Azadlıq Elçisi

azadliq-elcisi
Oxunma sayı: 677

Azərbaycan milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin vəfatından 11 il ötür. Bu illər ərzində dəyişməyən bircə şey var- Əbülfəz bəyin yoxluğu. Əgər dəyişməyən bu yoxluqdursa, bizim də deyəcəyimiz yeni bir şey olmayacaq. Onun üçün də Bəyin ölümü ilə bağlı 11 il bundan əvvəl yazdığım yazını oxucularla təkrar bölüşməyi qərara aldım.

***


Azərbaycanın tanınmış ziyalısı, görkəmli şairimiz Vaqif Bayatlı Odərlə yolçuluğumuzda bir gözəl söz dedi: “İnsanları sevmək hələ sevgi demək deyil. Bu, sevginin yarısıdı. Gərək insanları bir-birinə sevdirə biləsən”. Gözlərim önünə Əbülfəz Elçibəy gəldi. Tanıdıqlarım içərisində bu missiaynın daşıyıcısı olan tək insan Əbülfəz bəy idi. Bütün ömrünü insanları sevdirməyə həsr edən Bəy millət sevgisinin nuruna boyandı. Atılan daşlardan onu qoruyan da elə milyonların sevgisi idi.
Əbülfəz Elçibəyin dilindən Həzrət Peyğmbərimizin (s) bir kəlamı tez-tez səslənirdi: “Tanrı o kəsləri sevir ki, onlar xalqını sevir. Tanrı o kəsləri sevir ki, onu xalq sevir”. İkisi də Əbülfəz bəy idi. Elçibəy haqqında söylənilən milli lider, böyük siyasətçi epitetlərindən savayı, görünməyən cəhəti də var idi. Ancaq o, görünməyən Elçibəyi az adam tanıyırdı. Ömrünün sonunadək o üzünü büruzə vermədi Elçibəy. O hiss Ruhla, halla zühur edirdi. Özün Elçibəyə “mürid” bilənlər ömrünün sonunadək anlaya bilməyəcək ki, Əbülfəz bəy “burda bir igid yatır”, “Dağlar dağı Savalan” deyəndə nəyi nəzərdə tuturdu. O sirri bilənlərə aydındır ki, Savalanı ziyarət etmək ideyası hardan doğub. Yoxsa, Azərbaycanın Güneyində o qədər dağ var ki, hamısı da müqəddəslik simvolu.
1992-ci ildə Azərbaycan Pespublikasının prezidenti Əbülfəz Elçibəy Türkiyə səfərində Anıt məzarıstanlığında Atatürkün qəbri üzərindəki xatirə dəftərində bu sözləri yazmışdı: “Deyəcəyimiz bir şey qalmadı, nə varsa, hamısını Sən dedin, sayın Atatürk!” Elə bizim də deyəcəyimiz bir şey yoxdu. Ona görə də sənin ölümünə bir yazı yazıb, dediklərimizə son veririk.
O həqiqətə yenidən tapınıram k, Tanrı sevdiyi bəndələrini dərgahına daha tez aparır. Bu da Tanrı sevgisidir, Tanrı düzəni.

