Azadlıq meydanından Büllur sarayına...

azadliq-meydanindan-bullur-sarayina
Oxunma sayı: 654

Böyük islahatçı və görkəmli dövlət xadimi kimi tarixin uzun onillikləri ərzində yerini qoruyub saxlayan bu ziddiyyətli şəxsiyyətin siyasi tərcümeyi-halını araşdırmaq fikrim yoxdur. Hər yeni dönəmdə onun Rusiyadakı inqilabi qərarlarına qiymətlər də dəyişəcəkdir. Məqsədim tarixi keçid və iqtsiadi - siyasi transformasiyanı yaşayan xalqlar üzərində qurulan beynəlxalq layihələri diqqətə çatdırmaqdır. Bu günlərdə rus saytlarından biri “Rusala” şirkətinin Qvineyada həyata keçirdiyi fəaliyyətin “Yol xəritəsi”ni dərc edib. Konspirativ və vahiməli dünya gizli idarəçilyi barədə həqiqətləri bir kənara qoyub bu şirkətin “Hərəkət planı və analiz” sənədindən 2-3 tezisi xatırladacam:

a) İctimai məşğulluq nazirinin istefasına çalışmaq və onun təzədən seçilməsinə yol verməmək;

b) Qvineyada Rusiya firmalarına loyal hökumətin qurulmasına çalışmaq;

c) Fasiləsiz olaraq Qvineya Təhlükəsizlik Nazirliyi, Jandarm Milli Qərargahı, Şaxta Nazirliyi, Baş nazir və Prezident barədə məlumatları kompaniyanın məsul şəxslərinə ötürmək...

Çoxlu bəndlərdən və hər maddə üzrə cavabdehlərdən təşkil olunmuş məxfi proqram gerçək dövrümüzdə dünyanı sarmış kəşfiyyat, şpionaj və diversiya fəaliyyətinin heç bir zərrəsi də deyil. Kiçik bir iqtisadi qurum Rusiyanın Qvineyada casus çətiri də sayıla bilər. Ən başlıcası, diqqətli oxucuya və xüsusilə də ölkənin siyasi həyatında rol oynayan insanlara Azərbaycan üzərində qurulmuş belə “zəif bənd” oyununun mahiyyətini çatdırmaqdır.

Ölkənin ictimai gündəmini may ayının – inqilab və nostalji təqviminin notları ilə bəzəyən müxalifətimiz, heç şübhəsiz ki, yuxarıda misal gətirdiyimiz təzyiq silahları və təsir agentləri haqda bilgilidir. Lakin qüvvələri tükəndiyindən xarici maraqların yeminə çevriliblər. Düzdür, mətbuatlarında mənzərə tamam fərqlidir. Xalqın yeni dirçəlişi, səfərbərliyi və iqtidarın sonunun başlanğıcı barədə ənənəvi açıqlamarı göz oxşayır. Üstəlik də, arsenallarında iki uğurlu mitinq və bundan dolayı, “əks cəbhənin ciddi narahatlığına səbəb olan beynəlxalq dəstəyi” də mövcuddur.

On illərdir ki, kütləvi aksiyaların say tərkibi əsas dartışma mövzusudur. Sizcə, 14800 rəqəmi və bir o qədər də inzibati orqanların ictimai nəqliyyatı “yoldan çıxarması” hesabına mitinqə gələ bilməyənlərin fonunda yeni situasiya formalaşdırmaq realdırmı? Sosial- siyasi üsyanlar haqda cəmiyyətə təqdim etdikləri kitablara açıb baxsınlar. Orada rəqəm söhbəti edilmir.

