Bayram günlərində elektrik verilişində problemlər olmayacaq

bayram-gunlerinde-elektrik-verilisinde-problemler-olmayacaq
Oxunma sayı: 654

“Azərenerji”nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, həmin günlərdə respublikamızda enerjitəchizatı müəssisələrin tələbatına uyğun elektrik enerjisi ilə təmin edilmələri üçün müvafiq tədbirlər planı hazırlanaraq həyata keçirilib və bütün imkanlar səfərbər edilib.

Səhmdar cəmiyyətin Enerjinin İstehsalı İdarəsinin məlumatına görə, Novruz bayramı üçün nəzərdə tutulan 7 gün ərzində stansiyaların keyfiyyətli və dayanıqlı fəaliyyətini təmin etmək üçün bütün müəssisələrdə məsul növbətçilər və qəza-bərpa briqadaları fəaliyyət göstərəcək. Eyni zamanda, həmin günlərdə qrafik üzrə planlaşdırılmış təmir işlərin aparılması nəzərdə tutulmur.

Elektrik Enerjisinin Ötürülməsi İdarəsində bildirilib ki, istehlakçıların bayram günlərində elektrik enerjisinə artan tələbatlarının daha dolğun şəkildə ödənilməsi üçün müvafiq tədbirlər planı hazırlanaraq həyata keçirilib. İlin əvvəlindən nəzərdə tutulan işlər yerinə yetirilib. Bütün elektrik verilişi xətlərinə və yarımstansiyalara növbədənkənar baxış keçirilib. Tədbirlər planına uyğun olaraq, istehlakçıları dayanıqlı elektrik enerjisi ilə təchiz etmək üçün bütün Regional Enerji Təchizatı Şəbəkəsi müəssisələri bu ayın 16-dan başlayaraq gücləndirilmiş iş rejiminə keçəcəklər. Əlavə mal-material ehtiyatı yaradılmış və növbətçi briqadaların sayı artırılıb. Bu briqadalar nəqliyyat vasitəsilə təmin olunub.

Yeri gəlmişkən, istehlakçılardan xahiş olunur ki, yarana biləcək hər hansı bir problemlər haqqında “186-Qaynar xətt”ə məlumat versinlər. Yaradılmış operativ qruplar vasitəsilə yaranmış qüsurun dərhal aradan qaldırılması mümkün olacaq.


Nigar Məmmədli