“Azadlıq meydanım olundu işğal” – Şeirlər

azadliq-meydanim-olundu-isgal-seirler
Oxunma sayı: 689

Tikanlı məftili əlimlə qırdım

Sərhəd Hərəkatının iştirakçılarına - 31 dekabr 1989-cu ildə hər cür müqavimətə baxmayaraq Araz çayı boyunca Sovet-İran sərhəd simlərini (tikanlı məftilləri) əliyalın qırıb dağıdan hər kəsə ithaf olunur

Otuz bir dekabr… ilin son günü,
Kəfəni boynuma mən asan günü,
Köksümə dirədi düşmən süngünü,
Sərhəd simlərini əlimlə qırdım.

Mən qənim kəsildim o gün ovçuma,
Çox olub ovçunun üstə ov cuma,
Nifrəti, qəzəbi sıxıb ovcuma,
Tikanlı məftili əlimlə qırdım.

Bir qara qorxunu - o divi yıxdım,
Dözmədi qarşımda o qəvi- yıxdım,
Mənə zindan olan bir evi yıxdım,
Tikanlı məftili əlimlə qırdım.

İllərdir dilimə “haralı” salan,
Nisgilli könlümü yaralı salan,
Qardaşı qardaşdan aralı salan,
Tikanlı məftili əlimlə qırdım.

Arxamda Əlincə, öndə Ərk idi,
Tarixə dərs idi, ibrət, görk idi,
İradəm dəmirdən, daşdan bərk idi,
Tikanlı məftili əlimlə qırdım.

O anda öndərlər yenə öndəydi,
Əbülfəz Elçibəy tək zirvədəydi,
Səttərxan, Xiyabani, Pişəvəriydi,
Tikanlı məftili əlimlə qırdım.

Birləşdik biz o gün Araz boyunca,
O taylı bu taylı gəzdik doyunca,
Hamı uca idi, boyundan uca,
Tikanlı məftili əlimlə qırdım.

Təbriz yaxındaydı, Təbriz uzaqda,
Dağlardan enmişdi o yalquzaq da,
Yaxın görünürdü o gün uzaq da,
Tikanlı məftili əlimlə qırdım.

Güvəndim əzmimə, sərt inadıma,
Şərəfli bir tarix yazdım adıma,
Dünyanı mat qoydum hünər-addıma,
Tikanlı məftili əlimlə qırdım.

Neçə səddi qırdım, neçə, bilmədim,
Tikanı sonadək biçə bilmədim,
Yetişdim Araza… keçə bilmədim,
Sərhəd simlərini əlimlə qırdım.

23.12.2011

Köhnə təzə ilim

Daha bir ilimi salıram yola,
Və yeni ilimə açıram qucaq.
Deyirəm ay ilim, uğurlar ola,
Gəlişin mübarək, gəl görək, qoçaq.

Kiminə sevincsən, kiminə qəmsən,
Hər millət sinənə möhürün vurub.
Sənin nə vecinə, aləmindəsən,
Mənim on iki ay qarşımda durub.

Bu əziz günlərdə ürəyim dolub,
Təki el-obama dəyməsin nəzər.
İlim, hər ayınla həmsöhbət olub,
Yaxın tariximə salaq bir nəzər.

Bu necə bölgüdür, bilmirəm nədən,
Qəm-kədərin çoxu payıma düşüb.
Sevincim qətrəylə ölçülüb hərdən,
Kədər az qala hər ayıma düşüb.

Mənim təqvimimdə bir neçə ildir
İyirmi yanvarın matəm günü var.
O gün şanlı bir gün, bu sirr deyildir,
De niyə matəmdir bəs 20 Yanvar?

Fevral da ömrümə qara yazılıb,
Xocalı tarixin bir üz qarası.
Şəhərə bir anda qəbir qazılıb,
Çətin ki, sağalsın dərdin yarası.

Mart həm sevincimdir, həm də qəm ayım,
Amma daha çoxdur bəlkə qəm payım.
Açılır Novruzda bir az qırımım.
Mart həm də faciəm, bir soyqırımım.