20-ci sahə coğrafi dalan deyil. Əgər ora yeni ideyalarla çıxsanız, hər-hansı vətəndaş taleyini sizinlə birgə görə bilər. Hakimiyyət əleyhdarı olmaq, ultimativ bəyanatlar səsləndirmək azdır. Xalqa deyil, xaricə indekslənmiş şüarlarla sizi yeni keyfiyyətdə təqdim etmək mümkünsüzdür. Heç kəsə sirr deyil ki, tribunada vahidliyini göstərməyə çalışdığınız elita cəmiyyətin aparıcı kəsimini təşkil etmir.
İki ziyalı ilə bütün elmi və ictimai avanqard toplumun sizi dəstəklədiyini bu millətə inandırma bilməzsiniz. Təkcə ona görə yox ki, peşəkarlar hakimiyyətin müdafiəçisidir və ya keçmiş idarəçiliyiniz onları qorxudur. Yox, həm də bugünkü antoqonist durumunuz da insanları sizdən qaçırır. Əli Kərimli ilə İsa Qəmbər arasındakı pataloji münasibətləri nədən izah etmirsiniz? Yoxsa, yenə də belə bir model seçilib ki, iqtidarı dəyişənə qədər daxili konfliktləri bir kənara qoyasınız. Bu praktikadan artıq istifadə olunub. Onun limiti qalmayıb. İç didişmələrini dövlət idarəçiliyinə daşıdığınız üçün AXC-yə heç müxalif müqavimət gərək olmadı. Xaricə köklənmiş fəaliyyətin də bədəli ödənilib. Qərbpərəstlik o deyil ki, mühüm siyasi dönəmlərdə onların maraqlarını güdəsiniz. Avropa bilir ki, belə yeknəsəq, islahata və yeniliyə qapalı, donor qüvvələrdən və təfəkkürdən uzaq və daxili demokratizmdən kənar qüvvələr nəinki Azərbaycanın, eləcə də beynəlxalq birliyin on illər ərzində bu bölgədə qurduğu sistemi dağıdar. Diplomatik korpusla görüşü təqdim edərkən bunu yeni iqtidar komandasına siyasi investisiya qoyuluşu olduğuna özünüz inanırsız? Hər kəsə bəllidir ki, ötən əsrin sonlarında Qərb belə bir ənənəyə yiyələndi ki, iqtisadi-siyasi maraqları gerçəkləşdirmək üçün təkcə rəsmi qüvvələrlə deyil, eyni zamanda onlara təzyiq naminə alternativ qüvvələri də formada saxlamaq gərəkdir. Həmin dövlətlərin demokratiya ruhu Azərbaycanı İran əleyhinə bloka qoşmaq ideyasında, ərazimizin platsdarma çevrilməsi planında, Rusiya ilə əlaqələrdən geri çəkilmək tələbində və yeni qaz ehtiyatlarının əlverişli şərtlərlə və kəmərlərlə nəqli layihələrində təcəlla edir. Buna heç şübhəniz olmasın. Elə çıxmasın ki, mitinqlərin bütün iddiasını əsassız sayırıq. Əsla. Köçürülmələrdə mülkiyyət hüququ tapdalananlar, haqqı yeyilənlər və qeyri-şəffaflıq faktları da inkaredilməzdir. Üstəlik, rəsmiləşdirilməyən əmlak və mülkiyyət toxunulmazlığının müqəddəs dəyərə çevrilməsi də hakimiyyətin vəzifəsidir. Lakin o insanları öz elektoratınız saymağa tələsməyin. Problemləri həllini tapan kimi sizi tərk edəcəklər. Bir də ki, faktı inkar edə bilməzsiniz ki, narazılar ora gələnlərdən çoxdur. Nədən onlar sizin hakimiyyət layihənizə və gələcək planlarınıza dayaq olmurlar? Çünki siyasi sabahınız onları qorxudur.

