Azad olan əl qaldırsın

azad-olan-el-qaldirsin
Oxunma sayı: 638

Bir neçə gün öncə “Yeni Musavat” qəzeti aldım. Uzun zamandır qəzet alımırdım doğrusu. Sanal dünyada olan xəbər interaktivliyi çap mediasını bir az arxa plana atıb. Ona görə də köhnədən səhər durub köşkə qaçan insanlar müasir günümüzdə günə başlarkən sadəcə interneti açmaqla kifayətlənirlər.

Qəzeti əlimə alanda ilk səhifədə 2 aprel mitinqinin həbs olunan iştirakçılarının şəkillərini gördüm. Həbslərdən hamımız xəbərdarıq təbii ki... Partiyadan da, rəhbərlik elədiyim insan haqları təşkilatı adından da siyasi məhbuslarla bağlı bəyənatlar vermişik. Amma bu şəkilləri yan-yana görmək insana sözün əsl mənasında acı verir. Sadəcə sərbəst toplaşmaq hüququndan istifadə etmək istəyən insanlar bu gün Azərbaycanda mövcud ictimai-siyasi duruma içdən içə etiraz edən, amma küçəyə çıxmaq cəsarəti olmayan minlərlə insanın sözünü deməyə cəhd etdiyi üçn cəza çəkirlər. Üzülməmək əldə deyil. Amma hansımız azadıq ki? Əgər hər dəqiqə məhkəmə qapılarında qalmamaq üçün jurnalist, eyni zamandada olayın, durumun və ya şəxsin təsvirini oxucuya çatdırmaq üçün saatlarca fikirləşirsə, bir köşə yazarı rejimi cəsarətlə tənqid etdiyi bir yazısından sonra o gecə qorxusundan evində belə qalmırsa hansı azadlıqdan söz gedə bilər? Bu ölkədə vəkillər belə müdafiəyə ehtiyac duyursa, hüquqlarından məhrum edilirsə, həbsə atılırsa necə? Bir qəzet redaktoru bir millət vəkilinin əli ilə “cəzalandırılırsa”? Qəzet redaktorlarının şəxsi həyatları göz önünə sərilib, qürurları, heysiyyatları ilə oynanırsa və bu yolla qismən “susdurulursa”? Bir millət vəkili toxunulmazlığı qaldırılmadan həbs oluna bilirsə? Bir siyasətçinin illərlə şəxsiyyət vəsiqəsi verilmirsə? Başqa birinin oğlu yararlı olmadığı halda hərbi xidmətə aparılıb, “cəza” yöntəminə çevrilirsə? Jurnalistin bir məmurdan yazdıqları üzündən evi buldozerin “altına” verilirsə? Hər birimiz övladlaımıza, valideynlərimizə, yaxınlarımıza, işimizə, “bir tikə” çörəyimizə görə susmağa məhkum ediliriksə? Daha sayımmı?

Məncə ehtiyac yoxdur. Bütün bunların fonunda bir neçə gün öncə çox sevdiyim dostlarımın biri ilə yeməkdəykən etdiyimiz söhbəti xatırladım. Rafiq Tağının bıçaqlanma hadisəsini müzakirə edirdik. O, zarafatla “bu ölkədə Rafiq adı daşımaq çətin məsələdir” dedi. Nümunə olaraq da Fərhad Əliyevin qardaşı Rafiq Əliyevi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyevi, akademik Rafiq Əliyevi və sair göstərdi.

Amma təkcə Rafiqlərmi?! Axtarsan Aynurlar, Əlilər, Ariflər və sair hamısı eyni vəziyyətdə deyilmi? Bu gün durumu yaxşı olanlar da potensial təhlükədədir. Bunları fikirləşdikcə düşüncələr daha da dərinləşirdi. Bu ölkədə məmurlar varlı ola bilərlər, amma onlar azaddırlarmı? Azərbaycanda bir tost (sağlıq) üstündə məmur işdən azad edilib, bütün əmlakı müxtəlif yollarla əlindən alınmayıbmı? Eyni zamanda, Əli İnsanov, Fərhad Əliyev kimi insanlar indi haradadır hamımız bilirik. Və yaxud da bu gün nazir səviyyəsində məmurlar mətbuata sərbəst müsahibələr verib, görüşlərini, düşüncələrini şəffafcasına paylaşa bilirlərmi? Bu halda onlara “azad” hesab edilə bilərmi? El arasında bir söz var-“Nəfsinin qulu”.. Amma o nəfis də insanların Azadlığını əlindən alır. Bu halda da o milyonlar “qızıl teştə qan qusmaqdan” başqa bir işə yaramaz.

O zaman təklif edirəm- bu ölkədə Azad Olan Əl Qaldırsın. Siz cənab məmurlar və vəzifəli şəxslər heç kim görmədən əlinizi vicdanınıza qoyub “mən azadam” deyə bilirsinizmi? Əsla. Deyə bilirsinizsə normal deyilsiniz... Deyə bilmirsinizsə o azad cəmiyyəti birlikdə qurmalıyıq. Sizi əyri göstərən güzgünü qırmadan, sındırmadan.. Rahat yaşamaq üçün, rahat nəfəs almaq üçün.. Çünki bu azadlıq bizim qədər sizin üçün də vacibdir. Ən azından bu gün əmlaıkı müsadirə olunaraq həbsdə yatan, keçmiş həmkarlarınızın yanına düşməmək üçün..

O ki, qaldı sənə.. Mənim sadə, vəzifəsiz, var-dövlətsiz, bu günkü durumu ilə barışmış oxucum. Bəs sən necə azadsanmı? Boğulmursanmı? Bəs nəyi gözləyirsən? Ən azından “Yeni Müsavat” qəzetinin bütün səhifələri siyasi məhbusların şəkilləri ilə dolmadan hərəkət etmək lazımdır. Axı Azadlıq verilmir, alınır!!!