Bazar yanarsa...

bazar-yanarsa
Oxunma sayı: 2389

Xuraman Hüseynzadə

Əlimizə, ayağımıza qonan ağcaqanadları qova-qova yayın istisindən, bürküsündən gileylənirdik. Qəfil başımızın üstünü alan qaraltını görüb şükür etdik ki, buludlar gəldi, yəqin tezliklə yağış yağacaq. Biz də bu istidən, bürküdən xilas olacağıq. Sonra başımızın üstündən burula-burula ulduzlara tərəf sürünən həmin qaraltının bulud olmadığını gördük. Sevincimiz elə burda da bitdi. Evimizin qarşısında yanğın vardı...

Ardınca yanğınsöndürən və polis maşınlarının o dəhşətli səsi başladı. Və qonşular bayıra çıxdı. Maşın bazarı yanırdı...

Eşitdik ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin iyirmiyə yaxın yanğınsöndürən maşını cəlb olunub. Yanğının söndürülməsi üçün iş gedir.

Yaxşı ki, gecə idi, orda çalışanların iş vaxtı deyildi...

Maşın bazarı evimizin qarşısındadı. Bazarda çörək pulu qazananların işinin çətinliyini döyəclədikləri dəmir-dümür səsindən hiss edirik həmişə. Hər gün oranın sakinlərini görürük. Üst-başları mazutlu, əllərindən, gözlərinin işığından zəhmət yağan həmin kasıb təbəqə ailəsinə, balasına çörək aparmaq, onları ac qoymamaq üçün nə qədər zəhmət çəkir, biz bilirik.

Səhər açılandan axşam düşənə qədər çətinlikdən, əziyyətdən qorxmadan çalışırlar. Bir növ qonşularımız olan həmin zəhmətkeş insanları halallığın rəmzi hesab edirik.

Səyyar satış mağazalarının işçiləri, ustalar, fəhlələr yayın bu cırhacırına əhəmiyyət vermədən gecələrini gündüzə qatıb çalışırlar.

Əraziyə gələn yanğınsöndürən və polis maşınları elə bil bu sualı hayqırırdı: Necə olacaq bu insanların taleyi?

Məsuliyyətsizlikdir, ya qəzavü-qədər?! Hələ bilinmir.

Bilinsə belə, bu, nəyi dəyişəcək? Kim aparıb o zəhmətkeşlərin balasına çörək verəcək?

Tək bir həqiqəti bilirik: Olan yenə kasıba oldu...