Təhlükə saçmaq, hədələmək və Əli Kərimli kimi öz şəxsi reputasiyasını təmizləmək naminə revanşist üsluba dayanmaq milli rəğbəti qazanmaq üçün yetərli deyil. Siz inandıra bilmirsiniz. Vaxtı ilə Sovetlər birliyində zombi casuslar yetişdirmək üçün məşhur bir texnologiyadan istifadə olunurdu. Amerikadan qorxmaq, nifrət etmək və məhvinə çalışmaq kimi ideoloji ştamplar siyasətinizin ana xəttini təşkil edir.
İnkar ideologiyası ilə kütlənin düşüncəsinə hakim kəsilmək absurddur. Vətəndaş sizin xarici siyasətinizi, neft kursunuzu, əmlak bölgünüzü, təhsil baxışlarınızı, hərbi modelinizi görmək istəyir. Bax, mitinqdə bunlardan danışın. Onda 20-ci meydan ölkədə proseslərə ton vermək baxımından önəmli ola bilər. İndi o aksiya bitən kimi yaratdığınız eyforik durum dağılır. Heç olmasa, Pənah bəy bilir ki, kütləvi tədbir “dalğa effekti” yaratmırsa, ictimai rəydə dövr etmirsə, heç olmasa bir həftə siyasi şüurlarda yaşamırsa, öz məqsədinə çatmamışdır. Belədə isə, mitinqlər sərbəst toplaşmaq kimi mexaniki məzmun daşıyır və həyat tərzi kimi təzahür edir. İctimai Palata aksiyalar üzrə ixtisaslaşmış zavoda çevrilmişdir.

Sizi dinləyən auditoriyaya göstərin ki, sabitlik şəraitində nəinki yaşaya bilirsiz, üstəlik xaos dövrünü başa vurmusunuz. Çünki kabinet fəaliyyəti sizi real həyatdan xeyli uzaqlaşdırıb. Şam yeməyinə qatıldığınız səfirlik süfrələrini çıxmaq şərtilə, sizi çinovnik adlandırmaq olar. Təəccüblü deyil: Azərbaycanda müxalifətin də bürokratiyası mövcuddur.

Hər dəfə hakimiyyəti soyuq müharibə dövrünün ritorikasına qayıtmaqda suçlandırarkən sizin leksikonunuzun nə qədər demokratik olduğunu görmək istərdim. İsa Qəmbər deyir: düşmənlər Heydər Əliyevi rəhbərliyə gətirdilər ki, Azərbaycanı məhv etsinlər. Bununla insanların yaddaşsızlığına ümid bəsləyərək və daha ağır ittihamlarda bulunmaqla siyasi uğur qazanmaq mümkündürmü? Ulu öndəri bu millət və prezident Əbülfəz Elçibəy rəhbərliyə dəvət etdi. Heydər Əliyevin ruhu ilə döyüşməkdənsə, bunu mitinqlərin inqilabi tribunasına daşımaqdansa, qarşıdakı 10 mayı hədəf götürərək öz içərinizdəki natamamlıq kompleksindən qurtulmaq fürsətini əldən verməyin. Fəxri Xiyabanda Vətən torpağına qarışmış Ulu öndərin məzarını ziyarət, sayğı duruşu və baş əymək ən yaxşı siyasi davranış nümunəsi olardı. İsa bəy, Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur və ona münasibət subyektiv rəylərdən asılı deyil. Dövləti təcəssüm etdirən şəxslərə baş əymək yeni dövr üçün bir şansdır. Lider kimi qəbul etdiyiniz mərhum Əbülfəz Elçibəy belə də edərdi. Onun dövlət idarəçiliyinə baxışımız fərqli olsa da, məfkurə adamı kimi belə məsələlərdə birmənalı mövqeyinə şübhəmiz yoxdur. O, yaşca Heydər Əliyevdən kiçik olsa da, həyatdan tez köçdü. Lakin sizin üzərinizdə Ulu öndərə ideya rəhbərinizin mənəvi borcunu qaytarmaq qalıb. Bu halda ruhları da sakit buraxmış olacaqsınız.
Ayaz Mütəllibov Moskvadan qayıdarkən Fəxri Xiyabanı ziyarətdə bulunmuşdu. Saytlardan biri onun “canlı ölüyə” çevrildiyini hökm etdi. Halbuki, bu mühacir həyatını o xalqın qəzəbi ilə qazanmışdı və A. Mütəllibovun şəxsi karyerası və siyasi inkişafına hər zaman dəstək olan Heydər Əliyevlə düşmənçiliyi də o özü seçmişdi.
Vətənindən on illərlə uzaqlarda qalmağı təqdir etmirəm, lakin Rusiyanın aləti statusunu da ona bizlər deyil, Xalq Cəbhəsi vermişdi. Bu baxımdan onun Fəxri Xiyabanda əyilən başı fiziki deformasiya yox, mənəvi düzəlmə sayıla bilər.

