“Azadlıq” qəzeti bəyanat verdi- Mətn

azadliq-qezeti-beyanat-verdi-metn
Oxunma sayı: 873

“Azadlıq” qəzetinin internet saytına kibernetik hücumlarla əlaqədar qəzet rəhbərliyi bəyanat yayıb.
“Azadlıq” qəzetinin internet saytı son iki ildə aramsız kibernetik hücumlara məruz qalıb. Hücumlar nəticəsində qəzetin saytı bir neçə dəfə tamamilə dağılıb, qəzet üçün yenidən sayt yaratmaq məcburiyyətində qalmışıq. Sonuncu dəfə qəzetin yeni saytı bu ilin əvvəlində işə salınıb. Lakin az keçməmiş yeni sayta da hücumlar qeydə alınıb.
“Azadlıq”ın saytı iki domen üzərindən yayımlanır – www.azadliq.info və www.azadliq.az. Bu ilin aprel ayında haker hücumu ilə www.azadliq.az ünvanı iki dəfə dağıdıldı və bu ünvandakı səhifəyə mənəviyyata və əxlaqa zidd video görüntülər yerləşdirildi. Hər iki halda “Azadlıq”ın domenlə yazışmalar apardığı elektron poçtuna onun şifrəsini sındırmaqla müdaxilə olub və domen saxta məktubla başqa, həmin mənəviyyatsız və əxlaqsız görüntülərin yerləşdirildiyi ünvanlara yönləndirilib.
“Azadlıq” qəzetinin hakimiyyətə qarşı sərt tənqidi mövqeyi və hakimiyyətin azad sözə, tənqidçi jurnalistikaya münasibəti bütün bu hücumların arxasında siyasi sifarişin və Azərbaycan hakimiyyətinin sərəncamında olan xüsusi xidmət qruplarının dayandığına şübhə yeri qoymur.
Görünür, bu cür açıq müdaxilənin “Azadlıq”a qarşı kiber-təxribatların məhz hakimiyyətdən qaynaqlandığını daha çılpaq formada göstərdiyi dərk olunduğundan, bir qədər sonra hücumun taktikası dəyişdi. Süni yükləmələr hesabına saytın server bağlantısı ağırlaşdırıldı ki, bu da istifadəçilərin saytı ziyarət etməsini çətinləşdirməklə, sayt üçün istifadəçi itkisinə gətirib çıxardı.
Aylardır davam edən kiber-hücumun nəticəsi olaraq, son günlərdə sayta daxil olmaq əhəmiyyətli dərəcədə çətinləşdi, bəzi hallarda isə ümumiyyətlə mümkün olmadı. Saytın fəaliyyətinə nəzarət edən əməkdaşlarımızın bütün profilaktik tədbirlərinə baxmayaraq, sayta girişi tamamilə dayandırmağa yönəlmiş bu kiber-hücumun qarşısını almaq olmadı. Sentyabrın 5-i saat 22 radələrində saytın server bağlantısı tamailə kəsildi. Saytın fəaliyyətini bərpa etmək üçün aparılan çalışmalar deməyə əsas verir ki, hücumun xarakteri süni yükləmələr, yaxud başqa hücum metodları ilə serverin iş rejimini pozmaqdır.
“Azadlıq” qəzeti hazırda saytın bərpası üçün çalışmaların davam etdiyini bildirməklə yanaşı, bəyan edir ki, baş verənlərə görə bilavasitə siyasi hakimiyyəti sorumlu bilir. Hakimiyyətin leqal və ya qeyri-leqal kiber-qrupların əli ilə yayılmasını istəmədiyi internet resursları hədəf aldığı yeni xəbər deyil. Müxtəlif saytlardan tutmuş müxalifət fəallarının facebook profillərinə qədər bir çox internet resursları indiyə qədər belə hücumlarla sıradan çıxarılıb.
Azərbaycan hakimiyyəti, şəxsən ölkə başçısı xüsusən də beynəlxalq birlik qarşısında Azərbaycanda internetin azad olduğunu təkrarlamağı xoşlayırlar. Lakin təkcə “Azadlıq” qəzetinin saytına olan hücumlar Azərbaycanda internet azadlığının da, ümumən söz və mətbuat azadlığı kimi, sadəcə kağız üzərində və dövlət rəsmilərinin bəyanatlarında mövcud olduğunu deməyə əsas verir.
“Azadlıq” qəzeti Azərbaycan hakimiyyətini beynəlxalq birlik qarşısında götürdüyü öhdəliklərə əməl etməyə və söz azadlığını boğmaq, internet resurslarına qanunsuz müdaxilə və onları nəzarətdə saxlamaq siyasətindən əl çəkməyə çağırır.
“Azadlıq” qəzeti həmçinin, demokratik dünya ictimaiyyətini və beynəlxalq birliyi Azərbaycan hakimiyyətinin yazılı və elektron mediada olduğu kimi, internet üzərində də senzura yaratmaq, arzulamadığı informasiya vasitələrini sıradan çıxarmaq siyasətini durdurmaq üçün ona təzyiqləri artırmağa səsləyir.