“Azərbaycan 2014-cü ildə müharibə etməyə hazırlaşır”

azerbaycan-2014-cu-ilde-muharibe-etmeye-hazirlasir-
Oxunma sayı: 643

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bu sözləri Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Kirakosyan keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Azərbaycan tərəfinin provakasiyası narahatlıq yaradır, lakin bu o demək deyil ki, Qarabağa qarşı müharibə yenilənəcək. Kirakosyan qeyd edib ki, Azərbaycan tərəfinin Ermənistan sərhədində diversiya hərəkətləri ABŞ dövlət katibi Hillari Klintonun Cənubi Qafqaz səfərini etibardan salmaq, həmçinin Ermənistanı zəif kimi göstərmək məqsədi daşıyıb.

Kirakosyan cəbhədə baş verən son hadisələri və erməni əsgərlərinin ölümünü Azərbaycanda daxili problemlərin həllinə yönəlmiş addım hesab edib. Azərbaycanın Müdafiə Nazirliyinin “istəsək işğal olunmuş torpaqları 10 gün ərzində qaytara bilərik” konteksində məlum bəyanatına politoloq münasibət bildirib: “Təəssüf ki, Bakıda heç kim soruşmadı ki, əgər lazımi imkanlar mövcuddursa, bəs istək niyə yoxdur?”. Ekspert onu da əlavə edib ki, Azərbaycan tərəfinin aqressiyası onu göstərdi ki, o, Qarabağ məsələsində dinc danışıqlar prosesindən məmnun deyil. Və bu ancaq Ermənistan və Arsaxa (Qarabağ) deyil, həmçinin ATƏT Minsk qrupuna, ümumilikdə qərbə ünvanlanmışdı: “Daha dərindən yanaşsaq, Azərbaycan göstərməyə çalışdı ki, hərbi nöqteyi-nəzərdən güclənir”.

Kirakosyan ötən həftə İsrailin Azərbaycanla ikinci böyük silah əməliyyatı aparması ilə bağlı açıqlamasını xatırladıb: “Azərbaycan ordusunda yeni hərbi plan var – 2014-cü ildə müharibəyə hazırlaşır. Bu, ilk növbədə atəşkəs rejimi ilə bağlı razılaşmanın 20 illiyi ilə, ikincisi neft ehtiyatlarının tükənməsi, həmçinin Soçidə keçiriləcək Olimpiya oyunları ilə əlaqədardır. Azərbaycan böyük diplomatik təzyiq göstərilməsi üçün müharibə təhdidindən istifadə edə bilər. Beynəlxalq ictimaiyyətə ünvanlanan ismarıc bununla nəticələnir ki, əgər siz 2014-ə qədər münaqişəni həll etməsəniz, mən müharibə edəcəm.”
Ekspert onu da vurğulayıb ki, hazırda Azərbaycan müharibəyə hazır deyil və əgər indi başlasa uduzacaq.

Soçi Olimpiya oyunlarının Azərbaycanın müharibəyə başlamaq istəyi ilə əlaqəsini izah edən Kirakosyan qeyd edib ki, bu əsas faktor deyil, lakin Rusiyanın mümkün reaksiyası nəzərindən müharibənin oyunlardan əvvəl, yoxsa sonra başlanması həlledici məsələdir: “Əgər Azərbaycan Soçi Olimpiya oyunlarına qədər müharibəni başlasa, Rusiyanın reaksiyası daha məhdud olacaq. Belə ki, onun üçün bu oyunlar daha mühümdür. Yaxud Azərbaycan Pekində Olimpiya oyunlarına təsadüf edən rus-gürcü müharibəsini nümunə götürərək bu addımı atsa, beynəlxalq ictimaiyyətin diqqətini yayındıra bilər”.
Ekspert onu da əlavə edib ki, bu planın mövcud olması hələ o demək deyil ki, işə yarayacaq və 2014-cü ilə kimi dəyişikliklərə məruz qalmayacaq.

Kirakosyan Ermənistana Azərbaycan tərəfindən hücumların olunmasını beynəlxalq ictimaiyyətin bu ölkəyə silah satışına embarqo qoyulması ilə nəticələnə biləcəyini deyib. O, eyni zamanda bu ölkəyə silah satan İsrail, Cənubi Afrika, Pakistan və sair kimi ölkələrin təzyiqlərə məruz qala biləcəyini də vurğulayıb. Onun fikrincə, Azərbaycanı cəzadan xilas edən yeganə faktor neft və coğrafi məkandır.

Ermənistanın isə müharibəyə tam hazır olduğunu deyən politoloq ölkəsinin yeganə, “mühüm və təhlükəli” zəifliyini mill təhlükəsizlik olaraq qiymətləndirib: “Bu, milli təhlükəsizlik sahəsində qərarların qəbul olunması problemidir. Təhlükəsizlik Şurasının katibi siyasətçi deyil, peşəkar olmalıdır”.

Səidə