Jurnalist Elmar Hüseynovun atası Sabir kişinin “Yeni Müsavat”a dedikləri heç xatirimdən çıxmır. Ö soyləmişdi ki, müxalif rəhbərlər ona təklif etdilər ki, “ver Elmarın cəsədini küçə-küçə gəzdirək”. Yəqin, bu sözləri sakit oxuya bilmədiniz.
Məni ittiham etməkdənsə, gedib o müsahibə ilə tanış olun. İnqilab üçün jurnalist cəsədi siyasi kapital yığımına yarayırsa, heç olmasa Qonqadzenin taleyinə baxmağınız kifayətdir. V.Yuşşenko hakimiyyətdə yoxdur və qətlin hələ də yeni-yeni təfərrüfatları açılmaqdadır. Günahkarların tapılmasına görə hakimiyyəti qınamaq ayrı, cəsədi ümumxalq baxışına çıxarmaq və milli nifrəti silaha çevirmək istəyi isə daha dəhşətlidir.

Bu yaxınlarda azadlığa çıxmış Ruslan Bəşirli yeddi ildən sonra öz sevgisinə qovuşdu. Qırdığınız talelərdə dövlət orqanlarını qınamaqdansa, ideoloji - siyasi sisteminizin təbiəti haqda da düşünsəniz yaxşı olardı. Sizin çevrənizi tərk edənlərin bir çoxu uğur qazandılar. Ona görə yox ki, hakimiyyət onları mükafatlandırdı. Xeyr, sadəcə daimi qarşıdurma ruhu, persprktivsizlik onları usandırdı və kollektiv taleni bir kənara buraxıb fərdi xilas yolunu tutdular.

Ola bilsin ki, indi ölkəni idarə eləmək asan görünür. Keçilən yol, Azərbaycanın regional və beynəlxalq mövqeyi, daxili resursların artması bunu şərtləndirirsə, sevinməyə dəyər. Lakin insanlar üzərində təsirə malik olmaq üçün ideya və əqidəyə sahib olmaq gərəkdir. Bizdə isə vəzifə müxalifəti çoxluq təşkil edir.

Cənab İlham Əliyevin avtoritet obrazı üzərində təhlil aparanların öz siyasi portretlərini təqdim etməsi faydalı olmazdımı? Halbuki, ölkə Prezidenti xalq üçün ən sadə və demokrat rəhbərdir. Bu tolerantlığı və liberallığı, həmçinin müasir baxışları əks cinah haqqında söyləmək mümkündürmü?
Mətbuatınızda yaratdığınız virtuallıqla gerçəklik arasında böyük məsafə var. 20 ildir “dağılacaq” dediyiniz dövlət ayaq üstədir. Uğuru olmayan iqtidar idarəçilikdə qala bilməz. Hər gün işdən çıxardığınız məmurlar bu dövlətin quruculuğunda iştirak edirlər. Ola bilsin bir qismi yorulub, tükənib, yaxud milli və siyasi kimliyini itirib. Onların yaşamasını şərtləndirən bilirsinizmi nədir: barışmazlıq, düşərgə mübarizəsi. Sizin media əsatirləriniz dəfələrlə dağılıb. Oliqarx saydıqlarınız işdən gedəndən sonra çox adi görünüblər. Ya da ki, milli oğrularımız sizlərə vəsait verəndə sanki təmizləniblər və müxalifətin amnistiyasina düşüblər. Bu fikrin əksi də doğrudur. Çirkli məmur da siyasi əsası olmayan başqa qüvvənin və ya medianın yaşamasının qarantıdır. Əgər elə deyilsə, mən onlara çağırış edirəm: bircə ay müxalifət mətbuatını köşklərdən almayıb elektron resurslarla keçinin! Yaranan siyasi mənzərəyə birlikdə baxarıq.