Bir vaxt işğal günün bayram etmişəm.
Apreldən alnımda töhmət damğası.
Sən demə halalı haram etmişəm,
Hələ də içimdə təəssüf yanğısı.

Faciə gətirib ömrümə may da,
İtirdim Şuşanı - Qarabağ tacın.
Daha bir nisgilim qalıb bu ayda,
Gedibdir əlimdən bir qalam- Laçın.

İyun başdan-başa bir sirr, müəmma,
Xalqın həyatına bir günmü düşdü?
Bu gün təriflənir, sabahı amma...
Bu tale iyunun bəxtinə düşdü.

Ağdamın işğalı - müdhiş bir gecə,
Şanlı tariximə şərəf-şan Ağdam.
İyulda süqut etdi, yenildi necə,
Vuruşan, döyüşən, çarpışan Ağdam!

Şəhərlərim vardı, tanınan, adlı,
Oldular avqustda işğal, tarimar.
Cəbrayıl, Füzuli, bir də Qubadlı,
Hər gün göylərindən indi qan damar.

Şanlı Türk ordusu Bakıya girib,
Qaytardı yurdumu yenidən mənə.
Sentyabrda neft verib, sərvət itirib,
Guya ki, çıxmışam indi ağ günə?

Kabus dolaşırdı başımız üstə,
Olmadı həyəcan zəngini çalan,
Min oyun gedirdi gör nəyin üstə,
Oktyabrda getdi son qalam - Zəngilan.

“Mən də varam” deyə qalxdım ayağa,
Noyabrdan başlandı milli dirçəliş.
Güvəndim üçrəngli şanlı bayrağa.
Dirçəliş olubdu indi dincəliş.

Azadlıq meydanım olundu işğal,
Soyuq dekabr günü, bir qış axşamı.
Gülsə də üzümə bir gün istiqlal,
Qaytara bilmirəm o ehtişamı.

Bəlkə nahaq yerə qınadım səni,
Köhnə təzə ilim, sınadım səni.
Sanma ki, hər şeyi qara görürəm.
Biz hara gedirik, hara görürəm.

Daha bir ilimi salıram yola,
Və yeni ilimə açıram qucaq.
Deyirəm ay ilim, uğurlar ola,
Gəlişin mübarək, gəl görək, qoçaq.

30.12.2010

Gedibdi

Qürbətə üz tutan dostuma

A qardaşım, bu bir tale qisməti,
Ağladın el üçün, didən gedibdi.
Tanrım yazıb yəqin belə qisməti,
Bəxt də hərdən gəlib, hərdən gedibdi.

Bu gen dünya başımıza oldu dar,
İstəyirəm bu aləmə çəkəm car,
Doğrudanmı mərdlik olub indi ar?
Abır güdən, həya edən gedibdi.

Vətənə can deyən, Vətəndən küsən,
Həsrətdən ürəyi yarpaq tək əsən,
Bilirəm, desən də, deməsən də sən,
Ruhun burda qalıb, bədən gedibdi.

Günlər var ki, yaddaşımdan silirəm,
Biri ağlar, bir gözümlə gülürəm,
Kim bilməsə, mən ki, yaxşı bilirəm,
Qürbətə gedənlər nədən gedibdi.

Arzudur, xəyaldır hələ gümanlar,
Kimi səni anlar, kimisi danlar,
Qardaş, hardan bilsin axı nadanlar,
Qəlbində yurd eşqi, Vətən gedibdi.

Ümid dirənibdir daha dalana,
Doğru möhtac olub şərə, yalana,
Vətən torpağıdır xəstəhal ana,
Gözünün yaşları dən-dən gedibdi.

Surxayın da sənə bir sözü vardır,
Kim deyir dünyanın bir üzü vardır,
Qaranlıq gecənin gündüzü vardır,
Səbr eylə, demə ki, gedən gedibdi.

7 . 09. 2010