“Bayrağımız qürur mənbəyimizdir” adlı tədbir keçirilib - Fotolar

bayragimiz-qurur-menbeyimizdir-adli-tedbir-kecirilib
Oxunma sayı: 1987

Nizami rayonunda 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə “Bayrağımız qürur mənbəyimizdir” adlı ümumrayon tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir iştirakçıları öncə məktəbin həyətində Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun büstünün önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Sonra məktəbin foyesində şagirdlərin Dövlət Bayrağı Gününə həsr olunmuş rəsm əsərlərinə baxış keçirilib.

Tədbirdə çıxış edən 229 saylı tam orta məktəbin direktoru Fəridə Bağırova, Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Camal Bağırov, “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri, jurnalist Səriyyə Müslümqızı və Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzin – dövlət bayrağının milli dövlətçiliyin varlığını, xalqın iradəsini ifadə edən atributlardan biri olduğunu söyləyərək, hər bir Azərbaycan vətəndaşının bayrağımıza ehtiram göstərdiyini, bunu özünün müqəddəs borcu kimi qəbul etdiyini bildiriblər.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov üçrəngli bayrağımızın Azərbaycanın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin rəmzi olduğunu və hər zaman əbədi olacağını vurğulayıb.

A.Qasımov üçrəngli bayrağımızın dünyanın ən aparıcı tribunalarında, ən ali tədbirlərində dalğalandığını diqqətə çatdıraraq, bundan sonra da üçrəngli bayrağımızın bütün dünyada Azərbaycan dövlətinin və xalqının imzasını qürurla təsdiqləyəcəyini qeyd edib.