***


Onda hələ orta məktəbdə oxuyurdum. Azərbaycan televiziyası Yunus Əmrə haqqında hazırladığı verilişə Əlyazmalar İnstitutunun elmi işçisini dəvət etmişdi. Ofelya Sənani ilə bu alimin söhbətinə elə aludə olmuşdum ki, o hiss məni uzun illər tərk etmədi. Hələ o zamanlar idi ki, milli-azadlıq hərəkatı deyəndə, göz önünə Fransa inqilabı, Paris Kommunası gəlirdi. Türkçülük barədə o qədər məlumatsız idik ki, pantürkçülüyün “qorxulu meylləri” beynimizi çuğlamışdı. Onda Yunus Əmərdən bəlağətlə danışan bu nurlu simanın türkçülük təbliğatına görə həbs edildiyindən və həbsxanadan yeni çıxmağından xəbərsiz idim. Əbülfəz bəyi milli-azadlıq hərəkatı başlayanda gördüyüm zaman həmin verilişdəki çıxışını yenidən xatırladım.
İllər keçdi. Millətinə, onun tarixinə, ədəbiyyatına qəlbən bağlı olan, “Haqdan gələn şərbəti” Allah deyə-deyə içən bu insan “Məndə bir mən var, məndən içəri” məntiqini əməllərilə sübuta yetirdi.
Əbülfəz Elçibəyin ölümündən sonra onun haqqında yazılanlar içərisində bir tarixi gerçəkliyə əmin oldum. “Səttarxandan başlayan XX əsr Elçibəylə başa çatdı!” Ən gerçək olan tarixi pozub tarixə düşməyin yolu bu dünyadan köçməkdisə, həqiqəti dəyişməyə Tanrı da yol vermədi.
Ölüm içimizdəki çox çatışmazlıqları aşkar elədi. Elçibəyə “sevgi” yarışı başladı.
Doğrudanmı, biz Səni bu qədər sevirdik? Biz Elçibəyi prezident olduğu üçün, olacağı üçün sevirdik. Ancaq Sən bizləri təmənnasız sevirdin. Millətin övladları olduğumuz üçün sevirdin. Sənin sevgin təkcə Səni sevənlərə deyildi. Küll halında bütün Millətə idi. “Bircə tilsimin” “sevgi tilsimi” olan Sənin millətə sevgində fərdlərə heç bir fərq qoymurdu.
Biz Səndən fərqli insanlarıq. Sən millətin azadlığını istəyirdin, biz azad olmuş qulun qul sahibi olmaq arzusu kimi hakimiyyətə can atırdıq. Hakimiyyətin hakimlik iddiası olduğunun fərqində deyildik.
Biz fərqli insanlarıq. Sənin qismətin “yoxuşlarda susamaq”, bizsə düzənlərdə bir-birimizə badalaq vurmuş kəslərik. Avqustun 22-dən bizi illər ayırır. Səni bizdən ayıran hər gün Sənin ölümsüzlüyünə haqq qazandırır. Qalib ruh kimi Sən bizləri Dəmirqapı Dərbənddə, Təbrizdə gözləyrisən. Bizim işimiz bu dəfə də Səni aldatmaqdır. Əmin olma, gələn deyilik. Bizim başımız bir-birimizlə qovğalara qarışıb. Bizlər hakimiyyət davasında, hakimlik iddiasındayıq. Millətin dərdindən bixəbərlər millət vəkili olmaq savaşındadır. Sənin haqq savaşın milləti bütöv görmək, bizimki isə bu... Azərbaycanı bütöv görmək istəyirdin, nə yazıqlar ki, heç millət də bütöv deyil. Bəlkə də heç bunları yazmağa hacət yoxdur. O Ruh bütün olmuşları bizdən yaxşı görür. Günahlarından tövbə etmək istəyində olan bəndə bunları yazmaqda günah etdiyinin fərqindədir.
“Biz qalxıb ayaqlanan Türk elləri, qalxıb ayaqlanan Azərbaycan yurdunun övladları çox uzaq və çətin səfərə çıxmışıq. Bu səfər Vətənin bütövləşməsində qurtaracaq.” Sən bu səfərin yolçusuydun. Bizim səfərimiz isə yalnız hakimiyyətə gedən yoldur.
Fani dünyada yaşayan hər kəs günahkardır Tanrı yanında. BİZ HƏM DƏ SƏNİN YANINDA GÜNAHKARIQ. BU SUÇ ŞAH XƏTAİNİN HÜRRÜN QƏBRİNİ AÇMASI QƏDƏRİNDƏ DEYİL, DAHA BÖYÜKDÜR!
Allahın sevimli bəndəsi, Sən yəqin müqəddəs ruhların əhatəsindəsən. Biz isə fani dünyada, günahlarımız boğazına çıxacaq qədər. Bu müddət ərzində nə yazmaq istəsəm də, əlimdən qələm düşüb. İndi günahlarımızı bağışlanmaq iltiması ilə yazdım. Yazdım ki, bəlkə Allah bağışlayar bizləri!
Axı Allahın mərhəməti bizim günahlarımızdan böyükdür!
Bağışlayacaq bizləri, inşəallah!