəzarətə götürülüb. 90-a yaxın ailəni siyahıya almışıq. Siyahı Nazirlər Kabinetinə təqdim olunub. Qərar qəbul olunsa ki, burda yaşamaq təhlükəlidir, evlərinə qayıda bilməzlər, o halda onlara yaşamaq üçün dövlət tərəfindən kirayə haqqının ödənilməsi məsələsi qaldırılacaq”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, Bayıl yamacında sürüşmə sahəsi aktiv fazadadır.
 
Onun sözlərinə görə, hazırda əraziyə baxış keçirilir: “Çatlarda  dərinləşmə 5-6 metrə çatıb. Əlavə məlumat veriləcək”.