Yeni müxalifət anlayışı həm də milli təəssüb deməkdir. Belə hesab edək ki, almanlar bizim Avroqələbəmizdən sonra cəmiyyətimizi və siyasi sistemimizi təftiş edib xeyli nöqsanlar tapıblar. Bunlar böyük tarixə və dövlətçilik təcrübəsinə malik olan Almaniyanın haqqıdır. Bəs sizə nə gəlib ki, alman səfirinin “onun ölkəsini gözdən salmağa azərbaycanlıların intellekti yetməz” fikrini manşetlərə daşıyırsız? Bu bəyanatın təfərrüatına varmaq istəmirəm. Hərçənd ki, Azərbaycan xalqı İkinci dünya müharibəsini faşizmlə bağlayaraq alman xalqına ən böyük ehtiramını və sevgisini bu gün də göstərməkdədir. Lakin səfirin bəyanatını təkcə iqtidara zərbə sayanlar eyni üslublu çağırışla çıxış edə bilərlərmi? Təxminən belə: filan xalq bizi gözdən sala bilməz! Bu ölkədə heç nəyə məsuliyyət daşımayan qüvvələrin borcu, siyasi kimliliyi qarşısındakı başlıca tələbdir. Əks halda, xalqın məğlubiyyəti üzərində qalib gəlməyə çalışmış olacaqsınız. Nə yaxşı ki, bütün siyasi qüvvələr müəyyən beynəlxalq əlaqələrə malikdir. Deməli, sizin tanımadığınız qətnamə - Avropa Şurasının Ermənistanı işğalçı kimi tanıdığı sənəd əvəzinə sizlər yeni qərarlar gətirəcəksiniz. Onsuz da iqtidarı düşmən hədəfinə çevirməklə Ermənistanı unutmusunuz. Heç olmasa rəqiblərinizə qarşı savaşda söz kəsmək üçün əl boyda bir Qarabağ sənədi gətirin. Xalq bunu səbrsizliklə gözləyir. Bunu hər gün beynəlxalq bəyanatlara səbəb olan Evrovizion da sizdən tələb edir. 26 maya elə də çox qalmayıb. Lakin siyasi Evrovizion səhnəsi hər gen yeni ifalarla zənginləşir. Bu beynəlxalq yarışmaya öz siyasi mahnıları ilə qatılan cənablar, Azadlıq meydanını xatırlayırsızmı? O vaxt birliyin, bütövlüyün, tarixi arzuların və milli ruhun simvolu olan bu müqəddəs məkan indi haradadır? Siyasi qiblənizi elə itirmisiniz ki, indi hər səhnədən nicat umursuz.

Vaxtı ilə Azadlıq meydanında doğulanların indi Büllur Sarayına üz tutması günümüzün hadisəsi, təkzibolunmaz siyasi faktı və tarixin ironiyasıdır. Azadlıq meydanı maşın parkına çevrildi. Təəssüf ki... Bu xeyli miflər və özgürlük duyğularının üzərinə pərdə çəkdi. Bilirsinizmi niyə: vaxtı ilə bu meydanda natiqlərə tribuna verən İsa bəylər indi Büllur Sarayından mikrofon umur. Görün hardan-hara gəliblər. Siyasi kursunu itirənlər Şou sarayından təqdimat verəcəklər: Azadlıq meydanı və Büllur Sarayının fərqi barəsində...