Azərbaycan-Amerika Alyansından Xocalı həqiqətlərini dünyaya çatdıran kampaniya

azerbaycan-amerika-alyansindan-xocali-heqiqetlerini-dunyaya-catdiran-kampaniya-
Oxunma sayı: 805

Azərbaycan Amerika Alyansının (AAA) Xocalı soyqırımı ilə bağlı keçirdiyi kampaniya 100 milyonlarla insanı əhatə edir və ümumilikdə silsilə tədbirlərdən ibarətdir. Kampaniya çərçivəsində Nyu-York və Vaşinqtonun mərkəzi küçə, vağzal və metro stansiyalarında poster və bannerlerdən tutmuş ABŞ konqresmenlərinin bəyanatları, Xocalı soyqırımına həsr olunmuş film və digər təbliğat tədbirləri həyata keçirilir.

“Washington Post”, “New-York Times” qəzetlərində 26 fevral sayının bütov bir səhifəsi Xocalı soyqırımına həsr olunacaq. Həmçinin “Washington Post”, “New-York Times” və “Politico” dərgilərinin internet səhifələrində 1 həftə müddətində Xocalı soyqırımı ilə bağlı pop-up yerləşdirəcək. Təkcə bu pop-up vasitəsilə bu saytları ziyarət edən 10 milyona yaxın insana xocalı həqiqətləri çatdırılacaq.

Fevralın 23-dən etibarən AAA küçə, poster və digər aksiyalar vasitəsilə azərbaycanlılara qarşı yönəlmiş cinayət haqqında dünyanın iqtisadi mərkəzi olan Nyu-York və siyasi mərkəzlərindən biri olan Vaşinqton sakinlərini məlumatlandıracaq. Nyu York şəhərinin ən böyük dəmiryolu vağzalı olan “Penn Station”-da, vağzalın giriş və çıxış qapıları və müxtəlif köşələrində, o cümlədən metro stansiyalarında xüsusi posterlər yerləşdirilib. Həmçinin avtobus dayanacaqlarında və avtobusların üzərində bannerlər yaöışdırılıb. Vaşinqton şəhərində 400-dən çox metro qatarlarında, o cümlədən 95 metro stansiyasında, “Capitol Hill”-ə gedən avtobuslarda posterlər yerləşdirilib. Yalnız bu tədbirlərlə kampaniya müddətində ən azı 50 milyondan artıq insanın bu poster və bannerləri görməsi gözlənilir.

Həmçinin Xocalı soyqırımını daha böyük müstəviyə, ABŞ-ın xarici siyasətində prioritet məsələlər dairəsinə çıxarmaq üçün AAA-nın saytında xüsusi bölmə yaradılıb. Milliyətindən və vətəndaşlığından asılı olmayaraq hər bir kəs bu bölməyə daxil olaraq ABŞ prezidentinə və konqresmenlərinə “Dağlıq Qarabağ münaqişəsinin həlli ABŞ-ın xarici siyasətində yüksək prioritetə malik olmalıdır ” adlı məktub göndərə bilərlər. Saytda həmçinin Xocalı hadisələri ilə bağlı geniş məlumatlar öz əksini tapır.

“Bildiyimiz kimi, bu il Xocalı soyqırımının 20-ci ildönümüdür. Artıq o dəhşətli qətliamdan uzun zaman keçsə də, Azərbaycan xalqı ağrılı gününü heç vaxt unutmayacaq. Azərbaycan Amerika Alyansı təsis olunarkən qarşısına qoyduğu əsas hədəflərdən biri də elə azərbaycançılıq, əxlaqi dəyərlərimizi, tariximizi yaymaq və dünyaya çatdırmaqdır. Məhz Xocalı həqiqətlərini, azərbaycanlılara qarşı yönəlmiş etnik təmizləmə siyasətini dünya ictimaiyyətinə çatdırmaq üçün Azərbaycan Amerika Alyansı bu kampaniyaya başlayıb. Kampaniya bir neçə mərhələdən ibarətdir. Tədbirlər ardıcıl olaraq bir neçə həftə ərzində ABŞ-ın müxtəlif küçələrində, insanların çox toplanan yerlərində keçiriləcək. Bundan başqa posterlər yapışdırılacaq və soyqırım haqqında məlumatlandırıcı kitabçalar paylanacaq”,-deyə AAA-nın təsisçisi Anar Məmmədov Xocalı soyqırımı ilə əlaqədar ABŞ-da keçirilən kampaniyanı şərh edərkən bildirib.

1992-ci il fevral ayın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etmiş və azərbaycanlılara qarşı soyqırım aktı həyata keçirmişdilər. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb.